“Həbs olunarkən MTN-lə bağlı yazılarımı qarşıma qoydular”

20.06.2014 - 18:50
“Günahsız insanı həbs edib, onun ailəsini gözü yaşlı qoymaq dəhşətdir”

“Günahsız insanı həbs edib, onun ailəsini gözü yaşlı qoymaq dəhşətdir”

Pərviz Həşimli: “Təsəvvür edin ki, 6 yaşında uşaq dodaqlarını şüşəyə dirəyib məni öpür”

Məhbus jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimli “Media forum” saytının suallarını cavablandırıb.
Pərviz
Həşimli “Moderator.az” saytının həmtəsisçisi, “Bizim Yol” qəzetinin
əməkdaşı, Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin rəhbəridir.
Onu
vətəndaş Təvəkkül Qurbanovla birlikdə ötən il sentyabrın 17-də Milli
Təhlükəsizlik Nazirliyi tutub. Bakı Ağır Cinayətlər Məhkəməsi onları
qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satmada və
qaçaqmalçılıqda təqsirli bilib. Bu il mayın 15-də Pərviz Həşimli 8 il,
Təvəkkül Qurbanov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Pərviz Həşimli hazırda Bakı İstintaq Təcridxanasında saxlanır.

– Təcridxanada gününüz necə keçir? Saxlanma şəraitiniz, səhhətiniz necədir?

MTN-in təcridxanası ilə müqayisədə Bakı İstintaq Təcridxanasında
vəziyyət normaldır. Hamıya, eləcədə də mənə eyni münasibət var. MTN-in
istintaq təcridxanasında saxlandığım müddətdə prezident İlham Əliyevə,
baş prokuror Zakir Qaralova, ombudsman Elmira Süleymanovaya və Prezident
Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
Fuad Ələsgərova ümumilikdə 30 müraciət yazsam da, heç biri ünvanına
çatmayıb. Bakı İstintaq Təcridxanasından da oxşar ərizələr yazmışam.
Ünvanına göndərilib-göndərilmədiyini bilmirəm. Mənə deyirlər ki,
göndərilir. Buna inanmaq istərdim. Ancaq hələ ki, rəsmi qəbz təqdim
etməyiblər. Çox istərdim ki, mənə hökm çıxaran hakimdən Məhkəmə-Hüquq
Şurasına etdiyim şikayət göndərilsin.
Səhhətimə gəlincə, gözlərimdə zəifləmə var.

– Yaxınlarınızla görüşə bilirsinizmi?
– Burada
görüş verilir. Ancaq şüşə arxasından olur. Övladım üçün bu çox ağırdır.
Dəfələrlə rəhbərliyə müraciət etsəm də, heç bir nəticə olmadı. Təsəvvür
edin ki, 6 yaşında uşaq dodaqlarını şüşəyə dirəyib məni öpür. Həm ailəm,
həm də mənim üçün bu, psixoloji baxımdan çox ağırdır. Artıq demişəm ki,
mən Bakı İstintaq Təcridxanasından cəzaçəkmə müəssisəsinə göndərilənə
qədər daha gəlməsinlər. Telefon danışığı hüququm tanınır.

– Siz müxalifətdə olan Xalq Cəbhəsi Partiyasının Ali
Məclisinin üzvü, hökuməti tənqid edən QHT-nin rəhbəri, qəzetin əməkdaşı
olsanız da, hakimiyyətin müxtəlif şəxsləri ilə əməkdaşlıq etdiyiniz
barədə də fikirlər səslənir. Sizcə, həbsinizdə belə geniş şaxəli
fəaliyyətinizin rolu olubmu? Ümumiyyətlə, ən qısa formada izahat verəsi
olsanız, nə deyərdiniz: sizi nə səbəbə həbs ediblər?

– Mən
partiya fəaliyyətindən daha çox jurnalist və hüquq müdafiəçisi kimi
fəaliyyət göstərmişəm. Həmkarlarım da etiraf edər ki, Azərbaycanda özəl
xəbər yazan üç-beş jurnalistdən biri olmuşam. Mənim çox geniş əlaqələrim
olub. Parlamentin ən azı 40-50 deputatı, 10-12 nəfər icra başçısı,
nazir müavinləri ilə tanışlığım, Daxili İşlər, Milli Təhlükəsizlik
nazirliklərində tanıdığım adamlar olub. Bu mənim jurnalist kimi
üstünlüyümdür. Ancaq MTN bu adamların arasında o şəxsləri hədəf seçdi
ki, həmin şəxslərlə konflikt yaşayırlar. Mən həbs olunacağımı bilirdim.
Çünki mənim və həmin adamların barəsində MTN-ə yaxın qəzetlərdə,
saytlarda şantaj, böhtan xarakterli yazılar gedirdi. Məni izləyirdilər.
Ona görə də həbsimdən öncə ABŞ səfirliyinə və Prezident
Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə məktub yazdım. Bildirdim ki,
ittihamın nə olacağını bilmirəm, amma məni şərləmək istəyirlər.
Həbsimin
əsas səbəbi həm Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş
İdarəsinin rəis müavini Əli Nağıyevi və onun qardaşını, həm də
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri, deputat Cavid Qurbanovu
vurmaq planları ilə bağlıdır. O insanların mənim qarşımda hər hansı
gözükölgəli əməlləri olsaydı, ən azı bu 9 ayda problemlərimlə
maraqlanardılar. Həbsimin digər səbəbi MTN-i tənqid etdiyim yazılardır.
Həbs olunarkən bu yazılarımı qarşıma qoydular.

– Məhkəmədə dəfələrlə dediniz ki, sizdən AXCP sədri Əli
Kərimli, “Azəryolservis” ASC-nin sədri, deputat Cavid Qurbanov və
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyevin
əleyhinə ifadə almaq istəyiblər. Həbs olunmamışdan əvvəl həmin şəxslərin
əleyhinə danışmaq və ya fəaliyyət göstərmək haqda sizə hər hansı
göstəriş olmuşdumu?

– Məni həbs edən günü dedilər ki, bizdə
məlumat var, onlar sənin vasitənlə Əli Kərimlini və “Azadlıq” qəzetini
maliyyələşdirib. Onlara bildirdim ki, bunu desəm belə, prezident
inanmaz. Belə şey mümkün deyil. O adamlar prezident İlham Əliyevin
ayağını qoyduğu yerə başlarını söykəyirlər. Mən heç kimə böhtan ata
bilmərəm. O anlar dəhşətli həyat yaşadım. Psixoloji, fiziki işgəncələr
verdilər. “Qurani-Kərim”i oxuyub güc alırdım. Məni şantaj edirdilər ki,
şəxsi həyatına dair video yayacağıq. Mən Allahdan qorxdum, heç kimə
böhtan atmadım.

– Jurnalistlərin və hüquq müdafiəçilərinin sizin müdafiəniz üçün gördüyü işləri qənaətbəxş hesab edirsinizmi?

Konkret olaraq heç kəsi qınamıram. Çünki siyasi məhbus çoxdur. Mən 8 ay
informasiya blokadasında olduğum üçün bu barədə konkret danışa
bilməyəcəm. Bildiyim qədər Rəşid Hacılı, Emin Hüseynov, Rəsul Cəfərov,
Çingiz Qənizadə, Novella Cəfəroğlu, Leyla Yunus məni ciddi müdafiə edir.
Mən özəlliklə “Bizim Yol”, “Azadlıq”, “Yeni Müsavat” qəzetlərinə,
“Mediaforum.az”, “Avropa.info” saytlarına, “Azadlıq” radiosuna və
“Turan” agentliyinə təşəkkür edirəm. Demokratik Qüvvələrin Milli
Şurasının sədri Cəmil Həsənliyə, Gültəkin Hacıbəyliyə, siyasi
partiyalara, “Amnesty İnternational” təşkilatı başda olmaqla mənim
hüquqlarımı müdafiə edən bütün beynəlxalq qurumlara təşəkkür edirəm.
Həbsdə olan adam üçün mənəvi dəstək böyük şeydir. Vəkillərim Elçin
Sadıqov, Bəhruz Bayramov, Fariz Namazlı, Yalçın İmanov məni tərk
buraxmadılar, sağ olsunlar.

– Həbsxana insanı çoxmu dəyişir? Dustaqlıq həyata baxışınıza,
ideyalarınıza çoxmu təsir edib? Həbsdə olan insan üçün azadlıq nə anlam
daşıyır?

– Həbs insanı çox dəyişir. Birinci növbədə insan
burada ötən illərinə qayıdır. Səhvlərini, addımlarını təhlil edir.
Təsəvvür edin ki, yalnız 90 gündən sonra imkan verdilər övladımın səsini
eşidim. Məni ən çox incidən, qəlbimi sızladan axtarış adı ilə evimə
hücum edib 5 yaşlı qızımın, hamilə yoldaşımın üstünə silah çəkmələri
oldu. Bu, həyatıma sağalmaz bir yara oldu. Bütün bunları ona görə
etdilər ki, guya mən MTN-in düşmən olduğu adamların sifarişi ilə bu
nazirliyin əleyhinə yazılar yazmışam.
Həbsdən cəmiyyətə baxanda insanı dəhşət bürüyür. Günahsız insanı həbs edib, onun ailəsini gözü yaşlı qoymaq dəhşətdir.
Azadlıq
böyük nemətdir. Mən hələ də üzümə dayanan adamı anlaya bilmirəm. Nə
qədər pul alsa da, azadlığını qurban verdi. Axı buna dəyməzdi.

– Azərbaycan Avropa Şurası Nazirlər Komitəsində sədrliyə
başlayıb. Bununla əlaqədar olaraq geniş əfv sərəncamının imzalanacağı
gözlənir. Əfv üçün müraciət edəcəksinizmi? Əfvə düşəcəyinizə ümid
edirsinizmi?

– Azərbaycan üçün beynəlxalq imic söhbəti
yoxdur. Təəssüf ki, beynəlxalq qurumların siyasi məhbusları azad
etdirmək üçün xüsusi mexanizmləri də yoxdur. Bizim ölkəmizdə siyasi
iradə qanundan daha hökmlüdür. Əfv məsələsinə gəlincə, mənim üçün əfvlə
azadlığa çıxmaq perspektivi yoxdur. Bunu mənə MTN generalı şəxsən
söyləyib. Mən Avropa Məhkəməsinə ümidliyəm.
Ağlasığmaz cəzanı
verdirməklə mənə qarşı amansız və barışmaz münasibət ortaya qoyulub. Ona
görə də əfvə ümid etməyim yersizdir. Qarşıda apellyasiya şikayətimə
baxılacaq. Prezidentə yazmışam ki, çıxışlarınızda insan hüquqlarının
qorunduğunu bəyan edirsiniz, mən Bakı Apellyasiya Məhkəməsində bu
dediklərinizin doğru olmasına inanmaq istərdim. Mənə qarşı çox böyük
qanunsuzluq edilib. Cinayət Məcəlləsinin 295-ci maddəsi qanunsuz hökm
çıxaran hakim üçün cinayət məsuliyyəti müəyyən edir. Amma bu maddə
praktikada tətbiq edilməyib. Hüquqi dövlət olsaydıq, mənə ağır cəza
verən hakim cəzalanardı. Avropa Şurasının üzvü olan ölkədə bu məhkəmə
sistemi rüsvayçılıqdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=8665

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31