Azərbaycan yenə müstəqilliyini itirəcəkmi?

12.06.2014 - 11:25

“Avrasiya İttifaqına daxil olmaq Azərbaycan dövlətinin
süqutu deməkdir”

Rusiya prezidenti sovet imperiyasının bərpası istiqamətində ikinci
dalğanı başlatdı; “Avrasiya İttifaqına daxil olmaq Azərbaycan dövlətinin
süqutu deməkdir”

Rusiya
mayın 29-da Astanada təsis edilmiş Avrasiya İqtisadi İttifaqına
qoşulmaq üçün Azərbaycana rəsmi dəvət göndərib. Bu barədə Rusiya və
Belarus KİV-i məlumat yayıb. Xəbərə görə, Belarus prezidenti Aleksandr
Lukaşenko iyunun 9-da serb jurnalistlərlə görüşündə Avrasiya İqtisadi
İttifaqının dünya arenasında yeni “güc mərkəzi”inə çevriləcəyini deyib.

A.Lukaşenkonun
sözlərinə görə, Avrasiya İttifaqına bir çox ölkə maraq göstərir.
Məsələn, Çin, Vyetnam və Hindistan artıq yeni təsis olunmuş ittifaqla
təmasa girməyə hazır olduğunu bildirib.
Xəbərdə
xatırladılır ki, gələcəkdə Avrasiya İttifaqına Ermənistan və
Qırğızıstan da üzv olmağa hazırlaşır. Həmçinin ittifaqa daxil olmaq üçün
Azərbaycana da rəsmi səviyyədə dəvət göndərilib.
Azərbaycanın Avrasiya İttifaqına daxil olması üçün Rusiyadan rəsmi dəvət aldığına dair qeydə epochtimes.ru portalı da yer verir.
Xatırladaq
ki, Azərbaycan Avrasiya İttifaqına üzv olmaq niyyətində olmadığını
müxtəlif səviyyələrdə bir neçə dəfə bildirib. Sonuncu dəfə bu məsələ
Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin Bakıya səfəri
zamanı, ötən həftə gündəmə gəldi.
Rusiyalı nazir Azərbaycanın
bu ittifaqa daxil ola biləcəyini bildirdi. Dərhal da Azərbaycan
rəsmiləri Bakının belə planının olmadığını açıqladılar.
Ancaq
məlum olur ki, ittifaqa daxil olmaq üçün Azərbaycana rəsmi dəvət, hər
halda, göndərilib. Maraqlıdır ki, belə bir məktubun olduğu barədə
ictimaiyyətə informasiya verilməyib.
Azərbaycan
hakimiyyətinin məktuba necə cavab verəcəyini indidən dəqiq söyləmək
mümkün deyil. Çünki bu məsələ ölkə başçısının son mövqeyindən sonra
bəlli olacaq. 
Bəs müxalifət necə hesab edir, Avrasiya İttifaqına üzv olmağımız üçün ünvanlanan məktuba Azərbaycan necə cavab verməlidir?
Müsavat
Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirdi ki,
Rusiyanın Avrasiya İttifaqına qoşulmaq üçün Azərbaycan hakimiyyətinə
müraciət etməsi onun üçün gözlənilməz deyil: “Putin SSRİ imperiyasını
mümkün olan sərhədlərdə bərpa etmək iddiası ilə fəaliyyət göstərir.
Təəssüflə qeyd etmək lazımdır ki, Rusiya xalqının mühüm bir qismi də
məhz yenidən Rusiyanın sərhədlərinin genişlənməsi istiqamətində Putin
hakimiyyətinin apardığı siyasətə dəstək verir. Azərbaycan kimi bir
ölkənin yenidən Rusiyanın təsir dairəsinə qaytarılmasına olan cəhdlərini
təbii qarşılamaq lazımdır. Azərbaycan Avroatlantik məkana inteqrasiya
xətti götürmüş ölkədir. 
Azərbaycan daim
Rusiyadan ziyan görmüş, Rusiyanın apardığı siyasətdən həmişə əziyyət
çəkmiş bir ölkədir. Azərbaycanın iki yerə parçalanması, böyük
ərazilərimizin müxtəlif qonşu ölkələrə, o cümlədən Ermənistana verilməsi
siyasətinin arxasında da Rusiya dayanıb. Müasir dövrdə də Rusiyanın
apardığı siyasət Azərbaycanın milli mənafelərinə uyğun deyil. Bu
baxımdan Rusiya ilə birlik münasibətlərinin Azərbaycana hər hansı bir
fayda verəcəyinə inanmaq sadəlövhlük olardı. 
Ona
görə də biz mümkün qədər Rusiyadan distansiya saxlamağı, Rusiyaya qarşı
olan güc mərkəzləri ilə real müttəfiqlik münasibətlərinin qurulmasına
nail olmalıyıq. Hazırda Rusiya və Qərb arasında konfliktin pik
nöqtəsidir. Təsir dairəsi uğrunda mübarizənin son mərhələsi başlayıb.
Biz indiki məqamda avrointeqrasiya istiqamətində real addımlar atmaqla
Azərbaycanın gələcəyini məhz Avropaya qovuşmaq istiqamətində
qurmalıyıq”.
ADP
sədri Sərdar Cəlaloğlu bildirdi ki, Avrasiya İttifaqı heç də
bərabərhüquqlu qurum deyil. Bu, Rusiyanın keçmiş SSRİ respublikalarını
əvvəl iqtisadi nəzarətə alması, sonra tamamilə ələ keçirməsı üçündür:
“Rusiyanın Azərbaycana elədiyi təklif əslində Azərbaycanı yenidən öz
müstəmləkəsinə çevirmək məqsədi güdür. Əgər belə deyilsə, Rusiya
bərabərhüquqlu birlik təklifində səmimidirsə, birinci növbədə tarixi
ədalətsizlik aradan qaldırılmalıdır. Azərbaycanın bir çox əraziləri 300
ildir Rusiyanın əlindədir. 
Dərbənd xanlığının
ərazisi olmuş yerləri-Dağıstanı qaytarsınlar, Basarkeçəri, Göyçəni
bizdən alıb Ermənistana veriblər, bu torpaqları Azərbaycana
qaytarsınlar. Qarabağ münaqişəsinin həllində ədalətli mövqe tutsun.
Rusiya bunları etsin. Biz də bilək indi Putinin Azərbaycan dövlətinə,
xalqına münasibəti Pyotrun, Leninin münasibətindən fərqlidir. Azərbaycan
iqtidarı bir şeyi bilməlidir ki, Avrasiya İttifaqına daxil olmaq
Azərbaycan dövlətinin süqutu deməkdir. Biz mümkün qədər bu ittifaqdan
ayrı durmalıyıq”.
Ümid
Partiyasının sədri İqbal Ağazadə hesab etmir ki, Azərbaycan Putindən
rəsmi məktub alıb: “Putin Azərbaycanın rəsmi mövqeyini almasa, heç vaxt
rəsmi məktub göndərməz ki, məktuba da yox cavabı alsın və münasibətlər
kəskinləşsin. Azərbaycan tərəfi isə dəfələrlə bəyan edib ki, Avrasiya
İttifaqına qoşulmayacaq, hələlik belə bir niyyətimiz yoxdur. Xüsusilə
Ukrayna hadisələrindən və Özbəkistan prezidentinin bir neçə gün öncə
ortaya qoyduğu mövqedən sonra bu məsələ bir qədər kəskinləşdi və
Azərbaycan üçün də kifayət qədər imkanlar yarandı ki, ehtiyatlı mövqe
tuta bilsin və ya qoşulmasın. Azərbaycan heç bir halda Avrasiya
İttifaqına daxil olmamalıdır. 
Biz Rusiya
xalqına qarşı deyilik. Biz Rusiya yanaşmasına, Rusiya təfəkkürünə,
Rusiyanın yaratdığı birliklərdəki məsələlərə qarşıyıq. Biz Avropanın,
Amerikanın ona görə yanındayıq ki, orada insanın, düşüncənin dəyəri var,
orada idarəetmədə demokratiklik var, insan haqlarına hörmət edilir.
Rusiyanın olduğu yerlərdə bunların heç biri yoxdur. Ona görə də
Azərbaycan çox açıq mövqe ortaya qoymalıdır”.
Politoloq
Vəfa Quluzadə isə bildirib ki, Azərbaycan hakimiyyəti Rusiyanın ona
verəcəyi vədlərə inanmayacaq: “Mən hesab edirəm ki, Azərbaycan nə Gömrük
İttifaqına, nə də Avrasiya İttifaqına gedəcək. Biz Ermənistanla birgə
hansı ittifaqda ola bilərik? Bəlkə Lavrov deyəcək ki, siz daxil olun,
sonra həll edərik. Buna heç kəs inanmayacaq. Biz daxil olub
səlahiyyətlərimizi Rusiyaya verəndən və onun yenidən koloniyasına
çevriləndən sonra Qərb bizdən üz döndərəcək. O zaman baxın bizim Rusiya
ilə münasibətlərimizdə mövqelərimiz nə qədər zəif olacaq. 
Bizim
indi ayaqlarımız Şərqlə Qərbdədir. Amma ayağımızın birini Qərbdən
çəkəndən sonra biz necə balans yürüdəcəyik? Rusiyanın köhnə SSRİ-ni
bərpa etmək cəhdləri Şeyx Nəsrullahın ölüləri diriltməyinə bənzəyir.
Sovet İttifaqı dirilməyəcək. Müstəqil olmuş ölkələr də azadlıqlarını heç
kimə verməyəcəklər. Hətta Qazaxıstan və Qırğızıstan belə, müxtəlif
fəndlərlə Gömrük İttifaqına üzv olmaqdan yayınacaqlar. Bu ittifaq baş
tutmayacaq”.(musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=8516

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31