Büdcədən maliyyələşməyən partiyalarda pul böhranı

20.06.2014 - 08:44

Real müxalifət partiyaları çıxılmaz durumla üzləşib

Real müxalifət partiyaları çıxılmaz durumla üzləşib

Dövlət
büdcəsindən maliyyələşmənin ancaq Milli Məclisdə təmsil olunan
partiyalara tətbiq edilməsi, parlamentdə təmsilçilik hüququ əldə etməyən
tanınmış müxalifət partiyalarının fəaliyyətinə öz fəsadlarını
göstərməkdədir. Belə ki, artıq real müxalifət partiyalarının
əksəriyyətinin maliyyə sıxıntısı böhran həddinə çatıb. Müxalifət
partiyalarının rəhbərliyinə daxil olan şəxslər də açıq şəkildə bəyan
edirlər ki, partiyalar maliyyə sarıdan fəlakət yaşayırlar. Belə vəziyyət
isə təbii ki, partiyaların normal, səmərəli fəaliyyətinə imkan vermir.

Ekspertlər
isə bildirirlər ki, real müxalifət partiyalarının maliyyə durumunun
acınacaqlı vəziyyətə düşməsinin obyektiv və subyektiv səbəbləri var.  

Müsavat
Partiyasının Divan üzvü, iqtisadçı alim Qubad İbadoğlu isə bu mövzuda
danışarkən bildirdi ki, beynəlxalq təcrübədə siyasi partiyaların
maliyyələşməsi mənbələrinin əksəriyyəti Azərbaycanda faktiki olaraq
sıradan çıxıb və çıxarılıb: “Beynəlxalq praktikada siyasi partiyaların
maliyyələşmə mənbələri bir neçə qrupa bölünür. Ən əsası üzvlük haqları
hesabınadır. Amma o partiyalar üzvlük haqqından daha çox qazanır ki,
üzvlərinin sayı kütləvi olsun. Belə kütləvi üzvlük və üzvlük haqları ilə
yüksək səviyyədə maliyyələşmə daha çox Almaniyada və ABŞ-da müşahidə
olunub. Kütləvi üzvlük isə o zaman baş verir ki, ölkədə iki-üç aparıcı
partiya olur. Məsələn, Almaniyada elə partiya var ki, 1 milyon nəfər
üzvü var və onların üzvlük haqları partiyanın maliyyələşməsini çox
yüksək səviyyədə təmin edir. Üzvlərin üzvlük haqqı kimi ödənişlərindən
əlavə müəyyən ianələri də olur. Partiyaların dövlət maliyyələşdirilməsi
praktikası da var. Artıq Azərbaycanda da bu sistem parlamentdə təmsil
olunan partiyalara tətbiq edilir. Daha bir maliyyələşmə partiyalara
müəyyən sahibkarlar tərəfindən ianələr vasitəsilə olur. İdeoloji
baxımdan partiyaların xəttinə yaxın olan sahibkarlar tərəfindən həmin
partiyaya maddi yardımlar edilir. Partiyalar sahibkarlıq fəaliyyəti ilə
məşğul olur. Azərbaycanda buna icazə yoxdur”.

İqtisadçı
alim qeyd etdi ki, Azərbaycanda, məsələn, Müsavat kimi müxalifətdə olan
partiyaların demək olar ki, əsasən iki maliyyələşmə mənbəyi var idi.
 Bir mənbə üzvlərin üzvlük haqqı kimi ödənişləridir: “Bizim partiya
əsasən bu mənbədən maliyyələşib. Son dövrlər həqiqətən də partiya
aparatının saxlanılması, partiyanın ofisinin saxlanılması, partiyanın
cari fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı ciddi problemlər
yaranıb. Bəzən görürsən ki, hətta elektrikə və digər kommunal xərclərə,
telefona görə borclar yaranır. Bizim maliyyə imkansızlığımız partiya
olaraq bu xərcləri qarşılamaq iqtidarında deyil. Üzvlük haqlarından
yığımlar bir tərəfdən azalır, digər tərəfdən cari xərclərimiz artır. Ona
görə də vəziyyət daha da gərginləşir. Məsələn, deyək ki, əvvəllər
rayonlara toplantılara, məhkəmələrə gedəndə avtomobillərə 40 manat
vəsait ayrılırdısa, indi 60 manat tələb olunur, çünki benzin bahalaşıb.
İkinci tərəfdən, partiya üzvlərinin vəziyyəti əvvəlki kimi deyil,
maliyyə problemləri içində yaşayırlar. Əvvəllər bəziləri işləyirdilər,
qazandıqlarının müəyyən hissəsini də partiyanın fəaliyyətinə töhfə kimi
verirdilər.

İndi müxalifət partiyalarının
üzvlərinin böyük əksəriyyəti işsizdir, işləyənlərin işdən çıxarılması
prosesi gedib. Bu vəziyyətin digər bir sıra müxalifət partiyalarında da
yaşandığını söyləmək mümkündür. Artıq müxalifət partiyalarındakı
üzvlərin əksəriyyəti cüzi üzvlük haqqını da ödəmək iqtidarında deyil.
Azad sahibkarlar var idi ki, məsələn, Müsavat Partiyasının
ideologiyasının genişlənməsinə töhfə vermək istəyirdi. Azad sahibkarlar
sinfi də hər il boğulur və sıradan çıxarılır. Nəticədə partiyanın
fəaliyyətinə dəstək verən iş adamları imkansız duruma düşürlər.
Müxalifət partiyalarına dəstək verənlərin təzyiqlərə məruz qalması da
partiyaların maliyyə imkanlarının azalmasına gətirib çıxarır. İndiki
halda partiyaların fəaliyyətinin nəticəsi həm də onun maliyyə
imkanlarından asılıdır”. 

Q.İbadoğlunun
sözlərinə görə, əhalinin siyasi proseslərdə iştiraka marağı,
dəyişikliyə, seçkilərin demokratik keçiriləcəyinə inamı olmadığından
insanların müxalif partiyalara maddi dəstəyinin xeyli azalmasına gətirib
çıxarıb. Siyasi mühit dəyişərsə və həqiqətən də demokratik düşərgənin
hakimiyyətə gələcəyinə inam artarsa, avtomatik olaraq partiyaların
maliyyələşməsinin də mütənasib şəkildə artımına səbəb olacaq.(musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=8619

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31