Eynşteynin yandırdığı böyük sirri

12.06.2014 - 10:31

“Dünya bu biliklərdən xali olsa yaxşıdır…” – arxivini yandırarkən
belə deyib.

Prinstonda Merser-stritdəki 112 в„–-li ev onunla yanaşı dayanmış digər
evlərdən qətiyyən fərqlənmir. Standart, ikimərtəbəli – ətrafda o qədər belə
evlər var ki… Az adam bilir ki, Albert Eynşteyn ömrünün son 23 ilini məhz bu
evdə yaşayıb. Nədənsə evin üzərində XX əsrin dahilərindən biri olan insanın
adına xatirə lövhəsi vurulmayıb. Amma Prinstonun Ali perspektivli tədqiqatlar
institutunun kitabxanasında Eynşteynin büstü qoyulub. Bu əsərin müəllifi məşhur
rus heykəltəraşı Sergey Konenkov onu 1935-ci ildə Prinstonun məşhur alimlərinin
qalereyası üzərində işləyərkən Rokfellerin xüsusi sfarişi ilə yaradıb.

Sergey Konenkov Eynşteyni Nyu Yorkdakı studiyasına dəvət edir, o,
heykəltəraşın arvadı Marqarita ilə də məhz orada tanış olur. Marqaret
Vorontsova əyalət şəhəri olan Sarapulda zadəgan da olsa, kasıb ailədə anadan
olmuş, hüquq kursunda təhil almış, sonradan Moskvaya gəlmişdi. O, vaxtının çox
hissəsini Şalyapinlərin evində keçirir, müğənninin qızı İrina ilə dostluq
edirdi. Şalyapinin oğlu Boris ona vurulmuşdu. Toya az qalmış Marqaritanı
tanınmış bir artistlə yataqda tapırlar.

Qalmaqalı yatırdırlar, tezliklə isə o, Sergey Konenkovun heykəltəraşlıq
emalatxanasının astanasına qədəm qoyur və “rus Roden” ondan 22 yaş böyük olsa
da, balaca oğlan kimi vurulur. Marqarita hələ gizlicə Boris Şalyapinlə görüşə
qaçırdı, ancaq tezliklə İmperatorun Rəssamlıq Akademiyasının həqiqi üzvlərinin
xanımlarına verilən “zati-aliləri” titilunun xeyrinə seçim etdi.

 

Marqaritanın bioqrafı Olqa Trifonova yazır: “O, paytaxt həyatına çox
asanlıqla qaynayıb-qarışmışdı, onun nikahını “buludsuz” adlandırmaq olardı. Bu
nikah ona Sergey Raxmaninov, Fyodr və Boris Şalyapinlər” və kübar cəmiyyətinin
digər görkəmli nümayəndələri ilə məhəbbət macəraları yaşasına mane olmurdu…”

 

1923-cü ilin yayında Nyu Yorkda sovet incəsənəti sərgisi keçirilirdi.
Sərgiyə Konenkovlar da gəlmişdilər. Moskvaya isə onlar yalnız 22 il sonra
qayıtdılar. Marqaritanın coşqun bir amerikalıya çevrilməsi möcüzə kimi gəlirdi:
Moskvada geydikləri zibil qutusuna atılır, ayaqlarda şəffaf corabların
bəzəkləri parıldayır, dırnaqları sədəf kimi işıldayırdı. Bahalı daş-qaşlar da
meydana gəlir. Marqarita məşhur portret ustası olan ərindən artıq asılı
deyildi. Qəfil üzə çıxan ünsiyyət istedadı və ingilis dilini yaxşı bilməsi
sayəsində sifarişlərin əksəriyyətini məhz o, təmin edirdi…

 

 

Albert Eynşteyn
birinci arvadı Mileva Mariç ilə birlikdə

 

Konenkovun əsərləri də buna
müəyyən dərəcədə şərait yaradırdı. Marqarita bu rəsmlərdə açıq bədənlə müxtəlif
pozalarda təsvir edilib. Rəsmlər çox gözəl idi və böyük uğur qazanmışdılar. Ən
başlıcası isə şəkildə təsvir edilən qadının kim olduğu bilinirdi. Kişilər bu
xanımın gözəlliyi qarşısında ağıllarını itirirdilər. Amerika qəzetləri onun
haqqında danışarkən “cazibədar”, “məftunedici” kimi epitetlərə simiclik
etmirdilər. Memuarçılar qeyd edirlər ki, Sergey Raxmaninov cidd-cəhdlə
Marqaritanın hüsn-rəğbətini qazanmağa çalışırdı.

 

Bütün bunlar xanım
Konenkovaya Fyodor Şalyapinlə hələ Moskvada başlanmış romanı davam etdirməsinə
mane olmurdu. Eynşteynlə də məhz bu zaman tanış olmuşdu. Marqarita artıq iki il
idi ki, Prinstonda yaşayır və Ali Perspektiv Tədqiqatlar İnstitutunda işləyirdi.
Bu institut görkəmli alimlər üçün yaradılmışdı. Belə alimlər isə cəmi 18 nəfər
idi, universitet onlara heç bir öhdəçilik və tələblər qoymadan ömürlük maaş
verirdi. Misal üçün Eynşteynin illik məvacibi 15 min dollar idi – o zaman üçün
elə də az məbləğ deyil. O, universitetdən yarım saatlıq məsafədə iki şüşəbəndi
və meyvə bağı olan ikimərtəbəli taxta ev, sonra isə çoxdankı arzusu olan yaxta
alır.

Məşhur fizik zahiri
görkəminə və geyiminə tamamilə laqeyd idi. Qış-yay səndəl geyər, azca isti olan
kimi corablarını çıxarardı. Yaxınlarını dəhşətə gətirsə də, bəzən bayıra
tuman-köynəkdə də çıxırdı. Eynşteynin nəzəriyyəsini aşkarlıqdan qaçış
adlandırırdılar. Bioqrafların yazdığı kimi, həyatda da “hələ yeniyetməlik
dövründən gündəlik şəxsi maraqlarından qaçmağa” çalışırdı.

 

 

İkinci arvadı Elza
Leventalla birlikdə

 

 

Bu vaxtlar Eynşteyn artıq
16 il idi ki, ikinci arvadı – əminəvəsi Elza ilə yaşayırdı. Hər hansı bir
intellektual və ya seksual bağlılıqdan söhbət belə gedə bilməzdi. Elza sadəcə
“cənab professor”un itaətində duran ev məişətinin bir hissəsi idi. Həm də
Eynşteyn çox şorgöz idi. Onun bioqrafı K.Zeliq yazır: “O, qadınlarla
münasibətdə böyük uğur qazanardı”. Onlarla çox sadəlövhcəsinə, gözəl bir
oyuncaq görmüş uşaq kimi davranardı. Xoşladığı xanımın ərinin yanında olması da
onu dayandırmırdı. Bir dəfə gözəl bir Amerika aktrisası əri ilə onlarda
olarkən, görünür, qadına elə açıq-aşkar nəvaziş göstərib ki, xanımın əri
qonaqlıqda birgə çəkdirdikləri şəkli cırıb atmışdı”.

 

O, həmişə əsilzadə
xanımların əhatəsində idi, onlar avtomobillə gəlir, onu da götürüb bütün günü
itirdilər. Elzaya həsəd aparmaq olmazdı, lakin o, dişi dodağını kəssə də
dözürdü.

Eynşteynin dəniz səyahətinə
hərisliyi var idi və tez-tez öz yaxtasında üzməyə gedər, gecə yarı gələrdi, çox
vaxt da tək yox. Dostu belə xatırlayır:

“Albert haradasa Sürixdə
mühazirələr oxuyurdu. Bir dəfə təsadüfən əxlaqsız bir qadın mühazirəyə gəlir.
Çox gözəl olsa da, vulqar şəkildə boyanmış qadın mühazirəçini elə məftunedici
baxışlarla süzür ki, özünün sonralar mənə söylədiyi kimi, ona qoşulub getmək
istəyir…”

 

Eynşteyn səriştəsiz
insanların xidmətindən “iyrənirdi”. Amerikaya köçəndən sonra onun daimi
katibəsi miss Yelena Dükas olur. Eynşteyn arvadı Elzadan daha artıq ona iltifat
göstərirdi. Əslində, gündəlik həyatın bütün ağırlığını böyük alimin üzərindən
götürən də məhz onun evinin pərvanəsi Yelena idi. Ancaq Eynşteyn rastlaşdığı,
sevgilisi və ya təsadüfi partnyoru olduğu çoxlu sayda qadınlardan heç birinə
ürəyini açmamışdı. Bu qadın onun həyatına yalnız 1935-ci ilin yazında daxil
olur…

 

Məhəbbət Eynşteyn və
Marqaritanı bir “zərbə” ilə yaxalayır. Mənası yalnız onlara məlum olan və hər
ikisinin adlarının ilk hecalarının birləşməsindən “Almar” sözü meydana gəlir.
Bu söz onların məhəbbətləri ilə bağlı hər şeyi ifadə edirdi: hislər, duyğular,
əhvalatlar, məişət predmetləri və paltarlardan tutmuş hər şeyi. Bu kamil və
bir-birləri üçün sonsuz dərəcədə əziz, həm seksual, həm də psixoloji baxımdan arzuolunan
insanların düz bütöv bir on ili bu “Almar” nişanəsi altında keçib.

 

Əvvəllər Marqarita ayda 2-3
dəfə Prinstona gəlir və şəhər ətrafındakı moteldə Eynşteynlə görüşürdü. 1939-cu
ildə Elza vəfat edəndən sonra onlar Eynşteynin evində görüşməyə başladılar.
Ancaq Marqarita çox nadir hallarda gecə qalırdı, çünki bunun üçün hər dəfə
ərinin qarşısında müxtəlif bəhanələr uydurmalı idi. Sevgilisindən ayrı keçən
hər an isə Eynşteyn üçün işgəncəyə
çevrilirdi.

 

Bir dəfə böyük alim hətta
saxtakarlığa da əl atır. Həkim dostlarından Marqaritanın “uydurma” xəstəlikləri
haqqında arayış toplayaraq onun kurorta, məsələn, Saramak-Laykə göndərilməsinin
zəruriliyi haqqındakı sənədi Konenkova göndərir. O isə öz arvadını “müalicəyə”
göndərməyə razılıq verir. Marqarita yola düşür və birbaşa bu gözəl mənzərəli
guşədə bağ evi olan sevgilisinin ağuşuna atılır. Alimin sevimli yaxtası da
gölün sahiliə yan almışdı. Bəlkə də bu günlər Eynşteynin həyatının ən xoşbəxt
günləri idi.

 

Yalnız on il keçəndən sonra
onların məhəbbətlərinin nə qədər güclü olduğunu təsdiqləyən sənədlər dərc
olunur. Marqarita Konenkova vəfat edərkən əşyalarının arasında Eynşteynin əli
ilə yazılmış sonet, bir neçə ehtiraslı məktub və onun hədiyyəsi olan saat
tapılır.

Ancaq bu məktublar başqa
bir şeyi də göstərirdi: sevgililərin münasibətini sovet kəşfiyyatı müşahidə
edirmiş. Bu iş isə ABŞ-dakı sovet səfirinin katibinin arvadı, Vaşinqtona
1941-ci ildə əri ilə birlikdə gəlmiş Yelizaveta Zarubinaya həvalə edilmişdi.
20-ci illərdə BBSİ Xarici şöbəsinin məktəbini keçmiş məşhur sovet
kəşfiyyatçıları arasında bu xanım xüsusi yer tuturdu.

 

Yelizaveta Yulyevna
Zarubinanın xidmət dəftərçəsində (bir şəxsin əsl-nəsəbini, təhsilini və hansı
hərbi vəzifələrdə olduğunu göstərən sənəd – tərc.) başa çatdırılmış onlarla
əməliyyat, bir təşkilata cəlb edilmiş yüzlərlə agent, dəyərli əlaqə və agentura
münasibətləri əksini tapıb. O, altı dildə şərbəst şəkildə danışırdı, insanları
özünə cəlb etmək sahəsidə qeyri-adi bacarığı var idi. O, DTK-nın podpolkovniki
rütbəsinəcən yüksəlmişdi. Yelizaveta Zarubinanın fəaliyyəti o qədər geniş və
əhatəlidir ki, hətta bugünkü sovet kəşfiyyatı da onun xidmət vərəqəsini
tamamilə açmağa hazır deyil.

Əvvəlcə Amerikada atom
bombasının yaradılması haqqında informasiya toplamaq işi Yelizavetanın əri ilə
birgə orada görəcəyi vəzifəyə daxil deyildi. Eynşteynin prezident Ruzveltə
ünvanladığı və uran proqramı üzrə işlərin genişləndirilməsini təkidlə tələb
edən məktubu onlara yalnız 1940-cı ilin martında göndərilmişdi. Və yalnız
növbəti ilin avqustunda nüvə proqramı həyata keçirilməyə başlamışdı.
Zarubinovların ilkin vəzifəsi faşistlərlə mübarizədə Qırmızı Orduya yardım üçün
vəsait toplamaq idi. Zarubinovlar keçmiş Rusiya vətəndaşlarının, etnik rusların
və yəhudilərin vətənpərvərlik hisləri ilə oynayaraq səxavətli fədailər
toplamağa nail oldular.

 

Marqarita Konenkova

 

Hansısa an o, Marqarita
Konenkova ilə tanış olur. Qadınlar dostlaşırlar və tezliklə Yelizaveta yeni
rəfiqəsinin Eynşteynlə münasibətlərindən xəbərdar olur. Lakin Marqarita hər
vasitə ilə bu münasibəti hamıdan, ilk növbədə isə ərindən gizli saxlamağa
çalışırdı, çünki onun reaksiyası ağlagəlməz ola bilərdi. Ancaq Vardo insanlarda
inam yaratmaq, etibar doğurmaqda misilsiz məharətə malik idi və Marqarita öz
romanının hətta intim detallarını da onunla bölüşürdü.

 

Vardo yeni rəfiqəsinin
etirafını “ehtiyat üçün saxlayır”, çünki o vaxt məşhur fizik casusu hələ
maraqlandırmırdı. Ancaq 1942-ci ilin sentyabrında Stalin “Uran üzrə işlərin
təşkili haqqında” sərəncam imzalayanda “ehtiyata atılmış” informasiya gərək
olur. Elə ilk görüşdə Yelizaveta rəfiqəsindən soruşur ki, fizikin evində nədən
danışırlar. Marqarita da deyir ki, söhbət hansısa dəhşətli bombanın
yaradılmasından gedir. Qonaqların soy adlarını da çəkir: Robert Oppengeymer,
Leo Ssillard, Pol Vinger, Georgi Qamov, Fermi.

Hər yeni görüşdə Vardo yeni
informasiya verilməsini artıq xahiş etmirdi, tələb edirdi. Marqrita tərslik
edəndə isə onu Eynşteynlə münasibətini faş edəcəyi, ilk növbədə isə Konenkova
söyləyəcəyi ilə hədələyirdi. Bu, artıq açıq şantaj idi və işə yarayırdı. Çünki
Zarubina elə simə toxunmuşdu ki, onu qırıb atmaq Marqrita üçün dəhşətli fəlakət
idi.

 

Sonra Vardo Marqaritadan
xahiş edir ki, onu Oppengeymerin arvadı Ketrinlə tanışdırsın. Marqarita xahişi
yerinə yetirir. Ketrin vasitəsilə isə onun ərini, atom layihəsinin elmi
rəhbərini böyük fizik Klaus Fuksu Los-Alamossk laboratoriyasında işə götürməyə
razı salmağa nail olur. Klaus Fuks isə həmin vaxt artıq sovetlər tərəfindən ələ
alınmışdı və nəticədə bombanın özü və onun nüvə özülünün işlənib hazırlanması
haqqında çoxlu məxfi məlumatları SSRİ-yə ötürürdü.

 

Bununla da Marqarita və
Yelizaveta Zarubina arasındakı əlaqələr bitir, çünki 1944-cü ildə Zarubina əri
ilə birlikdə Moskvaya geri çağırılır.

Casus cütlərin gedişindən
sonra Marqarita dərhal Vardo ilə əlaqələrindən Eynşteynə ətraflı şəkildə
danışır. Marqaritanın gözlədiyi kimi, Eynşteyn onun etiraflarına zarafatla
yanaşır, çünki, görünür, sevgilisinin etdiyi hərəkəti onların münasibətlərini
pozacaq ciddi günah kimi qəbul etmir, bu isə onun üçün ən başlıca amil idi!
Uran layihəsinə hər hansı bir zərbə isə Eynşteynin heç ağlına da
gəlmirdi.

Çünki Eynşteyn Marqaritanın
hansısa xahişini yerinə yetirsə də, təbii, elə məqamlar var idi ki, sevgilisini
oradan uzaqda saxlayırdı. Misalçün, Marqarita, görünür, Yelizavetanın təkidi
ilə israrla xahiş edir ki, sovet səfiri, təbii ki, eyni zamanda da kəşfiyyat
rezideni Mixaylovla görüşsün. Eynşteyn konsulla görüşür, lakin onunla
söhbətində tamamilə gərəksiz şeylərdən danışır.

1945-ci ildə Konenkovlar
çətəsi bütün əmlakı ilə birlikdə SSRİ-yə qayıdır. Sevgilisi ilə ayrılıq
təsəvvürəgəlməz dərəcədə ağır olur: o, başa düşürdü ki, bu ayrılıq əbədidir,
anlayırdı ki, məhəbbəti gedir, həyatının yeganə məhəbbəti, dərk edirdi ki, onu
sonsuz tənhalıq gözləyir.

 

Əslində elə belə də oldu.
Əlbəttə, dahi alim ömrünün son gününədək elmi problemlər üzərində işlədi. Ancaq
Marqaritanı unuda bilmədi. Məktublarında onu “çox sevdiyim” adlandırırdı, hər
məktubu elə bu sözlə də başlayırdı. Budur, bu da onun Moskvaya göndərdəiyi
məktublardan bəzi parçalar.

 

“Mən bunu bizim
yarımdairəvi divanımızda oturub yazıram. Burada hər şey sənin son gəlişində
olduğu kimidir. Bircə yaşıl stulu verandadan buraya gətiriblər, qonaqlar üçün.
Böyük yun şal yanımdadır, amma üstümü örtməmişəm, otaq istidir. Gözəl tənbəki
çubuğu, əvəzedilməz lüğət və sənin gətirdiyin bütün digər əşyalar səni
salamlayır. Öpürəm. Sənin Al.”.

 

***

“Mən özüm başımı
yudum, ancaq sənin etdiyin kimi yaxşı alınmadı. Mən sənin kimi sevgiylə edə bilmirəm.
Məndəki hər şey səni xatırladır: yun şal, lüğətlər, bizim artıq sıradan çıxmış
hesab etdiyimiz gözəl tənbəki çubuğu, eləcə də tənha yuvaya dönmüş hücrəmdəki
hər şey… “

 

***

“Ən çox sevdiyim!
Bağça özünün gözəl yaz paltarını geyinib və sənin yoxluğundan danışır. Mənim bu
yuvacığım və ətrafıma yığıdığm əşyaların da eynilə səndən danışır”.

 

Eynşteynin bioqrafı K.Zeliq yazır: “Marqarita getdi – onun həyatı sona
çatdı. Axı Eynşteyn özündəki ölümcül xəstəliyi – aortanın anevrizmi – və yeganə
çarənin əməliyat olduğunu öyrəndikdə ondan imtina edir. Qəti şəkildə. Halbuki
bir vaxtlar öd kisəsindən əməliyyata sakitcə getmişdi… O, 18 aprel 1955-ci
ildə vəfat edir. Daha bir faciə – alim özünün bütün arxivini yandırır və bu
zaman çox qəribə sözlər işlədir: “Dünya bu biliklərdən xali olsa yaxşıdır…” O
özünü də yandırmağı, külünü isə dağıtmağı xahiş edir. Özünün bütün əmlakını
isə… sizcə, kimə vəsiyyət edir? Katibəsinə. Sadəcə, uzun illik zəhmətinə
görəmi? Ancaq orası məlumdur ki, FTB Elen Dükası dəfələrlə çağırıb dindirib. O
isə bir dəfə də olsa Marqaritanın adını çəkməyib. Halbuki Eynşteynin sevgilisi
onların evində yaşayırdı. Burda bir az baş sındırmaq lazımdır…”

 

Marqarita Eynşteyndən sonra 25 il də yaşayır. Ölümü isə həqiqətən də
dəhşətli olur: o, sadəcə qidalanmaqdan imtina etdiyindən üzülüb gücdən düşərək
vəfat edir. Görünür, onu bu həyatda saxlayacaq daha heç nə yox idi. Hər şey
arxada qalmışdı…

 

Sovet xüsusi xidmət orqanlarının atomun sirlərinin öyrənilməsi əməliyyatı,
nəhayət, FTB tərəfindən faş olunur. Moskvanın agentləri cəzalandırılır,
bəziləri hətta elektrik stulunda qətlə yetirilir. Robert Oppengeymer kimi
“agentlər” isə həbsə düşməsələr də karyeraları məhv olur. Ancaq FTB və digər
hüquq mühafizə orqanlarından heç kim və heç vaxt Albert Eynşteynə müraciət
etməyib. Halbuki onun
“naqafil” rolu, əlbəttə ki, onlara məlum idi.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8508

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031