ABŞ yenidən İraqa qayıda bilər
Suriyanın şimalında bəzi bölgələrə və
İraqda Fellucəyə nəzarət edən İraq-Şam İslam Dövləti (İŞİD) İraqın
neftlə zəngin olan Mosul şəhərini də tamamilə ələ keçirib.
Publika.az-ın
xarici mətbuata istinadən verdiyi məlumata görə, İraq təhlükəsizlik
gücləri sayı 3 minə qədər olan İŞİD silahlılarının hücumu zamanı
formalarını çıxararaq qaçıb.
Minlərlə adam kürd bölgəsinə qaçmağa çalışır. ABŞ isə İraqa yardım təklif edib.
Hücum zamanı Mosuldakı bir istilik elektrik stansiyasını da ələ
keçərən İŞİD stansiyaya mazut daşıyan 28 türk sürücüsünü girov götürüb.
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan məlumatları dəqiqləşdirdikdən
sonra atılacaq addımların müzakirə ediləcəyini deyib. Dünən əldə olunan
ilkin məlumatlara görə, girov götürülən sürücülərin hamısı sağdır.
İŞİD İraqın Anbar vilayətində aylardır ki, davam etdirdiyi hücumları
şimala keçirib. İŞİD-in ölkənin ən böyük ikinci şəhəri olan Mosulda hava
limanı, hərbi baza, hökumət və təhlükəsizlik binalarını ələ keçirdiyi
bildirilir. Şimali İraq kürd muxtariyyətinin peşmerge güclərini göndərmə
təklifini rədd edən İraqın naş naziri Nuri Əl-Maliki parlamentdən
fövqəladə vəziyyətin elan edilməsini istəyib. Suriyada “Əl-Nüsra”
Cəbhəsi ilə anlaşılmazlıq üzündən “Əl-Qaidə”dən ayrılan İŞİD Mosulu ələ
keçirdikdən sonra xalqa müraciətində “şəhəri azad etməyə gəldik. Bizimlə
döyüşməyənlə döyüşməyəcəyik” deyib. Məlumatlara görə, bölgədən böyük
qaçış başlayıb.
İŞİD bölgənin ən əhəmiyyətli hərbi bazası olan şəhərin qərbindəki
Gizani hərbi düşərgəsini də ələ keçirib. Təhlükəsizlik gücləri hücum
başlamadan əvvəl düşərgəni boşaldıb və hərbi təyyarələri başqa yerə
aparıb. Ancaq bütün digər silahlar İŞİD-in əlinə keçib. Keçən həftədən
başlayaraq Ninəvə, Anbar, Diyalə, Səlahəddin və Bağdad vilayətlərində
hücumları artıran İŞİD Samaranın bəzi bölgələrini də ələ keçirib.
İraqın Səlahəddin vilayətinin Tuzhurmatu mahalında yaşayan minlərlə
türkmən evlərini tərk edir. Mahalın bəzi kəndləri İŞİD-in nəzarətinə
keçib. İraqlı bir polis məmuru Kərkükdə də bəzi bölgələrin İŞİD-in
nəzarətinə keçdiyini bildirib.
İŞİD əhalisi 2 milyona çatan, zəngin neft yataqlarının olduğu Mosul
şəhərinin kənarında 7-8 ildir ki, məskən salıb. Təşkilat yoxsul sünni
əhalidən döyüşçü yığır, biznesmenlərdən vergi toplayır. Mərkəzi hökumət
ordu və polisdəki məzhəb tarazlığını yaratmaq üçün sünnilərə 3 minlik
yer acıb. Amma yalnız 50 nəfər müraciət etdi. Bunun səbəbi isə İŞİD
qorxusudur.
Short URL: http://www.cumhuriyyet.net/?p=8445