Ermənilər hərəkətə keçdi
Naxçıvandan daha bir həyəcanlı xəbər: Sədərəkdə atışma gedir

Müdafiə Nazirliyi: “Əməliyyat şəraiti Silahlı Qüvvələrin tam nəzarəti altındadır”
Müdafiə Nazirliyi Naxçıvanla
Ermənistan sərhədində atışmanın olması xəbərlərini təkzib etsə də yerli
sakinlərin virtualaz.org saytına verdiyi məlumat bunun əksini deyir.
Sədərək rayonunda yaşayan sakinlərin bir neçə dəqiqə əvvəl
virtualaz.org saytına verdiyi məlumata görə, hazırda ərazidə atışma
səsləri eşidilir.
“Sədərəyin sərhədə yaxın olan kəndlərin bəzilərində evlər
boşaldılıb. Bundan əvvəl də bölgədə atışma olurdu. Amma indiki kimi yox.
Hazırda hamı narahatlıq içindədir” – deyə Sədərək sakinləri bildirir.
*****
16:44
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini İsa İsmayılovun
musavat.com-a verdiyi məlumata görə, hazırda Naxçıvan istiqamətində
hərbi vəziyyət tam sabitdir: “Naxçıvanda hərbi vəziyyətin gərginləşməsi
ilə bağlı məlumatlar əsassızdır. Hazırda
Naxçıvan istiqamətində hərbi vəziyyət tam sabitdir. Və əməliyyat şəraiti
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tam nəzarəti altındadır”.
*****
14:57
Xəbər verildiyi kimi, Naxçıvanın Sədərək, Culfa və Şahbuz
rayonlarında ermənilərlə şiddətli döyüşlər gedir. Naxçıvan üzrə
müxbirimiz Həkimeldostu Mehdiyevin musavat.com-a verdiyi məlumata görə,
ermənilər Culfanın Ləkətağ yüksəkliyini ələ keçirib və post qurublar.
Onun sözlərinə görə, əvvəllər bu yüksəklik neytral zona olub,
hər iki tərəf arasındakı anlaşmaya görə burada azərbaycanlı və erməni
çobanlar öz mal-qarasını sərbəst şəkildə otara bilər. Müxbirimizin
xəbərinə görə, artıq ermənilər neytral ərazidə posta qurublar,
çobanlarımız təhlükəni hiss edərək bu yüksəkliyi tərk ediblər.
“Hər iki tərəf arasında razılaşma beləydi ki, atışma olmasın,
Ləkətağda çobanlar mal-heyvanını otarsın. Bizimkilər birdən ayılıb ki,
Ləkətağ əldən gedir, ermənilər artıq orada postlar qurublar. Əhali
narahatdır. Təxminən, 1992-ci ildə Naxçıvanın Sədərək rayonundakı Mil
təpəsinin oxşar taleyini indi Ləkətağ yüksəkliyi yaşayır.
O zaman da Mil təpəsi neytral ərazi idi. Bu postu ermənilər ələ
keçirdilər, Naxçıvan xeyli sayda şəhid verdi. İndiyə qədər də Mil
təpəsində ermənilərin postu var və oraya nəzarət edirlər. Hazırda
Ləkətağda Mil təpəsində olduğu kimi ermənilər post qurub,”- deyə
müxbirimi qeyd etdi.
*****
Müdafiə Nazirliyi Naxçıvan Muxtar Respublikası Culfa rayonunun
Ləkətağ kəndinin ermənilər tərəfindən atəşə tutulmasına aydınlıq
gətirib.
“Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, yayılan məlumatların
heç bir əsası yoxdur və yalandır”. Bu barədə Simsar.az-ın sorğusuna
cavab olaraq Nazirlikdən məlumat verilib.
Bildirilib ki, hazırda bu istiqamətdə vəziyyət sabitdir və əməliyyat şəraiti Silahlı Qüvvələrin tam nəzarəti altındadır.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Culfa rayonunun
Ləkətağ kənd sakinlərinin Simsar.az-a verdiyi məlumata görə, ermənilər
rayonun Ləkətağ kəndini atəşə tutublar. Verilən xəbərə görə, kənd
sakinləri qonşu kəndlərə köçmək məcburiyyətində qalıblar.
Avropa.info məlumat verir ki, yerli sakinlərin verdiyi məlumata
görə, hazırda əraziyə Azərbaycan ordusuna məxsus 4 qırıcı və
tanklar cəlb olunub. Qırıcılar Ləkətağ kəndinin üzərində dövrə vurur.
*****
14:17
Naxçıvanda əsgərlər arxa cəbhədən yüksəklikdəki döyüş bölgələrinə qaldırılıblar.
Simsar.az-ın Naxçıvandakı hərbi mənbədən əldə etdiyi məlumata görə,
artıq bir həftədir ki, bütün əsgərlər həmin yüksəkliklərdə
möhkəmləndiriliblər. Buna səbəb ermənilərin intensiv olaraq
mövqelərimizi atəşə tutması və boşluq axtarmasıdır.
Hərbi mənbə ermənilərin Naxçıvana hücum etməsi faktını da
təsdiqləyib. Bildirilib ki, əgər ermənilər döyüş bölgəsində boşluq
tapsalar, Naxçıvana hücum edəcəklər. Lakin əsgərlərimiz hələ ki, onların
bu arzusunu ürəyində qoyub.
Ermənilərin nədən bu qədər fəallaşmasına da aydınlıq gətirilib.
Əsas səbəb ötən həftənin cümə axşamı Azərbaycan tərəfinə diversiya qrupu
ilə keçməyə cəhd edən erməni hərbçilərindən 2-sinin öldürülməsi olub.
Hazırda Sədərək, Culfa və Şahbuz rayonlarındakı döyüş bölgələrində
qızğın döyüşlər gedir. Ermənilər mövqelərimizi iri çaplı pulemyotlardan
atəşə tutsa da, əsgərlərimiz onların cavablarını verirlər. Atışma zamanı
yaralananların olması istisna edilmir.
Məlumatda bildirilib ki, xidmət müddəti başa çatmış əsgərlər buna
görə evə gec buraxılacaq: “Hələ ki, vəziyyət gərgindir, bu vəziyyətdə
təcrübəli əsgərləri evə buraxmaq olmaz”.
Qeyd edək ki, bu gün Culfa rayonunun Ləkətağ kənd sakinləri Simsar.az-a ermənilərin hücuma keçməsi xəbərini veriblər.
Musavat.com-un əməkdaşı bu xəbərin həqiqətə nə qədər uyğun
olub-olmamasını Müdafiə Nazirliyi vasitəsilə dəqiqləşdirməyə çalışıb.
Ancaq əməkdaşımızın bütün cəhdləri hələlik nəticəsiz qalıb. Çünki
əməkdaşımız Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif
Dərgahlıya məxsus telefon nömrələrinə israrla zəng etsə də, telefonları açan olmayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=8456