Heydər Əsədov İsmət Abbasovun daha bir kadrını hədəfə alıb
Sialə Rüstəmovanın adı da “vurulacaq” kadrların siyahısına düşüb
Kənd
təsərrüfatı naziri Heydər Əsədovun rəhbərlik etdiyi qurumda kadr
islahatları davam edəcək. Bu barədə Xalqxeber.Az-a adıçəkilən nazirliyə
yaxın qaynaqlardan bildirilib. Xatırladaq ki, kənd təsərrüfatı
nazirinin iki müavini bir müddət əvvəl vəzifədən azad edildi. Bunlar
Aslan Aslanov və Bəhram Əliyev idi.
Qarşıdakı günlərdə nazirlikdə
hansı kadrların “vurulacağına” dair isə iddialar xeyli intensivləşib.
Məsələn, belə iddiaların bəzilərinə görə, nazirliyin tərkibindəki
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin ictimai rəydə hədsiz
korrupsiyalaşmış qurum obrazı yaratması və bunda səhmdar cəmiyyət
üzvlərinin “misilsiz xidmətlərinin” olması yeni kənd təsərrüfatı
nazirinin “Aqrolizinq”in indiki rəhbər vəzifədə olanları da işdən
kənarlaşdıracağı qənaətini qətiləşdirir.
Xalqxeber.Az-a nazirliyin
tərkibindəki Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmovanın da
işindən kənarlaşdırılacaq kadrların siyahısına düşdüyü bildirildi.
İddialara görə, Heydər Əsədov adıçəkilən xidmətin fəaliyyəti ilə bağlı
bir çox bilgilər əldə edib və bu qurumun yeni nəfəsə ehtiyacı olduğu
qərarına gəlib. Beləliklə də, qarşıdakı günlərdə Dövlət Baytarlıq
Xidmətinin hazırki rəisi işindən uzaqlaşdırılsa və bu quruma yeni rəis
təyin edilsə, heç kim təəccüblənməməlidir.
Qeyd edək ki, Dövlət
Baytarlıq Xidmətinin fəaliyyəti uzun müddətdir KİV-də tənqid edilir. Bir
qədər əvvəl isə mətbuat yazdı ki, adıçəkilən qurumun 2013-cü il üzrə
illik büdcəsi 18,4 milyon manat müəyyənləşib. Bundan başqa, 2005-2012-ci
illərdə bu quruma 16,6 milyon manat dövlət investisiyası yatırılıb.
Amma həmin pulların xərclənməsində şəffaflıq demək olar ki, yoxdur.
Mətbuat qeyd edir ki, Dövlət Baytarlıq Xidməti indi daha çox ət
dükanlarından xərac yığmaqla məşğuldur: ona görə də kənd təsərrüfatı
nazirinin adıçəkilən qurumun bu cür obrazını dəyişdirmək üçün kadr
islahatlarına getməsi tamamilə gözləniləndir.
Short URL: http://www.cumhuriyyet.net/?p=8617