Bakının mərkəzi boşaldılacaq

12.06.2014 - 12:54

Bakının mərkəzi boşaldılacaqYeni baş planda ali məktəblərin, ticarət mərkəzlərinin, neftayırma zavodlarının köçürülməsi nəzərdə tutulur

Bakının mərkəzi boşaldılacaq

Yeni baş planda ali məktəblərin, ticarət mərkəzlərinin, neftayırma zavodlarının köçürülməsi nəzərdə tutulur

İyunun 11-də “Azad İqtisadiyyata Yardım İctimai Birliyi”nin təşkilatçılığı ilə “Böyük Bakının regional inkişaf planı və mülkiyyət hüququ” mövzusunda dəyirmi masa keçirilib. 
“Azad İqtisadiyyata Yardım” İB-nin sədri Zöhrab İsmayıl bildirib ki, mayda Şəhərsalma və Arxitektura Komitəsi uzun müddət üzərində çalışdığı “Böyük Bakının regional inkişaf planı” layihəsini ictimaiyyətə təqdim edib. Eyni zamanda, geniş ictimaiyyətin layihə ilə tanış olmaq imkanı da yaradıb: “Bakının baş planı məsələsi uzun müddətdir ki, gündəlikdə idi. Hələ sonuncu baş planın tarixi Sovet dövrünə gedib çıxır. Onun da müddəti 2005-ci ildə bitib. Təxminən 9 ilə yaxındır ki, yeni baş planın yaradılması zərurəti ortaya çıxıb. Bu da beynəlxalq təşkilatların dəstəyi ilə həyata keçirildi. Səhv etmirəmsə həmin layihəni Dünya Bankı maliyyələşdirdi”.
Z. İsmayıl bildirdi ki, bu plan təkcə Bakı şəhəri üçün nəzərdə tutulmayıb, eyni zamanda, Abşeron və Sumqayıtı da əhatə edəcək: “Bu layihənin qəbul olunmasından sonra növbəti mərhələdə Nazirlər Kabinetinin onu təsdiq etməsi gözlənilir. Bu, artıq Bakı şəhərinin inkişaf prosesində yeni bir mərhələ olacaq. Eyni zamanda, baş plan məsələsindən sui-istifadə halları da var idi. Çünki baş plan qüvvədə olmadığı halda bəzi dövlət qurumları ona istinad edib hansısa qərarlar qəbul edirlər. Bura son illər Bakıda gedən söküntü işləri də daxildir. Ona görə də biz mülkiyyət hüquqlarını müdafiə edən bir təşkilat kimi hesab edirik ki, regoinal inkişaf planının qəbul olunması olduqca vacibdir. Bir çox məsələlərin həllini asanlaşdıracaq. Eyni zamanda, mülkiyyət münasibətlərinə də öz təsirini göstərəcək. Düzdür planın özü müzakirə olunub, burada bəlkə də dəyişikliklər də olacaq. Ancaq ümumi yanaşsaq yaxşı addım kimi dəyərləndirmək olar”.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mütəxəssisi Feyzulla Quliyevin sözlərinə görə, Bakıda 2 mln 598 min nəfər yaşayır. 2030-cu ildə əhali 3,5 mln olacaq. Bakı ŞİH-nin Abşeronda 213 min ha torpağı var. Orta hesabla hər bakılıya 17,5 m2 mənzil sahəsi (mərkəzdən köçürülənlərin çoxunun adambaşına yaşayış sahəsi 4-6 m2 olub) düşür. O, həmçinin bildirdi ki, Bakı şəhərinin ən sonuncu baş planının vaxtı 2005-ci ildə bitib. Odur ki, yeni planın hazırlanmasına ehtiyac var idi və onlar da bu planı hazırlayıblar:
“Plan təsdiqlənmək üçün Nazirlər Kabinetinə yollanacaq. Onu da deyim ki, biz bu planı hazırlayarkən Bakı şəhərinin artmaqda olan əhalisini də nəzərə almışıq. Bakı şəhəri, Abşeron rayonu və eyni zamanda Sumqayıt şəhərini əhatə edəcək. Bizim bu layihə Bakının gələcəyinə çox yaxşı təsir edəcək. Yeni yolların salınması tıxacları aradan qaldıracaq. Universitetlər şəhərdən kənara köçürüləcək. Bundan əlavə, şəhər mərkəzində yaşıllaşma və parkların sayı artırılacaq. Mövcud metro yolunun ümumi uzunluğu 30 km-dirsə, bu üçqat artırılacaq. Bundan əlavə, gələcəkdə Bakıda yaşayan insanların sayının artmasını nəzərə alıb əlavə mənzillər tikiləcək. Bir sözlə, infrastrukturu dünya səviyyəsinə çatdırmaq niyyətindəyik. Neftayırma zavodları Bakı şəhərindən çıxarılacaq. Ələt qəsəbəsində ikinci hava limanı tikiləcək. Dənizkənarı ərazi yaşıllaşdırılacaq. Əsas məsələ şəhərdəki tıxacların azaldılması məqsədilə Bakının mərkəz hissəsi boşaldılacaq. Mövcud olan obyektlər qalmaqla mərkəz ərazisində turizmi inkişaf etdirmək istəyirik. Çünki bu mərkəz hissələrdə bizim tarixi memarlıq abidələrimiz var. Şəhər kənarında Sabunçu tərəflərdə böyük ticarət mərkəzlərinin yaradılması və şəhərin içindəki  obyektlərin əksəriyyətinin bu mərkəzlərə köçürülməsi də nəzərdə tutulub”.
“Azad İqtisadiyyata Yardım” İB-nin hüquqşünası Emin Abbasov isə bütün bu tikinti və söküntü işləri çərçivəsində pozulan mülkiyyət hüquqlarına toxdundu. Bildirdi ki, sənəd hələ işlənməkdədir, amma bir neçə ildir, mərkəzdəki sakinləri ucqarlara köçürürlər: “2009-2012-ci illərdə Xutor, Füzuli, Bədəlbəyli, M.Əliyev küçələri, Bayraq Meydanı, Heydər Əliyev Mərkəzi hüdudunda 3 min 930 ailənin evi uçurulub. Neftçilər və Azadlıq prospektləri, “Ramstor” ətrafında ev sahiblərinin hüquqları pozulub. Konstitusiyaya əsasən, mülkiyyət formasından asılı olmayaraq, heç kəs ondan məhrum edilə bilməz. “Dövlət ehtiyacları üçün torpağın özgələşdirilməsi haqqında” qanunda bildirilir ki, cədvəl tərtib edilib mülkiyyətçilərə ədalətli kompensasiya verilməlidir. Əslində onların evini alıb 1 m2 üçün standart 1,5 min manat verirlər. Adekvat ev ala bilməyənlər ya öz hesabına, ya da ipoteka və ya ktedit alıb şəhər ətrafında ev alır”.
Tədbirin sual-cavab hissəsində Feyzulla Quliyevə “baş planın vaxtı 2005-ci ildə bitmişdisə bəs, indiyə kimi aparılan tikinti-söküntü işləri hansı plana əsaslanıb?”- sualı verildi. F. Quliyev cavabında bildirdi ki, bu sual ona aid deyil: “Necə ki, bəstəkar əsəri bəstələyib verir drijorun ixtiyarına. Biz də onun kimi layihəni hazırlayıb vermişik Bakı Şəhər İcra Hakimiyyətinə. Onlar prosesi necə aparı,b bu bizlik deyil. Ola bilsin, tikinti-söküntrü işlərində insanlarla dövlət qurumları arasında anlaşmazlıq, problemlər yaşanıb. Ancaq bunun mənimlə heç bir əlaqəsi yoxdur. Çünki mən layihəni hazırlayanam”. 
Feyzulla Quliyev bildirdi ki, layihə sonlanmaq mərhələsindədir. Aidiyyatı qurumlarla artıq  razılaşdırılıb: “Hüquqi sənəd bir aya Nazirlər Kabinetinə təqdim olunacaq. Təsdiqi gözlənilir. Hesab edirəm ki, plan tam hazır olmasa da yerli icra hakimiyyətləri ona əsaslanıb iş görə bilərlər”.
Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin sədri Ramil Osmanlı isə bildirdi ki, nəinki Bakı şəhərində, eləcə də, Abşeronda şəhərsalma ilə bağlı çox ciddi problemlər var: “Bu problemlərin həlli üçün məncə nəinki 2030-cu ilə, hətta bundan daha çox müddətə ehtiyac var. Buradakı vacib məsələlərdən biri də şəhərdaxilində konkret olaraq ayrı-ayrı vətəndaşların nəzarətində olan fərdi yaşayış məntəqələridir. Hansı ki, qeyri-rəsmi məlumata görə bu mənzillərin sayı 500 mini ötüb. Bəzən mülkiyyət münasibətlərini biz yalnız ayrı-ayrı fərdələrin üzərində qurmağa çalışırıq. Dövlət qurumu infrastruktur layihəsi həyata keçidiyi zaman digər dövlət qurumunun işinə müdaxilə etməməlidir. Burada bütövlükdə vətəndaşların hüquqlarının pozulmasına gətirib çıxarmamalıdır. Bu gün Bakı şəhərində şəhərsalmanın təsirləri, söküntü işlərinin genişlənməsi və bunun qısa müddəti əhatə etməsi daşınmaz əmlak bazarına ciddi təsir edib. Bunun ən başlıca səbəbi tələb və təklifin strukturu ilə bağlı deyil. Səbəb müvafiq strukturların ictimaiyyətə vaxtında və dəqiq informasiya ötürməməsi ilə bağlıdır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=8518

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31