Oliqarxlara əsir düşən parlament

11.06.2014 - 12:26

Millət
vəkillləri qanun qəbulunda “yuxarılar”ın iqtisadi maraqlarından asılı qalıb

 

 

 

Ölkədə
böyük inhisarçılığın, korrupsiyanın olduğu heç kimə sirr deyil və uzun illərdi
bütün bunları sübuta yetirmək üçün kifayət qədər faktlar ortaya çıxıb. Milli Məclisin sosial siyasət komissiyasının
üzvü, tanınmış iqtisadçı Vahid Əhmədov “Reytinq” qəzetinə müsahibə verib və bu
istiqamətdə diqqətçəkən məqamlara toxunub.

Millət
vəkili bildirib ki, bugün ölkədə inhisar var və bunu gizlətmək lazım deyil.
Uzun illərdi Azərbaycanda Rəqabət Məcəlləsinin qəbul olunması dalana dirənib.
Vahid Əhmədov da etiraf edir ki, Rəqabət Məcəlləsini qəbul edə bilmirik: “Rəqabət Məcəlləsi gündəliyə salınıb, amma MM-in rəhbərliyi
tərəfindən müzakirəyə çıxarılmır ki, onu qəbul edək. Rəqabət Məcəlləsi Azərbaycan üçün çox vacib sənəddir.
Deyə bilmərəm ki, MM-in rəhbərliyi ölkədə inhisarçılığın qalmasına maraqlıdır.
Amma fakt odur ki, 7-8 il vaxt ötsə də qanun qəbul olunmur” – deyə Vahid Əhmədov
bildirib.

Bazar
iqtisadiyyatının əsas prinsiplərindən biri ölkədə rəqabət qabiliyyətli
istehsalın, iqtisadi sistemin formalaşdırılmasıdır. Rəqabət Məcəlləsi haqqında
qanunun qəbulu sahibkarlıq subyektlərinin
fəaliyyətinə süni şəkildə maneələri aradan qaldıra bilər. Bu isə, inhisarçı
oliqarxların maraqları ilə ziddiyyət təşkil edir. Vahid Əhmədov da müsahibədə
bildirir ki, əsas problemi iri inhisarçılar yaradır: “Hamı yaxşı bilir ki,
xırda sahibkarların inhisarçılıqla məşğul olması mümkün deyil. Yalnız iri
inhisarçılar hər yeri əhatə ediblər. Onlar istəmirlər ki, bu qanun qəbul
olunsun. Çünki, qanunun qəbul olunması, bazarda azad rəqabətin olması üçün şərait
yaradacaq”- deyə Vahid Əhmədov bildirib.

Millət
vəkili iri inhisarçıların kimliyi haqda konkret adlar çəkməyib və Azərbaycan
reallığında bu başa düşüləndir. Ancaq, heç kimə sirr deyil ki, ölkədə
inhisarçılıq ilk növbədə hakim ailədən başlanır. Jurnalist araşdırmaları sübut
etdi ki, Azərsun holdinqdən tutmuş, bank sektoruna qədər bütün sahələrə hakim ailə
rəhbərlik edir. Yaxud, idxal monopoliyasının Kəmaləddin Heydərovun nəzarətində
olması da heç kimə sirr deyil. Digər nazirlərin də nəzarət etdiyi sahələrlə
bağlı kifayət qədər faktlar var. Yəni, Rəqabət Məcəlləsinin qəbuluna əngəl törədən,
məhz yüksək vəzifə tutmuş şəxslərdi. Millət vəkili də etiraf edir ki, hətta
Oqtay Əsədov da qanunu müzakirəyə çıxara bilmir. Çünki, azad sahibkarlığın
qarşısına sədd çəkən hansısa sıradan şəxslər deyil ki, onlara qarşı mübarizə
aparılsın. Bu faktlar sübut edir ki, sahibkarlığın inkişafı, azad ticarətin şaxələnməsi,
bir neçə iri məmurun marqlarına qurban verilib.

“Rəqabət
haqqında” qanunun qəbul olunması çox vacibdir. Çünki bazar iqtisadiyyatının əsas
prinsiplərindən biri rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılmasıdır.
Eyni zamanda bu hüquqi mexanizmin yaradılması baxımından əhəmiyyətlidir.
“Istehsalla məşğul olan müəssisələr, xidmət sahələri rəqabət qabiliyyətli
olmalıdır. Bunu ona görə etmək lazımdır ki, həm inkişaf etmiş ölkələrin
iqtisadi sisteminə rahatlıqla inteqrasiya etmək imkanları yaransın, həm də
xarici bazarlarda rəqabətə tab gətirə biləcək mallar istehsal edək və ya xidmətlər
təşkil edə bilək. Rəqabət qabiliyyətimiz olmasa xarici bazar mövqelərimizi möhkəmləndirə
bilmərik, dayanıqlığımızı itirə bilərik.

Bugün
rəqabət haqqında qanunun qəbul olunması birinci şəxsin iradəsinə bağlıdır. Bəs
rəqabət qabiliyyətimiz yoxsa, iqtisadi müstəqilliyimizi hansı yolla qoruyub
saxlamalıyıq? Bu yol tutulmasa Azərbaycan əmtəə nişanlarını necə tanıda bilərik?
Ona görə də rəqabət qabiliyyətli iqtisadiyyat qurmaq başlıca hədəflərimizdən
biri olmalıdır. Bu yolda da “rəqabət haqqında” qanunun qəbul edilməsi
başlıca şərtlərdən biridir. Bu qanun qəbul edilməsi ilə, heç olmasa, hüquqi
baxımdan, təbii, yaxud da qeyri-təbii monopolistlərin, sahibkarların əl-qolunu
bağlayan əməllərinin qarşısını almaq olar. Əlbəttə, rəqabət qanununun qəbulu ilə
hər şey yoluna düşmür. Çünki, bu ölkədə qanunlar işləmir, məmur özbaşınalığı
var, vahid siyasi iradə yoxdur, vəzifə səlahiyyətlərindən sui-istifadə olunur,
məhkəmələr asılı durumdadırlar. “Antiinhisar siyasəti haqqında” qanunun
olmasına rəğmən, sahibkarların hüquqları kəskin şəkildə tapdanır. Normal ölkələrdə
olduğu kimi kompleks siyasi, inzibati, iqtisadi, hüquqi mexanizmlər işlənib hazırlanmalıdır
ki, sahibkarlar rəqabət qabiliyyətli istehsal qura bilsinlər. Konkret desək,
Ilham Əliyev istəmədiyi üçün, Rəqabət Məcəlləsi haqqında qanun qəbul olunmur.

 

Çingiz

Short URL: http://www.cumhuriyyet.net/?p=8459

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31