Türk şirkəti Lerikdən niyə qaçıb?

20.06.2014 - 21:23

Büdcənin 22 milyon manatı ortada yeyilib, su-kanalizaiya xətlərinin çəkilməsi yarımçıq qalıb, əhali qəzəblidir

Büdcənin 22 milyon manatı ortada yeyilib, su-kanalizaiya xətlərinin çəkilməsi yarımçıq qalıb, əhali qəzəblidir
Regionların sosial-iqtisadi inkişafı məqsədi ilə xərclənmiş
51 miyard manatdan ucqar dağ rayonu olan Lerikə də  “pay” düşüb. Belə
ki, Dünya Bankı ilə Azərbaycan hökuməti arasında bağlanmış kredit
sazişinə əsasən su təchizatı və kanalizasiya şəbəkələrinin, həmçinin su
qurğularının təkmilləşdirilməsi məqsədilə “Meliorasiya və Su
Təsərrüfatı” ASC-nin elan etdiyi tenderdə qalib elan edilmiş Türkiyənin
“Gəlişim İnşaat, Turizm, Sənaye və Ticarət LTD”nin “Gelişim Group”
şirkəti işləri yarımçıq qoyaraq qaçıb. “Gelişim Group” şirkətinin
tikinti rəisi Mustafa Yalçınkaya isə yoxa çıxıb. Halbuki 2011-ci ildə
Azərbaycan hökuməti dövlət qrantı ilə bu layihənin gerçəkləşməsi üçün nə
az-nə çox, düz  22 milyon manat kredit götrüb. 
“Gelişim Group” bu pulla 16 min 569 metr məsafədən su
çəkərək, Lerik şəhərinin ən yüksək nöqtəsində sutəmizləyici qurğu inşa
etməli, daxil olan su təmizlənərək nasos vasitəsilə məhəllələrdə
tikiləcək 4 su anbarına vurulmalı və bunula da şəhərin fasiləsiz su
tələbatı təmin edilməli idi. Bundan başqa  çirkab suaların axıdılması
üçün sistem qurulmalı və şəhərin aşağı hissəsindəki anbarda çirkab
suları təmizlənərək Lerik çayına axıdılmalı idi. Həm su xəttinin, həm də
kanalizasiya sisteminin tikilməsinin 2013-cü ilin fevral ayında tam
başa çatdırılması nəzərdə tutulub. 
Bu zamana qədər Lerik şəhərində yalnız mərkəzdə inzibati
binaların yerləşdiyi ərazidə kanalizasiya sistemi olub, amma şəhərin
demək olar ki, bütün məhəllələrində fasilələrlə olsa da, su var idi.
“Gelişim Group” isə sözün həqiqi mənasinda qaş düzəldəcəyi yerdə gözü də
kor edərək gedib. 2005-ci ildə Lerik şəhərinin daxili yolları
müstəqillik əldə olunandan bəri tarixində ilk dəfə asfalt örtüyü
görmüşdü. Amma “Gelişim Group” bu yolları da qazıb, xaraba qoyub.
Şəhərin mərkəzi yolları bərbad durumda qalmaqdadır.
Eyni zamanda buna qədər şəhərin su təchizatı Zuvand çayının
yatağında qurulmuş, dəniz səviyyəsindən 1333 metr yuxarıda yerləşən
horizontal suqəbuledicı vasitəsilə sutkada  təxminən 1000 kubmetr su
əhalini istifadəsinə verilirdi. Amma hazırda bu ərazi də ağır
bombardımana məruz qalmış xarabalığa oxşayır. Əhali isə bir maşın suyu
25 manata almaq, çirkab sularını isə qazdıqları quyulara axıtmaq
məcburiyyətindədir.
Bizimyol.info-nun Lerikə ezam olunmuş əməkdaşnın əldə
etdiyi məlumata görə, hökumət yarımçıq atılmış işi almanlara gördürmək
istəyir. Artıq alman mütəxəsislər gələrərk layihə ilə tanış olublar və
görülmüş işə də baxıblar. Amma almanlar türk şirkətinin gördüyü işlərin
də yenidən görülməsini təklif ediblər. 
Məlumata görə, almanları tikilmiş anbarlar belə qane
etməyib. Çünki tikintidə istifdə olunan  betonun keyfiyyəti və dəmir
konstruksiya layihədə göstəriləndən qat-qat aşağı keyfiyyətlidir. Eyni
zamanda çəkilmiş su və çirkab sularının axıdılması üçün boruların
ötürücülük qabiliyyəti və keyfiyyəti də almanlarda narahatlıq yaradıb.
Hələ ki, məsələ ilə bağlı danışıqlar gedir və rayon rəhbərliyi kimisə
tapıb işi gördürmək, həm də 2014-cü ilin sonuna qədər yekunlaşdırmaq
istəyir. Rayon rəhbərliyi bütün günahlari “Gelişim Group”un üstünə atır.
Şirkətin iş icrası zamanı həddən artıq yeyinti olub. Amma məlumat verən
mənbə yerli rəhbərliyin “Gelişim Group”u aldatdığını iddia edir.
Məlumata görə, prezidentin səfəri ərəfəsində rayonun sıradan çıxmış
əksər daxili yolları qısa müddətlik “Gelişim Group”un betonu ilə
yamanıb. Yeni yollar asfalt betonu ilə deyil, inşşat a betonu ilə
yamanıb. Bundan başqa “Gelişim Group”dan xeyli inşaat materialları borc
adı ilə alınıb, amma əvəzi qaytarılmayıb. Bu işlərdə icra başçısının
müavini Cəlil Baxışovun adı keçır. 
Eyni zamanda su infrastrukturu ilə bağlı yerli əhalinin
plana düşən torpalarının alqı-satqısında ciddi fırıldaqlara yol
verildiyi iddia edilir. Son nəticədə “Gelişim Group” işlətdiyi
fəhlələrin əmək haqlarını da vermədən qaçıb. Hətta leriklilərə
“su-kanalizasiya sistemizniz necə oldu” sualını verəndə çox lakonik və
ironik bir cavab alırsan- “hərə altına bir qara cip alıb qoydu”
deyirlər.
Yeri gəlmişkən qeyd edək ki, ötən il Lerikdə Cabir Ənsar
türbəsinin (və Qarabağ şəhidlərinin uyuduqları qəbiristanlığın 10-15
metriliyində kanalizasiya anbarının tikilməsi ilə bağlı etirazlar
olmuşdu. O zaman redaksiyamıza məlumat verilmişdi ki, Cəngəmiranda
tikilməsi nəzərdə tutulan kanalizasiya anbarı əvvəl meşənin yanında
tikilməli imiş, amma sonradan bu qərar dəyişdirilib və anbar kənar yerdə
tikilməyə başlandı.
Yuxarıda göstərilən faktlarla bağlı “Gelişim Group”un rəsmi
səhifəsində göstərilən e-mail unvanına ötən həftə sorğu göndərsək də
cavab ala bilməmişik. 

Amma Lerik rayon İcra Hakimiyyəti bu problemin fərqində
olduğunu ifadə edib. Ötən ilin yekunların dair toplantıda rayon icra
başçıqı Rövşən Bağırov bu məsələyə də toxunub: “Melorasiya və Su
təsərrüfatı” ASC-nin  sifarişi ilə həyata keçirilən “Lerik şəhərinin su
təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması”
ilə bağlı Qosmalian-Lerik və şəhərdaxili yüksək təzyiqli su xətləri
çəkilmiş, məhəllələrdə kanalizasiya sistemi quraşdırılmış, bir neçə
məhəllədə su anbarlarının tikintisi, yaşayış evlərinin su və
kanalizasiya xətlərinə qoşulması istiqamətində müəyyən işlər həyata
keçirilmişdir. Məlum olmayan səbəblərdən son aylarda tikinti işləri tam
dayandırılmış, dağılmış küçə və meydanlar bərpa edilməmişdir. Rayonumuz
üçün həyati əhəmiyyət daşıyan belə bir layihənin tələb olunan
keyfiyyətdə və vaxtında icra edilməməsi əhalinin haqlı narazılığına
səbəb olmuşdur”, – deyə icra başçısının illik hesabatında qeyd edilir.

İcra başçısı məlum hesabatında rayona gələn və rayon daxili
yolların təmir-tikintisinə də doxunub  və xeyli müsbət fikirlər
söyləyib: “Prezidentin sərəncamı ilə 26 km-lik Lerik-Qosmalian-Kəlvəz
yolu tikilərək istifadəyə verilmiş, 30 min nəfər əhalinin yaşadığı, 50
yaşayış məntəqəsini birləşdirən 36 km-lik Noda-Şingədulan-Xanagah
avtomobil yolunun tikintisinə başlanılmışdır. Bütün bunlar isə dövlət
rəhbərinin rayonumuza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
2011-2013-cü illərdə Piran,  Noda, Vizəzəmin, Cəngəmiran, Günəşli və
Qosmalian kəndlərinin daxili yollarına 6 km-dən çox asfalt döşənmiş,
kəndara yollarında təmir işləri aparılmışdır”.
Əməkdaşımız  Noda-Şingədulan-Xanagah istiqamətinə
Lənkəran-Lerik yolunun “40 vert” adalanan hissəsindən şəxsi minik
avtomobili hərəkət etməyə, görülən işlərlə yerində tanış olmağa çalışıb.
Amma “Opel” markalı avtomobil Bırkandul kəndindən o tərəfə yolsuzluğa
görə irəliləyə bilməyib. Yerli sakinlər bildirdi ki, hazırda işlərə
Şingədulan istiqamətindən başlanıb. İşlər yalnız 50 kəndi birləşdirən
mərkəzi yolda aparılır. Kəndlərə qalxan yollar isə əsasən yerli əhalinin
hesabına çınqıl tökülməklə təmir edilir. Həm də şahidlər yolun asfalt
döşəyinin çox nazık və yolun da ensiz çəkildiyindən narazılıqlarını
bildiriblər.
Lənkəran-Lerik yolu da bərbad vəziyyətdədir. Bu yolda son
zamanlar yeganə təmir olunan ərazi isə RELAX istirahət mərkəzinin
yanından keçən bir neçə yüz metrlik hissədir. Eyni zamanda yolda
keçilməz yerlər olsa da bu barədə heç bir xəbərdarlıq nişanları
 qoyulmayıb. Bu cümlələrin müəllifinin avtomobili həmin yolda xəndəklərə
düşdüyündən ciddi zərər görüb.
 

Short URL: http://www.cumhuriyyet.net/?p=8680

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31