Şikayətçi məhbuslara işgəncə verilir
Məhbus anası Müslimat Rzaxanova: “Məhbusların prezidentə əfv ərizəsi ilə müraciət etməsi məgər “rejim pozuntusu”durmu?”

Son zamanlar Azərbaycan həbsxanalarında saxlanma şəraitinin dözülməz
vəziyyətdə olması, məhbuslara qarşı törədilən qanunazidd hərəkətlər,
işgəncə və korrupsiya halları artmaqdadır. Vəziyyətlə barışmayan bir
sıra məhbuslar aidiyyəti qurumlara və ölkə başçısına müraciət edərək
kömək istəyirlər. Penitensiar Xidmət müraciəti araşdırmaq, problemləri
həll etmək əvəzinə müraciət müəlliflərinə divan tutmaq yolunu seçib.
Verilən məlumatlara görə, bir neçə gün öncə 12 saylı cəzaçəkmə
müəssisəsində baş verən qanunsuzluq, korrupsiya və işgəncə halları
barədə dövlət başçısına müraciət edərək onu adı çəkilən həbsxanaya dəvət
edən məhbuslara müəssisənin rəhbərliyi təzyiqlər edir.
Aidiyyəti qurumlara etdikləri müraciətə görə təzyiqlərə məruz qalan
məhbusların bir qismi də Qobustan qapalı həbsxanasında cəza çəkən
ömürlük məhbuslardır. “Siyasi Məhbuslarsız Azərbaycan” Ictimai Alyansına
sözügedən həbsxanada cəza çəkən məhbus Şakir Rzaxanovun anası Müslimat
Rzaxanova rəsmi məktubla müraciət edib. Alyansdan “Azadlıq”a daxil olan
məktubda şikayətçi yazır ki, oğluna işgəncələr verirlər.
“Qobustan həbsxanasında ömürlük cəza çəkən oğlum Şakir Rzaxanov məhv
edilməsinə yönəldilmiş, ona qarşı təzyiq və işgəncələr davam edir,
həyatına real təhlükə yaranıb. Bu ayın 6-da aldığım məlumata görə, Şakir
çox çətinliklə görüş ala bildiyi vəkili Ilqar Abdullayevlə görüşündən
dərhal sonra cəzalandırılaraq 15 sutkalıq cərimə təcridxanasına
köçürülüb. Həbsxanada baş verənlər barədə dövlət başçısına, cəmiyyətə
məlumat verərək, dövlətimizin qanunlarına əhəmiyyət verməyən həbsxananın
rəisi Şahin Osmanova səhəri gün zəng edərək, oğlumun cəzalandırılması
səbəbini soruşduqda o, “Şakirin məhbuslardan dövlət başçısına və digər
rəhbərlərə ünvanlanan müraciətə imza topladığını, televizora baxdığını,
pencərəyə taxta parçası qoyduğunu, əsasən də saxlanma rejimindən
əlaqədar rəhbərliklərə “yalan” məlumatlı şikayət ərizələr yazdığına,
nəzarətçi ilə kobud danışdığına görə cəzalandırıldığını” bildirdi. Rəis
eyni zamanda mənim məhbus yaxınları ilə əlaqə saxladığıma, guya
məhbusların evlərinə çəkiliş qrupu göndərdiyimə də iradını bildirməklə,
həqiqətən Şakirə qarşı qərəzli, ziddiyyətli münasibətini özü təsdiqlədi.
Eyni zamanda bildirdim ki, məhbusların prezidentə əfv ərizəsi ilə
müraciət etməsi məgər “rejim pozuntusu”durmu? Televiziyaya bütün
məhbuslar hər zaman baxır, istədikləri keyfiyyətli radioqəbuledicidən
istifadə edirlər, nədənsə Şakirə bütün bunlara qadağa qoyulub”,- deyə
şikayətçi məktubunda qeyd edir.
Müslimat Rzaxanova oğlunun yanına köçürülən məhbuslara dəfələrlə
Şakiri vurmaq göstərişi rəis verdiyini bildirir: “Bunu Şahin Osmanova
deyəndə “Əcəb eləyirəm, mən buranın rəisiyəm, istədiyim göstərişi
verirəm!” dedi. Əgər həbsxana rəisi qanunazidd hərəkətlərinə, məhbuslara
işgəncə verməsinə məsuliyyətsizcəsinə “əcəb eləyirəm” deyirsə, məhbusa
qarşı qəddarlıq edəcəyi şübhəsizdir. Bu günlərdə 12 saylı Cəzaçəkmə
Müəssisəsindən məhbusların dövlət başçısına müraciət etmələri heç də adi
hal deyil. Dözülməz vəziyyət başqa həbsxanalarda da var. 12 saylı
Cəzaçəkmə Müəssisəsində ölkə başçısına məhbusların müraciətində
göstərilənlər Qobustan həbsxanasında daha qəddarlıqla davam etdirilir,
ancaq məhbuslar belə müraciətdən məhrum ediliblər”.
Məsələylə bağlı Pentensiar Xidmətin Ictimaiyyətlə Əlaqələr Şöbəsiylə
əlaqə saxladıq. “Tanınmayan və dövlət qeydiyyatına alınmayan qondarma
“Siyasi Məhbuslarsız Azərbaycan” Ictimia Alyansının yaydığı hər hansı
məlumata Pentensiar Xidmət şərh vermir”,- deyə şöbədən “Azadlıq”a
bildirdilər.
Qurumdan onu da qeyd etdilər ki, “Siyasi Məhbuslarsız Azərbaycan”
Ictimai Alyansına və onun fəaliyyətinə Pentensiar Xidmət münasibət
bildirəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=8505