Tayib Ərdoğanın Gülən hərəkatına Bakı hücumunun ikinci dalğası

20.06.2014 - 10:58

Hakimiyyət Türkiyə baş nazirinin israrlı “xahişləri”
qarşısında sonadək duruş gətirə bilmədi, növbəti hədəf camaata bağlı
klinikalardır, artıq onlardan da bir neçəsinin fəaliyyəti dayandırılıb
Ölkədəki “Gülən məktəbləri” bir
qərarla bağlandı; hakimiyyət Türkiyə baş nazirinin israrlı “xahişləri”
qarşısında sonadək duruş gətirə bilmədi, növbəti hədəf camaata bağlı
klinikalardır, artıq onlardan da bir neçəsinin fəaliyyəti dayandırılıb

Azərbaycan
Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və “Araz
Kursları” MMC-nin fəaliyyətinin dayandırılması haqqında qərar verilib
.

Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən APA-ya verilən məlumata görə,
ARDNŞ-in həmtəsisçi olduğu “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi”
İctimai Birliyinin (ABTM) bu gün toplantısı keçirilib.

Toplantıda Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin (ABTK)
nəzdində fəaliyyət göstərən “Araz Kursları” MMC, onun təsisçisi olduğu
digər qurumların və ümumtəhsil məktəblərinin fəaliyyəti ilə bağlı
ABTM-də yaranmış əlavə xərclərin qarşısının alınması və bu layihənin
maliyyə və idarəetmə baxımından mürəkkəbliyini nəzərə alaraq qeyd olunan
qurumların ləğv edilməsi məqsədəmüvafiq hesab edilib.

Birliyin ümumi yığıncağında o da qeyd olunub ki, “Araz Kursları”
MMC-nin fəaliyyəti ali təhsil müəssisələrinə qəbul imtahanları başa
çatanadək davam etdiriləcək və ABTK-da təhsil alan və əmək
münasibətlərində olan şəxslərin hüquqları və qanuni mənafeləri
qanunvericiliyə uyğun şəkildə təmin olunacaq. Belə ki, hər bir təsisatda
təhsil alan və çalışan şagird və pedaqoji heyətin yeni dərs ili
başlayanadək müvafiq qaydada yerləşdirilməsi üçün lazımi tədbirlər
görüləcək.

Qeyd edək ki, ABTK-nın tərkibinə bir neçə bağça, ölkənin müxtəlif
bölgələrində 11 lisey, “Araz” hazırlıq kursları və Qafqaz Universiteti
daxildir.

Ölkədə öncə çaşqınlıq, sonra isə şok yaradan bu qərarın mənası
budur: Azərbaycanda 20 ildən artıqdır fəaliyyət göstərən Fətullah
Gülənin rəhbərlik etdiyi “Hizmet” hərəkatına bağlı bütün təhsil şəbəkəsi
dağıdıldı. Hələlik bu qərarın Qafqaz Universitetinə şamil olunmadığı
deyilir. Lakin digər ümumtəhsil məktəbləri bu qərardan sonra bağlanmış
saylır.

Musavat.com-a daxil olan məlumata görə, bu qərar Türkiyənin baş
naziri Rəcəb Tayyib Ərdoğanın aylardır davam edən basqısı nəticəsində
baş verib. Ötən ilin dekabrından AKP iqtidarı və Gülən camaatı arasında
başlayan böyük çatışma ona gətirib çıxarıb ki, T. Ərdoğan əlindəki
imkanlardan istifadə edərək dünyanın hər yerində “Hizmet”çiləri təqib
etdirir. Azərbaycan hakimiyyəti həmin məktəbləri qorumaq üçün onların
təsisini ARDNŞ-ə dövr etmişdi. Lakin bu hərəkət T.Ərdoğan tərəfindən
açıq-aydın etirazla qarşılanmışdı; özünü aldadılmış hiss etdiyini də
mətbuat konfranslarından birində büruzə vermişdi.  O, məktəblərin
tamamən bağlanmasında və “Hizmet” hərəkatının Azərbaycandan
çıxarılmasında israrlı “xahişlər” edirdi. Azərbaycan iqtidarı qarşısında
“mən də sizə müxalif olanları Türkiyədə barındırsam, para qazandırsam,
xoşunuza (hoşunuza) gedərmi”,  deyə suallar verən Ərdoğan nəhayətə
məqsədinə ərmiş kimi görünür. Eyni xahiş-tələblər Qazaxıstan, ABŞ
prezidentlərindən də edilməkdə idi. Afrika ölkələrindəki “Gülən
məktəbləri”ni də bağlatmaq üçün çaba göstərən və bütün bunları
gizlətməyən T. Ərdoğan ciddi nəticələrə nail olmaqdadır. Türkiyənin baş
naziri F. Güləni Bakıda məğlub etməyi bacardı. 

*   *   *

Gülən məktəblərinin- 1 gimnaziya, 11 lisey və 1 Beynəlxalq
İstedadlar Kompleksinin bağlanması Türkiyə mətbuatında da geniş əks-səda
yaradıb.

Türkiyənin bir sıra media quruluşları, ö cümlədən də “Anadolu
Ajansı” “Azərbaycanda Gülən məktəbləri bağlandı”  başlığı ilə manşet
yazısı dərc edib

Qafqaz Universitetinin prorektoru Natiq Paşa da virtualaz.org-a  bu
universitetin bağlanmayacağını və Naxçıvandakı türk liseylərinin
fəaliyyətini davam etdirəcəyini deyib.

N.Paşa Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin  (ABTK) tərkibinə
“Araz” kursları ilə bərabər 1 gimnaziya, 11 lisey və Qafqaz
Universitetinin daxil olduğunu söyləyib.

Prorektor Qafqaz Universitetinin ABTK-nın tərkibində olsa da, bu
qərarın ali məktəbi əhatə etmədiyini və onun fəaliyyətini davam
etdirəcəyini bildirib.

ABTK-nın  tərkibinə daxil olan və bağlanması üçün Təhsil
Nazirliyinə müraciət edilən 11 lisey bunlardır: Ağdaş liseyi, Bakı
liseyi, Dədə Qorqud liseyi, Qafqaz gimnaziyası, Gəncə liseyi, Quba
liseyi, Lənkəran liseyi, Mingəçevir liseyi, Sumqayıt liseyi, Şəki
liseyi, Şirvan liseyi.

Naxçıvan Muxtar Respublikasında (MR) fəaliyyət göstərən Naxçıvan
Türk Liseyi, Şərur Türk Liseyi və Ordubad Qız Liseyi fəaliyyətini
dayandırmır. Səbəb kimi isə onların ABTK-nın  tərkibinə daxil olmaması
göstərilir. Naxçıvanda olan liseylər Naxçıvan MR Təhsil Nazirliyi və
“Zaman öyrətim” təhsil qurumuna aiddir. 

Məlumata görə, Naxçıvanda da “Araz” kursu fəaliyyət göstərir. Lakin
bu kurs “Araz kursları” MMC-nin nəzdində olmadığından onun da
fəaliyyəti davam etdiriləcək.

Bir sıra məlumatlı şəxslər və ekspertlər  “Gülən məktəbləri”nin
bağlanmasını Azərbaycanda “Hizmet” hərəkatına qarşı hücumun ikinci
dalğası sayırlar və hesab edirlər ki, bu proseslər Türkiyə hökumətinin
çox ciddi basqıları nəticəsində baş verir. 

Qeyd edək ki, Türkiyə baş naziri Ərdoğanın Bakıya səfərindən sonra
Azərbaycanda nurçulara qarşı başlayan hücumun ilk dalğasında Prezident
Administrasiyasının şöbə müdiri Elnur Aslanov, Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin sədri Elşad İsgəndərov və bəzi kiçik vəzifəli
məmurlar işdən çıxarıldılar.  Camaata bağlı bir sıra biznes strukturları
çökdürüldü, bir neçə böyük şirkətin işləri yarımçıq dayandırıldı. Bu
dalğanın ikinci mərhələsində isə göründüyü kimi “Gülən məktəbləri”nin
fəaliyyəti dayandırıldı. Bu isə Azərbaycanda camaata indiyədək vurulan
ən böyük zərbə hesab olunur. Verilən qərar həm də ölkənin təhsil
sektorunda və övladları  “Gülən məktəbləri”ndə təhsil alan valideynlər
arasında şok effekti yaradıb.

“Yeni Müsavat”a daxil olan məlumata görə, eyni proses səhiyyə
sistemində də gedir. Gülən camaatına bağlı Azərbaycanda fəaliyyət
göstərən səhiyyə müəssisələri, bir sıra məşhur klinikalar bağlanır.
Artıq onlardan bir neçəsinin fəaliyyəti dayandırılıb.  Səhiyyə Nazirliyi
lisenziyasının müddəti başa çatan bir sıra klinikaların  lisenziyasının
vaxtını uzatmaqdan imtina edir.

Göründüyü kimi, Türkiyə hökuməti Gülən camaatının Azərbaycanda
tamamilə çökdürülməsində israrlıdır və bunun  üçün bütün vasitələrdən
istifadə edərək Bakıya təzyiq göstərir. Son baş verənlərdən isə aydın
olur ki, hakimiyyət çox çalışsa da, sonadək bu təzyiqlərin qarşısında
davam gətirə bilmir.

Bundan sonra daha nələrin baş verəcəyini isə zaman göstərəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=8633

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31