Telefon şantajı Ərdoğana nə vəd edir?
“Ərdoğana qarşı nə qədər kompromatlar
olarsa, baş nazirdə bir o qədər özünü müdafiə edəcək sözlər, hərəkətlər
və fəaliyyətlər olacaq”

olarsa, baş nazirdə bir o qədər özünü müdafiə edəcək sözlər, hərəkətlər
və fəaliyyətlər olacaq”
Bələdiyyə seçkiləri ərəfəsində Türkiyədə Gülən hərəkatı ilə AKP
hökuməti arasındakı gərginlik zamanı baş nazir Ərdoğanla oğlu Bilalın
telefon danışığı olduğu iddia edilən səs yazısının internetdə yayılması
geniş rezonansa səbəb oldu. Səs yazısında söhbət külli miqdarda nəğd
pulun gizlədilməsi üçün tədbirlərdən gedirdi. Lakin qısa müddət ərzində
bu səs yazısının saxta olduğu sübuta yetirildi. Bununla belə müxalifət
baş nazirə və onun ailəsinə qarşı yeni kompromat axtarışında idi.
AKP-nin bələdiyyə seçkilərində qələbə qazanması və baş nazir
Ərdoğanın prezidentlik iddiası Gülən hərəkatı-müxalifət birliyini
yenidən hərəkətə gətirdi.
Iyunun 10-da CHP sədri Kamal Kılıçdaroğlu partiyasının parlament
fraksiyasının toplantısında həmin səs yazısının montaj olmadığı iddiası
ilə çıxış edib. CHP sədri saniyəsinə qədər konkret vaxt və telefon
nömrələrini göstərərək, Ərdoğanın ailə üzvlərinin həmin vaxtlarda və
nömrələrdən zəng vurmaqla bir-birlərilə danışdıqlarını deyib.
Prezident seçkilərinə Gülən-müxalifət birliyinin yenidən bu tipli
məlumatlar açıqlayacağı istisna edilmir. Hətta müxalifətin vahid
namizədlə seçkilərə qatılacağı barədə məlumatlar da açıqlanıb. Bütün
bunlar son vaxtlar reytinqi bir qədər aşağı düşən baş nazir Ərdoğanın
prezidentlik iddiasına mane ola bilərmi?
Politoloq Razi Nurullayev audio və video yazıların Ərdoğanın
prezident seçilməsinə ciddi təsirinin olmayacağını deyir. Çünki 30 mart
bələdiyyə seçkilərindən öncə də bir çox insanlarda belə fikir var idi
ki, Ərdoğan ən yaxşı halda cüzi səs fərqi ilə qələbə qazana bilər.
Türkiyənin aparıcı müxalifət partiyaları, CHP, MHP qələbə
qazanacaqlarından əmin idilər. Ancaq Türkiyə cəmiyyəti fərqli düşündü.
Çünki Ərdoğan haqqında bu gün nə qədər ifşaedici məlumatlar yayılsa da,
onun xidmətləri də göz önündədir. Türk xalqı bunu qiymətləndirir.
Ekspert hesab edir ki, prezident seçkisi öncəsi də Ərdoğana qarşı nə
qədər kompromatlar olarsa, baş nazirdə bir o qədər özünü müdafiə edəcək
sözlər, hərəkətlər və fəaliyyətlər olacaq. Bunun da nəticəsində Ərdoğan
yenidən türk xalqının qəlbinə girməyi bacaracaq. Çünki onda bir
siyasətçi kimi bu xarizma mövcuddur: “Bu baxımdan Ərdoğanın prezident
seçkilərində qalib gəlməsinə videoların və audio yazıların təsir
etməyəcəyi düşüncəsindəyəm”.
Azadlıq.info
Short URL: http://www.cumhuriyyet.net/?p=8492