Sumqayıt deputatının və oğlunun biznes imperiyası
problemlərin əlində aciz qaldığı bir vaxtda, millət vəkili özünün və ailə
üzvlərinin rahat yaşayışını təmin edir
birmənalı şəkildə qadağandır. Ölkə Konstitusiyasının 89-cu maddəsinin 4-cü
bəndində konkret olaraq göstərilir ki, Azərbaycan Respublikası Milli Məclisinin
(MM) deputatı sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul
olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından
məhrum edilir.
Buna baxmayaraq, Milli Məclisdə mandat sahibi olan deputatların
bir qismi bizneslə məşğul olur. Onların biznesi haqda Milli Məclis rəhbərliyi
məlumatlı olsa da, qanun səviyyəsində heç bir tədbir görülmür və hansısa
səbəblərə görə biznesmen deputatlara güzəşt olunur.
Yəni ölkə təcrübəsində bu vaxtadək bizneslə məşğul olan deputatın
mandatının əlindən alındığını görməmişik. Məhz bundan arxayın düşən bəzi millət
vəkilləri sahibi olduqları biznes şəbəkəsini daha da genişləndirirlər.
Parlamentin biznesmen deputatlarından biri də 44 saylı Sumqayıt-Abşeron seçki
dairəsindən millət vəkili seçilən Hacı Baba oğlu Salayevdir.
MM-in təhlükəsizlik və müdafiə komitəsinin üzvü olan deputatın biznes
maraqları barədə mətbuat səhifələrində dəfələrlə məlumat verilib.
Qeyd edək ki,
Milli Məclisdə akkreditasiyadan keçmiş jurnalistlər arasında aparılmış sorğuda
Hacı Salayevlə bağlı maraqlı məqam ortaya çıxıb. Sorğuda iştirak edən parlament
jurnalistlərinin böyük hissəsi belə bir deputatın adını eşitdiklərini, amma
üzünü görmədiklərini vurğulayıblar. Hacı Salayev az danışan və az görünən
deputat kimi xarakterizə edilir. Biz isə bu gün sizə deputatın biznesi və
övladlarının yaşadığı bahalı həyat tərzi barədə bir sıra faktları
açıqlayacağıq.
Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara əsasən, deputatın
biznesinin özəyini Yasamal rayonu ərazisində yerləşən və paytaxtın elit
məkanlarından biri kimi tanınan “Lake Palace Hotel”i təşkil edir.
Mənbənin bildirdiyinə görə, hoteldə qiymətlər dodaq uçuqladır. Bu səbəbdən
obyektə daha çox xarici turistlər və yerli elitanın nümayəndələri gəlirlər:
“Hoteldə göstərilən xidmətlərin maliyyə qarşılığı çox yüksəkdir. Obyektin
həyətində yaradılan süni göl müştərilərin marağına səbəb olur. Burda müxtəlif
tədbirlər, bəzən isə şadlıq mərasimləri də təşkil edilir”.
Məlumatda
həmçinin deyilir ki, “Lake Palace Hoteli”nin tikilməsinə və içinin
bəzədilməsinə milyonlarla manat pul sərf edilib. Maraqlıdır, görəsən, Hacı
müəllim bu qədər pulu necə və hansı yollarla əldə edib? Axı onun bir deputat
olaraq bizneslə məşğul olması qadağandır. MM üzvünün özü bu məsələyə aydınlıq
gətirsəydi, çox yaxşı olardı. Araşdırmalar nəticəsində məlum oldu ki, millət
vəkilinin biznesinə daxil olan müəssisələrdən biri də “Trust”
Mühafizə Şirkətidir. 3 min nəfərdən çox əməkdaşı olan şirkət ölkədəki xeyli
obyektin mühafizəsini təşkil edir. Bu obyektlər arasında banklar, istehsal
müəssisələri, böyük satış mərkəzləri, əcnəbi şirkətlərin ölkəmizdəki
nümayəndəlikləri və digər obyektləri var. “Trust”un əməkdaşlarının
mühafizə etdiyi böyük şirkətlər arasında “Pepsi-coca cola” şirkəti də
var.
Qeyd edək ki, deputatın sahibi olduğu şirkətin adı bir neçə ay əvvəl
oğurluq hadisəsində hallanmışdı. Belə ki, şirkətin mühafizəçiləri
“Pepsi-coca cola”dan oğurluq ediblər. Mediada yayılan məlumatlara
görə, şirkətin əməkdaşları böyük miqdarda “marqans” kimi tanınan
Kalium permanqanat adlanan maddə oğurlayıblar. Həmin maddədən “Pepsi coca
cola” və digər sərinləşdirici maddələrin istehsalında istifadə edildiyi
bildirilir. Eyni zamanda ondan bəzi partlayıcı maddələr hazırlanmasında da
istifadə olunur.
Xəbərdə o da qeyd olunub ki, şirkətdən oğurluq faktının üstü açılandan
sonra əvvəlcə bu məsələni öz aralarında həll etmək istəyiblər. Şirkət ilə
“Trust” arasında aparılan danışıqlar vasitəsilə nəticə əldə
olunmadığından iş hüquq-mühafizə orqanlarının səlahiyyətinə verilib. Bundan
sonra “Trust”da həbslər həyata keçirilib və xeyli şəxs saxlanılıb.
Hətta məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarının əməkdaşları Hacı
Salayevin özü ilə də qeyri-rəsmi söhbət aparıblar. Məlumatlara əsasən, oğurluq
faktının üstü açılandan sonra “Trust”un bütün mühafizə sistemi
alt-üst edilib, şirkətin mərkəzi ofisində axtarış aparılıb. Hacı Salayev
hüquq-mühafizə orqanlarının ehtiyatda olan polkovnik-leytenantı olduğundan
yaranmış problemi bir güclə yoluna qoymağı bacarıb.
Onu da qeyd etmək lazımdır ki, deputat bu yaxınlarda tanınmış iş adamı,
milyarder Telman İsmayılovla qohum olub. Belə ki, Hacı Salayevin oğlu Kənan
Salayev milyarderin qardaşı qızı Arzu Mərdanova ilə ailə həyatı qurub. Mənbənin
sözlərinə görə, Telman İsmayılovla qohum olandan sonra Hacı Salayevin maliyyə
imkanları daha da genişlənib və bitərəf deputat obyektlərinin sayını artırmağa
başlayıb. Onun Türkiyədə də biznes qurması yayılan xəbərlər arasındadır.
Apardığımız araşdırmalarda diqqət çəkən məsələlərdən biri də millət
vəkilinin övladlarının yaşadığı bahalı həyat tərzi ilə bağlıdır. Deputatın
kiçik oğlu Turqut Salayev ölkənin nüfuzlu universitetlərindən birində təhsil
alır. Atasının ərköyün övladı avtomobil həvəskarı olduğu üçün tez-tez maşın
dəyişir. “Auto.az” saytında Turqut Salayevin 10-TT-010 və 90-DD-010
nömrələri ilə idarə etdiyi maşınlarının görüntüsü açıq şəkildə göstərilib.
Şəkillərdən gördüyünüz kimi, deputatın oğlu eyni nömrəni həm “Range
Rover”, həm də “Mercedes CL63″ə, 90-DD-010 nömrəsini isə qara
rəngli “BMW X6″ya vuraraq paytaxt küçələrində meydan sulayır. Bildiyimiz qədərilə
eyni nömrənin bir neçə avtomobilə vurulması qadağandır. Amma Turqut Salayev
deputat oğlu olduğuna görə ona “yaşıl işıq” yandırılır. Bu gəncin
tələbə ola-ola qiyməti baha olan maşınları hansı pullarla alması maraq doğuran
məsələlərdəndir. Turqut Salayev sürdüyü maşınlarla yanaşı, yaşayış tərzinə və
geyiminə də xüsusi diqqət yetirir.
Deputat oğlunun “facebook” sosial şəbəkəsində paylaşdığı
şəkillərdə xarici ölkələrdə istirahət etdiyi, krallara layiq kef çəkdiyi aşkar
şəkildə görünür. O həmçinin brend geyim dükanlarından paltarlar geyinir, bahalı
qol saatları vurur və növbənöv ətirlərdən istifadə edir. Buna bir sözümüz
yoxdur. Ancaq millət vəkilinin övladının hansı pullarla bahalı avtomobillər
idarə etməsi, xaricdə əyləncəli anlar keçirməsinin maliyyə qaynağını araşdırıb
tapmaq lazımdır. Hacı Salayevə səs verib onu deputat seçən seçicilər müxtəlif
problemlərin əlində aciz qaldığı bir vaxtda, millət vəkili özünün və ailə
üzvlərinin rahat yaşayışını təmin edir. Bu nə dərəcədə doğrudur?..
Parlament üzvünün digər oğlu Kənan Salayev isə “GoldenPey”
ASC-nin Müşahidə Şurasının üzvüdür. O da qardaşı kimi qiyməti baha olan
maşınları və kübar həyatı xoşlayır. Hesab edirik ki, Milli Məclis rəhbərliyi və
müvafiq instansiyaların rəsmiləri deputatın fəaliyyətinə nəzarəti gücləndirməli
və onu qanunun tələblərini pozduğuna görə cəzalandırmalıdır. (gundelik-bakı)
Short URL: http://www.cumhuriyyet.net/?p=8613