Azərbaycanın Qərb zonasında qasırğa fəlakəti

12.06.2014 - 11:06

Leysan yağışları və güclü qasırğa rayonlara ciddi ziyan vurdu,
infrastrukturu dağıtdı, elektrik və qaz verilişini dayandırdı; Əhəd
Abıyev: “İcra hakimiyyəti kiməsə qoyun-quzu alıb verməyəcək ki?”

İyunun
10-da Azərbaycanın qərb bölgəsi təbii fəlakətlə üz-üzə qalıb. Fövqəladə
Hallar Nazirliyi (FHN) ölkənin bir neçə rayonunda qeyri-sabit hava
şəraitinin yaratdığı fəsadlarla bağlı məlumat yayıb. Gəncə, Tərtər,
Bərdə, Yevlax, Oğuz, Ağdaş, Goranboy, Şəmkir rayonlarında intensiv
olaraq leysan yağıb, şimşək çaxıb, güclü külək müşahidə olunub.

Hava
şəraitinin kəskin dəyişməsi nəticəsində bu rayonların bir çoxunda
yaşayış  və inzibati binalar, fərdi yaşayış evləri, rabitə və elektrik
xətləri, minik avtomobilləri və  kənd təsərrüfatına ciddi ziyan dəyib.
Gəncə və Daşkəsən rayonlarında evləri, həyətyanı sahələri su basıb. 
Amma
fəlakətin əsas fəsadları Gəncədə qeydə alınıb. Gecə saat 22-00
radələrində başlayan və 22 dəqiqə davam edən qasırğa Gəncənin altını
üstünə çevirib. Gəncə Şəhər İcra Hakimiyyətindən “azerfax”a verilən
xəbərə görə, leysan yağışla müşayiət olunan qasırğa şəhərin mərkəzi
küçələrində yüzlərlə qədim ağacı aşırıb, 700-dən çox evin dam örtüyünə
zərər yetirib, şəhərin elektrik və qaz təchizatında problemlər yaranıb. 
Çox
sayda dayanacaq və işıq dirəkləri yararsız hala düşüb. Xəsarət alanlar
olub. Onların arasında ildırım vurması, şəhər sakininin üzərinə ağac
aşması, həmçinin damdan şifer düşməsi faktları qeydə alınıb. Yaralılar
şəhərin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Xoşbəxtlikdən
insan tələfatı yoxdur.
Gecə
yarısına qədər şəhərin əksər hissəsində enerjinin və qazın verilişi
dayandırılıb. Gecə 01:30 radələrindən sonra enerjinin verilişi və
avtomobillərin hərəkəti bərpa olunub. Gecə yarısı Gəncənin icra başçısı
Elmar Vəliyev jurnalistlərə məlumat verib ki, qaz kəmərlərində qəza baş
verib və bu səbəbdən şəhərdə təbii qazın verilməsində məhdudiyyətlər
yaranıb. İcra başçısı hadisə yerinə rayon Fövqəladə Hallar
Komissiyasının cəlb olunduğunu, dəyən ziyanın hesablanması istiqamətində
iş aparıldığını deyib. 
Daşkəsəndə də güclü
qasırğa bir sıra fəsadlar yaradıb. Rayon Fövqəladə Hallar Komissiyasının
sədri Cavanşir Qocayevin APA-ya verdiyi məlumata görə, qasırğa fərdi
yaşayış evlərinə, elektrik və digər infrastruktura ciddi ziyan vurub.
Meyvə
ağaclarının barı yerə tökülüb, bəzi yerlərdə iri və xırda buynuzlu
heyvanlar tələf olub. “Rayon icra hakimiyyəti kiməsə qoyun-quzu alıb
verməyəcək ki? İnsanlar özləri də başa düşməlidir ki, bütövlükdə rayona
ziyan dəyib”. 
Bunu azvision.az-a açıqlamasında
Daşkəsənin icra başçısı Əhəd Abıyev bildirib. Rayona ciddi ziyan
dəydiyini deyən icra başçısı bəzi sakinlərdən narazılıq edib: “İlk dəfə
idi ki, belə dəhşətli dolu yağırdı. Yollar və elektrik xətləri yararsız
hala düşüb.
Təxminən
qaz yumurtası boyda dolu yağırdı. Bu da Allahın işidir, qarşısını almaq
mümkün deyil. Ziyan dəyən əhaliyə kompensasiyanın ödənilməsinə gəlincə,
deyə bilərəm ki, bu işlə müvafiq komissiya məşğul olur və məsələyə
baxılacaq, nə lazımdısa köməklik olacaq”.
Ə.Abıyev bəzi
insanların hadisədən sui-istifadə etmək istədiyini də gizlətməyib:
“Qonşu rayonlardan yay mövsümü ilə əlaqədar yaylağa gələn bəzi
çobanların mal-qarasına ziyan dəyib. Rayon icra hakimiyyəti kiməsə
qoyun-quzu alıb verməməlidir ki? Onlar özləri də başa düşməlidir ki,
bütövlükdə rayona ziyan dəyib”.
İcra başçısı
qeyd edib ki, onun işi rayonda yolu, qazı, suyu, işığı, insanların
evlərinin dam örtüyünü bərpa etməkdir: “Ayrı-ayrı rayondan gələn fermer
təsərrüfatları olanlara mal-qara ala bilmərik. Eləsi var deyir ki,
qızıl-gümüşüm, pulum gedib. Cibində pulu saxlaya bilmirsənsə, özün necə
qalmısan? Belə həyasızcasına hərəkət etmək olmaz. Mən vəzifəmi icra
edirəm, rayon sakinlərinə dəyən ziyanı ödəyirəm”.
“Azərbaycanın
qərb rayonlarında müşahidə olunan hava şəraiti gözlənilən idi”. Bunu
APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun
direktoru Umayra Tağıyeva deyib.  U.Tağıyeva qeyd edib ki, iyunun
14-dək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək, əsasən gecə və
axşam saatlarında yağışlı olacağı, şimal və qərb rayonlarında, dağlıq və
dağətəyi rayonlarda yağışların leysan xarakterli olacağı gözlənilir.
Güclü şimal küləyinin əsəcəyi ehtimalı var. Daha güclü külək iyunun
13-də xüsusən Abşeron yarımadasında hiss olunacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=8512

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31