Məmməd İsmayıl od püskürdü

20.06.2014 - 01:02

Bir millətin ki, Allahı
para, pul olsun, ondan nə gözləyəsən?!

Bir millətin ki, Allahı
para, pul olsun, ondan nə gözləyəsən?!

 

Azərbaycan Yazıçılar Birliyinin XII qurultayı yalnız Anarın
növbəti dəfə sədr seçilməsi ilə yadda qalmadı, həm də Türkiyədə yaşayan
şair Məmməd İsmayılın alternativsizliyə tənqidi yanaşmasıyla tarixə
düşdü. Bu mənada şair Məmməd İsmayılla meydan.tv-nin söhbətində gündəmin aktual
ədəbi tədbiri ilə bərabər başqa məsələlərə də toxunulan söhbətin maraq doğuracağını nəzərə alıb müsahibəni video və yazı formada diqqətinizə çatdırırıq.

Məmməd müəllim, sizin “Sən kimi seçirsən, sən kimi xalqım” şerinizi götürərək sualımıza cavab istəyirik, Yazıçılar Birliyinin qurultayı baxımından Azərbaycan xalqı seçə bilirmi?

– Əvvəla, həmin şerin yazılmasının səbəbi birliyin qurultayı
ilə bağlı deyildi. Söhbət ümumi olaraq Azərbaycandakı seçim prosesi və
bu seçimin dəhşətli dərəcədə saxtalaşdırılması idi. Mən kənddə böyümüş
adamam, çoban heç zaman sürüsündə damazlıq olmayan qoyunu saxlamaz,
bağban heç zaman bağında ona bar verməyən ağacı saxlamaz, yəni toplum
seçməyi çox gözəl bacarır. Seçməyi bacarmasaydı bunlar olmazdı ki. Amma
nə yazıq ki, ölkəmizdə elə bir şablon qurulub ki… Bəli, 23 il azadlıq
ilində bir dəfə seçim oldu, o da rəhmətlik Əbülfəz Elçibəyin seçildiyi
seçki çox gerçək seçim idi. Mən o zaman seçkilərdə iştirak edirdim, özüm
də rəhbər vəzifədəydim. İndi sual yaranır, bütün toplum seçməyi
bacarırsa, nədən bütün seçimlər saxtalaşdırılır?

– Doğrudan da nədən saxtalaşdırılır, həm də yazıçıların seçimləri alternativsiz keçirilir?

– Əgər bir partiyanın seçimində başdan-başa saxtakarlıq olsa,
orda dərd yoxdur. Çünki şablon qurulub və toplum bu şablondan imtahan
versə də, hər dəfə də kəsilir. Bu illərdə millətə seçib-seçilmək imkanı
verilmədi, kənar güclərlə onun daxildəki uzantıları elə bir şərait
yaradıblar ki, kənar güclərə ölkənin başında kimlər lazımdırsa, fiziki
və mənəvi anlamda onları dəstəkləyirlər. Ölkənin başına gətirilənlər də
kənar güclərin dedikləri şəkildə davranırlar. Yəni onları tərifləyəcək,
öyəcək, ayaqda saxlayacaq adamlara seçim imkanları saxlayırlar.

Amma AYB-yə toplaşanları Azərbaycan ziyalılarının qaymaqları hesab edilir, yəni onlar da seçə, yaxud alternativ namizəd irəli sürə bilmirlər?

– Onları da tam qınamıram. Niyə? Çünki AYB üzvləri də başqa
bir mühitdə yaşamırlar. Yaşadıqları mühitin gözəgörünməz coğrafi, hava,
su sərhədlərində elə ictimai-psixoloji durum yaradılıb ki… Təsəvvür
edin ki, kənardan baxanda “Allahım mən o ölkəninmi övladıyam” deyə özünə
sual edirsən. Bu ölkə elə bərbad gündə görünür ki, bütün televiziyalar
səhərdən-axşama qədər yalanla ölçülür.

Amma həmin mühitdə olan müsavatçı şair Ramiz Rövşən Anardan başqasını sədr görmədi və onu tənqid edənləri başqa yuvanın adamları adlandırdı… 

– Mən sözün tam anlamı ilə Ramiz Rövşəni çox güclü şair kimi
qəbul edirəm. Amma mənim ürəyim ağrıyır. Niyə? Dostluğa sədaqət
düşüncəsi də bizim xalqın ənənələrindən biridir, bəs dostluğa sadiq
olmaq dostuna zərər gətirirsə, onda necə? Ramiz Rövşəndən soruşmazlarmı
ki, ay mənim gözəl şair qardaşım, nədən sənə müxalif düşüncəli olduğuna
görə nə ad, nə mükafat verirlər…

Amma mənzil verdilər…

– Bəlkə onu da susdurmaq üçün atıblar. Mın ona sual edirəm,
nədən sən mənimlə qarşı-qarşıya gələndə şerimi sevən, tərifləyən
birisən, bəs Məmməd İsmayılın ölkədə olmadığına nədən səsini
qaldırmırsan? Məmməd İsmayıl nədən vətəndən didərgin düşüb?

Niyə soruşmur?

– Azərbaycan ədəbi mühitində bir kişinin də bu məsələdə səsi
çıxmır. Dəhşətli bir şeydir, Əhməd Cavad, Almaz Yıldırım deyib
ağlayırlar, çünki onların hər ikisinin də düşməni tarixin məzarlığına
kömülmüş insanlardır. Amma Məmməd İsmayılın düşmənləri bu gün dim-dik
ayaqdadırlar, sağdırlar. Və “mənə nə” düşünürlər. Mən Rusiya, Türkiyə,
Macarıstan və elə yer yoxdur ki, ora dəvət olunmayım. Bəs nədən qışqırıb
soruşmursunuz ki, hanı Məmməd İsmayıl? Mən sovet dövründə nəşriyyat
direktoru və iki jurnalın baş redaktoru olmuşam, Azərbaycan
televizyasında 13 il “Odlar yurdu” proqramı hazırlamışam. Nədən bu
təcrübəmi gedib Türkiyədə öyrətməliyəm? Niyə Azərbaycanda yox?

Necə oldu ki, “Qalib gəldi, qalib getdi” deyən Anarı Ramiz Rövşən dəstəklədi, yalnız dost sədaqəti, yoxsa başqa səbəblər də var?

– Başqalarını deyə bilmərəm, Ramiz Rövşənin çıxışları mənim üçün heyrət doğurmadı. Bunlar onsuz da məlum idi.

Seyran Səxavətin də çıxışı heyrət doğurmadı?

– Seyran Səxavətin çıxışı rəzillik idi. Yəni bundan artıq da sənin günün də olacaqmı?

Söhbət “Qızıl teşt“i yazan Seyran Səxavətdən gedir…

– Bəli… Bir məqamı deyim, mənə söylədilər ki, “Azərbaycan”
qəzeti qurultayda iştirak edənlərdən yalnız mənim adımı çıxardıb. Belə
həyasızlıq, murdarlıq olarmı? Cidanı çuvalda gizlətmək olarmı? Bu boyda
adamı gizlətmək mümkündürmü?

Mən yenə də əvvəlki sualıma qayıdıram, adlarını çəkdiyim iki şair, yazıçının o cür çıxışının arxasında dost sədaqəti, yoxsa maddi maraq dayanır?

– Maraqların olub-olmadığını yaxın gələcəkdə görəcəyik. Gizli sirrlər heç zaman gizli qalmır.

Anar sizi uzun müddətdir ölkədə olmadığınızdan bir çox məsələlərdən xəbərsiz olduğuna eyham vurdu. İnternet dövründə ölkədə uzun müddət olmamağınız nələrdənsə məlumatsız olduğunuz anlamına gətirirmi?

– Sənin düşüncənlə Anar mənə necə və nə cür cavab verməliydi?

Cavab o oldu ki, onu çox tərifləməsinlər, bəzilərinin qarnı ağrıyar…

– O sözü də mənə atmışdı. Həmin atmaca AYB-nin, Rəsul
Rza-Nigar Rəfibəyli yadigarının və dünyanı gəzib dolaşmış bir adamın
dilindən çıxırsa, o zaman özünüz aydınlaşdırın. Yəni insanın dilindən nə
çıxırsa, içindən gəlir. Mənim qarnım ağrımır, niyə ağrımalıdır?! Nə
ehtiyacım var mənim Anara? Onun verəcəyi ada, mükafata heç bir ehtiyacım
yoxdur.

Məmməd müəllim, AYB-də vəziyyət o qədərmi kritikdir ki, dediyiniz kimi 500, min manata üzvlüyə qəbul edirlər?

– Türkiyənin ən ucqar bölgəsində bu xəbərlər gəlib mənə
çatır, sizə çatmırmı?! Bir məşədi, molla və bir xanım orda mənimlə
görüşdə bunları demişdi. Düzdür, mənə deyilənləri burda səsləndirirəm və
bunu söyləyənlərin kitabını ortalığa qoyuram. Mən AYB-nin qəbul
komissiyasında iştirak etmişəm, bəzən masamızın üzərinə kitablar
gətirirdilər, irəli sürdüyüm namizədlər isə kənarda qalırdı, kiminsə
tapşırdığı adam üzv seçilirdi. Komissiyanın hörmət etdiyim sədri Fikrət
Sadiqa deyirdim ki, bu adamların kitablarını gətirin və nəyə görə onları
üzvlüyə qəbul etdiyimizi deyin. O zaman “Gənclik” jurnalının baş
redaktoruydum, mən tanımaya-tanımaya belələri necə üzv qəbul oluna
bilərdi? Kitabları gətirirdilər, deyirdim oxuyun o adamın şerlərini,
oxuyandan sonra “bəyəndinizmi” sualını verirdim, hamısı başını aşağı
salırdı. Soruşurdum ki, bəs bəyənmədiyiniz adamı necə üzv qəbul
edirsiniz? Ondan sonra Hüseyn Əfəndinin, Sabir Sarvanın, Səfər
Alışarlının kitablarını gətizdirirdim, zəmanəti də özüm vermişəm, amma
heç biri tovuzlu və qazaxlı deyil. Bəs bunları niyə üzv qəbul
etmirsiniz, aydın cavab vermirdilər. Əgər məhkəmə olsa, mən də həmin
məşədinin və axnımın kitabını götürüb qoyaram ortalığa, halbuki, nə
hecası, nə qafiyəsi, nə əruzu var. O zaman bu adamı niyə üzv seçmisiniz?

Ümumiyyətlə, Anarın ətrafında toplanma şəxsiyyətə pərəstişdir, yoxsa maddi maraqlardan doğur?

– Mən hadisələri yumşaltmaq üçün demirəm, onsuz da “ox yaydan
çıxıb” və məni düşmən kimi görürlər. Eşq olsun ona, “qarnı ağrıyır”
cümləsinə görə, necə qurdu onu, bilmirəm, fantastik düşüncəyə malikdir.
Mən Anarı şəxsiyyətsiz hesab etmirəm, o Azərbaycan ədəbiyyatında
özünəməxsus yeri olan adamdır. Mən onun əsərlərin sevmişəm və ona məktub
da yazmışam. Amma mənim gözləməkdə olduğum Anar tamamilə başqa bir
adamdır. Bu, artıq şəxsiyyətə pərəstişlik deyil, qurultaydakı böyük
çoxluq “daha nə edək, xala xətrin qalmasın, seçim onundur, istəyir olsun
da” deyə düşünür.

Amma Anar 10-15 il də birliyin sədri ola biləcəyini də söyləyib…

– Mən də bildirdim ki, “Anar olmasa, AYB-ni bizdən
alacaqlar”- deyə söyləyirsiniz, 80, 85 yaşı ola bilər, amma günün
birində gedəcək, o zaman 1600 olan biz yazıqlar nə edəcək? Belə rəzalət
olarmı? Axı bu nə deməkdir, anlamıram. Məmməd İsmayıl olmasa dünya
dağılar, elə şey olarmı? “Gənclik” jurnalı yoxdur, Azərbaycan çökdümü?
İnsanların bəzilərinin xəbəri yoxdur, adamları televiziyalar vasitəsilə
zombiləşdiriblər, bilmirlər ki, gəlişi gözəl binalardan mənə nə xeyri
var? Bu binaların işindəki faciələri görmürsünüzsə, onların mənə nə
aidiyyatı var?

Bəs həmin 1600 şair və yazıçı binaların içindəki faciəni yaza bilirmi?

– Mən yazıram, 1600 nəfərin yazıb-yazmamasının mənə aidiyyatı
yoxdur. Bundan başqa, Bakı Azərbaycanın feodal bədənində kapitalist
yarasıdır. Feodalizmin, kapitalizmin insanın ağalar tərəfindən
yönətməsini əlindən alıb pulun əlinə verdilər. Bir millətin ki, Allahı
para, pul olsun, ondan nə gözləyəsən?!

Doğrudanmı, millətin Allahı paradır…?

– 99 faizi elədir.

Millət nə etsin ki…?

– Necə yəni nə etsin?!

Axı millətin ziyalısı öndə olmalıdır…

– Məndən qəhrəman yaratmayın, mən qəhrəman deyiləm, səmimi
deyirəm. AYB-nin qurultayında bir söz demişəm,  zənglər dayanmır, bəs
dünənə qədər niyə axtarmırdılar? “Gənclik” jurnalının baş redaktoru
olmuşam, həmin dərgidə 6 ildə etdiklərimi heç bir mətbuat orqanı
etməyib. Görmürsünüz ki, Azərbaycan televiziyaları nə gündədir?! Əbülfəz
Elçibəyin tənqid edilməli tərəfləri vardı, amma bir dəfə onun haqqında
veriliş hazırladıq, zəng edib dedi ki, bəy, bir də barəmdə tərifli
proqram hazırlamayın. Cavab verdim ki, bəy, sovet dövründən yeni
çıxmışıq, alınmır. Dünən prezident olan şəxs “məni tərifləməyin”
deyirdi, bu gün Ali Sovetin sədri olan zəng edib deyirdi ki, mənə
göndərilın teleqramları efirdə oxuyun.

Heydər Əliyev demişdi?

– Bəli, bəs kim deyəcəkdi?! Ali Sovetin mətbuat xidmətinin
rəhbəri Aqşin Babayev zəng edib deyirdi ki, bəs kişi çox hirslidir.
Soruşurdum ki, kişi kimdir? Cavab verirdi ki, bilmirsinizmi kişi kimdir?
Sula edirdim, İsa Qəmbər olanda, kişi demirdin, indi nə oldu?

Amma sizin sədr olduğunuz vaxtda Azərbaycan televiziyaslndan Xaliq Bahadır kimi bir insanı çıxartdılar…

– Onu sizə düz çatdırmayıblar. Lazım idimi ki, dövlət
quruculuğu gedən vaxtı içəridə o boyda mübarizə, yəni müavin olmaq? O,
hərdənbir mənim ünvanıma atır, amma qələminə hörmətim olsa da,
polemikaya girmək istəmirəm. Adamdan soruşmazlar ki, müavin olmaq sənin
adına yazılmışdımı? Niyə Səfər Alışarlı müavindir, mən yox – deyə etiraz
edirdi.

Xaliq Bahadır bildirib ki, Səfər Alışarlını Naxçıvandan Az.Tv-yə göndərmişdilər…

– Xeyr, qətiyyən. O sirri açım, onsuz da həmin posta bir
naxçıvanlı, yaxud ermənistanlı qoyulacaqdı. Mən öz işçimi gətirdim və
dedim ki, mən həmin Məmməd İsmayıl, sən də həmin Səfər Alışarlısan.

Yekuna gələk, SSRİ dağılıbsa, müstəqil dövlətiksə, Yazıçılar Birliyinin 80 illik yubileyini keçirmək anlama gələ bilər?

– Bu məsələdə polemikaya girə bilərəm. AYB bir orqanizmdir,
mənim həyatımın 45 ili orda keçib, tariximizin bir parçasıdır. AYB-nin
olmasının kimə zəzəri var?! Amma AYB sadəcə iqtidarı dəstəkləyir, onun
ideolojisini həyata keçirirsə, bunun da səbəbi dövlətin jurnal və
qəzetlərə dəstək olmasıdır. Amma Belarus, Türkmənistan və Moldavada
şairlər, yazıçılar çap etdikləri kitablardan qonarar da alırlar, bizdə
heç nə almırlar. Bütün hallarda belə qurumun həyatda qalması fəna deyil.
Biz hər ikimiz iki rejimi bir bədəndə yaşayan insanlarıq, kəsib ata
bilmərik, mümkün deyil, yeni rejimə də uyğunlaşmalıyıq. Həm də qutsal
müstəqillik düşüncəmizi murdarladılar. Bir sözlə, bu eybəcərlik bütün
qurumlara yayıldı.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8612

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930