Rusiya Bakıyadan narazıdır?
“Lukoyl”dan başqa Rusiyanın heç bir
şirkəti Azərbaycanın infrastruktur layihələrinə pul qoymayıb”.
Bunu Rusiyanın “Total”ın 10 faizlik payında maraqlı olması ilə bağlı yayılan
fikirləri şərh edən neft-qaz məsələləri üzrə ekspert, iqtisadçı İlham Şaban
bildirdi:
“Rusiyanın “Cənub axını” kimi illik tutumu 62 milyard kubmetrlik boru kəməri
layihəsi var və rəsmi Moskva 2016-2018-ci illərdə öz qazını Ukraynadan yan
keçməklə Avropa bazarına çıxartmalıdır. Əgər belə bir məsələ varsa, gəlin
düşünək, görək Rusiyanın hansı marağı var ki, gəlib “Cənub qaz dəhlizi”nə daxil
olub. Bu, Rusiyaya nə verir? Rəsmi Moskva burda heç bir şərt hüququna, yəni
hansısa qərarların qəbul edilməsinə təsir etmək haqqına malik deyil. Əgər Kreml
bu 10 faizlik hissəni alsaydı, yalnız dvidentlər qazana bilərdi”.
Ekspertin fikrincə, yeni kəmərlərin çəkilişinə şərik olmaq həm də pul
xərcləmək deməkdir:
“Yeni kəmərlərin çəkilişinə şərik olmaq həm də pul xərcləmək deməkdir və
hazırkı situasiyada Rusiyanın buna heç bir marağı yoxdur. Hansı tərəfdən
yanaşsaq görərik ki, bu layihəyə qoşulmaq Rusiyaya heç vaxt müsbət nəsə
gətirməyəcək. Məhz buna görə də yayılan bu məlumatı sadəcə şayiədən başqa bir
şey adlandırmaq düzgün olmaz”.
İlham Şaban həmçinin Rusiya şirkətlərinin Azərbaycan neft və qaz sektoruna
yatırım etməkdə maraqsız olduqlarını da dilə gətirdi:
“Yanvar ayında Fransanın “Total” şirkəti öz payını satışa çıxarmağa
başlayanda Türkiyə şirkətləri bu payı almaq üçün həmin andaca danışıqlara
başladı. Orda danışıqlar aparan şirkətlər arasında Avropa şirkətləri də var
idi. Amma heç vaxt Rusiyanın nə özəl, nə də dövlət şirkəti bu danışıqlara
qoşulmayıb. Bir statistik məlumat da vermək istəyirəm. Bu vaxta qədər
Azərbaycanın iştirakı ilə reallaşan layihələrdə “Lukoyl”dan başqa Rusiyanın heç
bir şirkəti Azərbaycanın infrastruktur layihələrinə sərmayə qoymayıb”.
Xatırladaq ki, son günlər Ermənistan hərbi birləşmələri Naxçıvan Muxtar
Respublikası ilə sərhəddə daha da fəallaşıblar. Bəzi ekspertlər ermənilərin bu
aktivliyinin arxasında Rusiyanın dayandığını iddia ediblər. Onların qənaətinə
görə, “Total”ın imtina etdiyi 10%-lik paya Rusiya sahiblik etmək istəyirmiş və
hətta Azərbaycanın buna ilkin olaraq razılıq verdiyi də deyilir. Amma sonradan
həmin payın Türkiyəyə satılması Rusiyanın narazılığına səbəb olub və şimal
qonşumuz cəbhədə vəziyyəti gərginləşdirməklə reaksiya verib.
Axar.az
Short URL: http://www.cumhuriyyet.net/?p=8509