Qarabağı qaytarmaq üçün böyük şansdır
“Avrasiya
İqtisadi İttifaqının təhlükəli birlik və ya ideologiya olduğunu düşünmürəm. Bu,
sadəcə alternativdir və bütün hallarda dünya qütbləşməsində alternativlərin
mövcudluğu balanslaşmaya daha ciddi təsir edir”.
Bu sözləri axar.az-a
açıqlamasında BAXCP sədrinin ictimai-siyasi məsələlər üzrə müavini Niyaməddin
Orduxanlı Avrasiya İqtisadi Birliyi və Azərbaycanın bu birliklə münasibətlərini
şərh edərkən bildirib. Onun sözlərinə görə, Qərblə Rusiya arasında
münasibətlərin gərginləşməsi əslində dünya düzəmində yeni siyasi-iqtisadi
münasibətlər formulunu meydana çıxarır:
“Rusiya
bütün hallarda iddialarından bir addım geri durmağa və Qərbin alternativi
olaraq meydana çıxmaq üçün ədalət prinsiplərinə daha artıq meyl etməyə
məhkumdur. Həmçinin, bu birliyin təsisçiləri olan Qazaxıstan və Belarusiyanı da
unutmayın. Qazaxıstan Astanadakı təsis yığıncağında Azərbaycan Prezidenti İlham
Əliyevin mövqeyini ortaya qoydu və Azərbaycanın haqqını Rusiyanın susması ilə
təsdiqlədiyini müşahidə etdik. Deməli, Avrasiya İttifaqının lideri olan Rusiya
bu vaxta qədər sərgiləmədiyi münasibəti ortaya qoymağa məhkumdur”.
Rusiyanın
Krımı anneksiyasının və hazırkı aqressor siyasətinin Avrasiya İttifaqında davam
edəcəyinə şübhə ilə yanaşdığını bildirən N.Orduxanlı məsələyə daha geniş
geosiyasi vəziyyətdən baxmağın tərəfdarıdır:
“Avrasiya
İttifaqının təsisçilərindən digəri – Belarusiya Prezidenti Lukaşenko Ukrayna
prezidentinin andiçmə mərasimində iştirak etdi və Ukraynanın ərazi bütövlüyünü
dəstəklədiyini bildirdi. Rusiyada isə buna qarşı hər hansı aqressiv münasibət
göstərmədi.
Məsələ isə
daha dərinlərə gedib çıxır. NATO və Avropa Birliyinin şərqə doğru genişlənməsi
bəzən ciddi hərbi təbəddülatlar və kataklizmlərlə, dövlət və xalqların
hüquqlarının kobud surətdə pozulması ilə müşahidə olunur. Maydanda Qərb
strateqləri işləyirdi, Rusiya kimi nəhəng bir dövlət isə əhalisinin yarısı rus,
yarısı isə qardaş ukrayn olan Ukraynanı itirməklə əlbəttə barışa bilməzdi. Bu usta
siyasətin öhdəsindən gələ bilməyən Putin son addıma əl atdı. Baltikyanından
başlayaraq, Gürcüstana qədər NATO Rusiyanı üzük qaşı kimi dövrəyə alıb. Bir
anlıq Rusiya ambisiyaları ilə düşünün: necə qərar verərdiniz?”
Birqütblü
dünyanın Liviyadan Suriyaya qədər bir cəhənnəm yaratdığını bildirən
N.Orduxanlının fikrincə, SSRİ zamanında bu cür fəlakətləri təsəvvür belə etmək
olmazdı:
“Söhbət
SSRİ-dən, ya hansısa imperiyadan getmir, söhbət dünyanın ikiqütblü olmasından
gedir. İkiqütblü dünya daha ədalətli düzən reallığı ortaya çıxır.
Bu baxımdan,
Avrasiya İttifaqına daha ciddi yanaşmağın tərəfdarıyam. Xatırlayırsızsa, hələ
bir ay öncə BAXCP olaraqsədrimiz Qüdrət Həsənquliyev “Qarabağ problemini
Azərbaycan xalqına yaradan Rusiya ilə danışıqlar masasına oturmalıyıq”
təşəbbüsü ilə çıxış etmişdi. Azərbaycan geostrateji mövqeyinə və enerji
potensialına görə cəlbedici ölkədir və bu ölkə də həqiqətini istəyir. Bizimlə
danışıqlar masasına oturan və öz geosiyasi maraqlarının təmin olunmasına
çalışan istənilən güc bizim həqiqətimizi də etiraf etməli və bu işdə yardımçı
olmalıdır. Kimdir bu güc?”
N.Orduxanlının
fikrincə, alternativin meydana çıxması Qərbi düşündürür artıq:
“Türkiyə
rəsmi şəkildə bildirdi ki, Avropa Birliyinə üzvlükdə yenə maneə yaradılacaqsa,
biz Avrasiya İttifaqı haqqında düşünməyə məcbur olacağıq. Söhbət Avrasiya
İttifaqına Türkiyənin qoşulmasından getmir, söhbət Qərbin ciddi risk qarşısında
başqa dövlətlərin ədalətini qorumasından gedir. Bir xristian klubu olaraq
xarakterizə edilən və onillərdir Türkiyəni sıralarına almayan Avropa Birliyi
nəhayət Avrasiya İttifaqını görməlidir ki, hegomon iddialarından bir addım geri
dursun.
Bu baxımdan
Avrasiya İttifaqına alternativ və digər ölkələrə seçim imkanı yaradan qurum
kimi yanaşmaq lazımdır. Ona görə də Avrasiya İttifaqına nəinki qorxulu kabus,
hətta geniş manevr və ədalətimizin təmini yolunda mümkün şərait kimi baxıb,
vəziyyəti qiymətləndirə bilərik”.
N.Orduxanlı
Rusiya ilə iqtisadi-siyasi bağları da unutmamağa çağırıb:
“Rusiyada
çoxsaylı soydaşımız biznes fəaliyyəti ilə məşğul olur. Türk dövlətləri də ərazi
baxımından Avrasiya İttifaqının çevrəsinə düşür. Buna görə də 5 türk
prezidentinin Bodrum məsləhətləşmələrini də gözardı etmək olmaz. Bütün bu
strateji hədəfləri düşünməklə, Rusiya ilə danışıqlar masasına oturmalıyıq.
Digər
tərəfdən, bir məsələni də anlamalıyıq. Bizim Ermənistanla danışıqlarımız 20
ildir ona görə nəticəsizdir ki, “qarşı tərəf” kimi qeyri-müəyyən bir dövlət
çıxış edir. Yəni əslində Dağlıq Qarabağ probleminin arxasında Ermənistan
dayanmayıb, Rusiya dayanıb. Biz də Ermənistanla yox, Rusiya ilə danışmalıyıq və
yalnız onda bu danışığın bir bəhrəsi ola bilər”.
Orduxanlı
Azərbaycanın Avrasiya və Gömrük İttifaqının üzvü ola biləcəyini xüsusi
vurğulayıb:
“Amma bundan
öncə Dağlıq Qarabağ və ətrafındakı 7 rayon məsələsi həll olunmalıdır. Əgər
Rusiya bizim istədiyimizi etməyəcəksə, yəni Qarabağı qaytarmayacaqsa, biz də bu
ittifaqlara daxil olmayacağıq. Məsələnin mahiyyəti budur! Özləri də yaxşı bilir
ki, Dağlıq Qarabağ probleminin həlli Rusiyadan asılıdır. Bu gün ABŞ, Avropa
Birliyi istəyir ki, Rusiya Qarabağı alıb Ermənistana birləşdirsin və
Azərbaycanla Rusiya əbədi düşmən olsun. Bu halda bizim Qərbdən yapışmaqdan
savayı yolumuz qalmır. Qərb Azərbaycana Rusiyanı əbədi düşmən etmək istəyir.
Neçə ki, Qərb bunu Ukraynada edə bildi. Bu gün Rusiya ilə Ukraynanı düşmən edən
Qərbdir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=8403