Məleykə Abbaszadə saxtakarlıq və korrupsiyada ittiham olunur
Tezliklə ali məktəblərə qəbul imtahanları başlayır. Bəziləri
ciddi-cəhdlə bu sınağa hazırlaşır, digərləri isə yeni manipulyasiyalara
və pul yeyintisinə…
Test imtahanları müstəqil Azərbaycanın ən böyük nailiyyətlərindən
sayılsa da son illər onu da eybəcər hala salıblar. İmtahanlar ərəfəsində
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə
Abbaszadənin ünvanına yenə də ittihamlar səslənir. Onu test
imtahanlarının nəticələrini saxtalaşdırmaqda suçlayırlar. Xanım
Abbaszadəni bu dəfə çoxdankı düşməni, keçmiş təhsil naziri Misir
Mərdanov yox, elə TQDK-nın sabiq yüksək rütbəli əməkdaşı ittiham edir.
Onunla söhbəti təqdim etməzdən əvvəl cəmiyyətdə TQDK ilə bağlı
səslənən bəzi ittiham və iradları xatırlatmaq istərdik. Belə fikirlər
var ki, qəbul imtahanları ilə bağlı heç də hər şey şəffaf deyil.
Məsələn, ictimai rəydə belə fikirlər dolaşır ki, yol polisinin, iş
adamlarının, tacirlərin “öz proqramları” olduğu kimi TQDK-nın da “öz
proqramı” var, düymə də öz əllərindədir, istədikləri anda 70-i 700-ə
çevirə bilərlər və s.
TQDK-nın və Abbaszadə komandasının qəbul imtahanlarının nəticələrinə
bilavasitə təsir göstərmək imkanlarının böyük olmasını az qala hər il
eşidirik. Bəs bu fikirlər doğrudurmu?
Virtualaz.org saytı bu sualla tələbə qəbulu
sahəsinin peşəkarına – informasiya-kommunikasiya texnologiyaları üzrə
ekspert, TQDK-nın imtahanların təşkili sektorunun keçmiş müdiri Fərman
Abdullayevə müraciət edib.
“Cəmiyyətdə tələbə qəbulu ilə bağlı yaranan şübhələr heç də əsassız
deyil. TQDK çərçivəsində fəaliyyət göstərən (balların hesablanması,
abituriyentlərin imtahan günü auditoriyalarda yerləşdirilməsi, cavab
kartları, tələbə adını qazanmış abituriyentlərin ali məktəblər və
ixtisaslar üzrə bölünməsi və s. işləri həyata keçirən) bütün kompüter
proqramları Nazirlər Kabinetinin 2010-cu ilin mayında verilən “Dövlət
informasiya resurslarının reestrizasiyası qaydaları haqqında” qərarına
uyğun olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin operatorunun
nəzarətinə verilməlidir. Amma təəssüf ki, bu, bizdə hələ də edilməyib.
Nazirlər Kabinetinin həmin qərarının tələblərinə görə, tələbə qəbulu
işinə müstəqil ekspertlər də cəlb olunmalıdır. Həmin ekspertlər də
TQDK-nın istifadə etdiyi proqramların həqiqiliyini və ciddi ictimai
nəzarət altında tam şəkildə, tam gücü ilə fəaliyyət
göstərib-göstərmədiyini yoxlamalıdır. Bu tələbin TQDK tərəfindən yerinə
yetirilməsindən isə söhbət belə gedə bilməz. Çünki belə monitorinqlər
praktiki olaraq aparılmır. Daha dəqiq desək, belə monitorinqləri nəzərdə
tutulduğu şəkildə aparmaq mümkün deyil. Ona görə mümkün deyil ki,
TQDK-nın hər bir abituriyentin imtahan prosesini necə keçdiyini, onun
cavab kartlarını və buna uyğun olaraq da topladığı balları ictimai
nəzarətçilərə açıq-aşkar təqdim etmək gücündə olan aydın və əyani
proqramı yoxdur” – deyə F.Abdullayev bildirir.
Ekspertin sözlərinə görə, belə proqramın olmaması da
manipulyasiyalara yol açır: “Bu çatışmazlıq TQDK-nın istənilən
nümayəndəsinə abituriyentlərin ali məktəblərə yerləşdirilməsi zamanı
manipulyasiya etmək, onların ballarını artırıb-azaltmaq üçün geniş
imkanlar açır. Düyməni bircə dəfə basmaq kifayətdir ki, 120 bal toplayan
abituriyentin ekrandakı adının qarşısında məsələn, 520 bal yazılsın”.
F.Abdullayev bildirir ki, buna əmin olmaq üçün TQDK-nın saytının
skrinşotuna baxmaq kifayətdir: “Orada komissiyanın reyestrə daxil
edilmiş proqramı əks olunub. Bu proqram heç nəyi həll eləmir, yəni
əhəmiyyəti yoxdur. Burada isə ortaya belə bir sual çıxır: TQDK illərdir
əsasında işlədiyi, yəni bizim uşaqların taleyini həll edən proqramları
niyə təqdim etmir?
Bu da həmin skrinşot:
Tələbə qəbulu prosesinin uzun illər ərzində oturuşmuş bu qeyri-şəffaf
mexanizmi yalnız məmurları qane edir. Gənc nəslin taleyi onları əsla
maraqlandırmır. Subyektivliyi, şəxsi iradəni, müdaxilə imkanlarını,
yumşaq desək, vicdansızlığı rədd edən proqramlar bu adamların maraq
dairəsinə daxil deyil. Onlar iddia edirlər ki, “belə proqramlar hələ
işlənib hazırlanmayıb, hər şeyin internetdə göstərilməsini təmin etmək
proqramçılar üçün çox çətindir” və s. Amma yalan deyirlər. Məsələn,
Türkiyədə hər şeyi şəffaf göstərən proqramları çoxdan sınaqdan
çıxarıblar və neçə illərdir tətbiq edirlər. Hər il tələbə qəbulu zamanı
cəmiyyətdə dolaşan inamsızlıq dolu şayiələri, pis fikirləri, şübhələri
aradan qaldırmaq gücündə olan bu təcrübəni götürüb bizdə də tətbiq etmək
elə də böyük zəhmət və xərc tələb etmir”.
TQDK-nın sabiq şöbə müdiri haqqında bəhs etdiyi bu nöqsanlarla bağlı
hələ bu qurumda çalışanda dəfələrlə məsələ qaldırdığını deyir: “Mən hələ
TQDK-da işləyəndə ali dövlət instansiyalarına konkret təkliflər paketi
ilə müraciət etmiş, qəsdən yaradılan bu durumu aradan qaldırmaq
yollarını göstərmişdim. Bu çatışmazlıqlar barədə komissiyada işləyəndə
də tez-tez danışır və fikirlərimi arqumentlərlə əsaslandırırdım. Onu da
deyim ki, komissiya rəhbərliyi mənim dediklərimə həvəslə qulaq asır,
irad və təkliflərimi qəbul edir və onları… iri stolların siyirmələrinə
tullayırdı. Yazdığım bütün məktublar və təkliflər bu aqibətlə üzləşdi.
Yuxarı instansiyalara yazdığım məktubu baxılması üçün yenidən TQDK-ya
qaytardılar. TQDK rəhbərliyi isə mənə belə əzabverici tonda, kinayə ilə
cavab verdi ki, elə biz özümüz də bu dəqiqə həmin məsələnin üzərində
işləyirik… Məncə, tələbə qəbulundakı qeyri-şəffaflıq, TQDK-nın
fəaliyyətindəki dumanlı məqamlar barədə çox vaxt haqlı olaraq yayılan
bir çox şayiələrin kökünü birdəfəlik kəsmək üçün elə də çox şey tələb
olunmur. Bu məsələ ilə dövlət səviyyəsində maraqlanmaq və azacıq
inzibatçılıq iradəsi göstərmək kifayətdir”.
Virtualaz.org
Short URL: http://www.cumhuriyyet.net/?p=8417