ABŞ ikinci İraq müharibəsinə başladı

20.06.2014 - 23:33

Tehran yeni səddamçı rejimə qarşı: İran niyə İŞİD-dən narahatdır?

Tehran yeni səddamçı rejimə qarşı: İran niyə İŞİD-dən narahatdır?
ABŞ-ın
“F-18” qırıcıları İraq üzərində uçuşlara başlayıb. Bu barədə “Röyters”
xəbər agentliyi bildirib. Qırıcıların ABŞ-ın Fars körfəzindəki “Corc
Buş” təyyarədaşıyan gəminin göyərtəsindən qalxdığı bildirilir.
Bildirilir ki, ABŞ qırıcılarının kəşfiyyat missiyası prezident Barak
Obamanın İraqa “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı
mübarizədə yardım sözü verdikdən sonra başlayıb.
Barak Obama administrasiyasının həm idarə olunan, həm də pilotsuz təyyarələrin uçuşuna icazə verdiyi deyilir.
Qeyd
edək ki, Obama Vaşinqtonun İraqa hərbçilərini göndərməyə
razılaşmadığını bildirib. Ancaq o, vurğulayıb ki, ABŞ Bağdada hərbi
yardımın digər formalarını nəzərdən keçirir.
İranın əleyhinə dönən carx
Suriyadakı
vətəndaş müharibəsinin ilk vaxtlarında dünyadakı yüzlərlə terror
təşkilatının yalnız biri hesab edilən “İraq və Şam İslam Dövləti” (İŞİD)
hazırda bir dövləti məhv edəcək gücə çevrilib.
Mosulu, Tiqriti və
digər əraziləri ələ keçirən İŞİD açıq şəkildə növbəti hədəfinin Bağdad,
daha sonra isə Kərbəla olduğunu bildirir. Kərbəlanın ələ keçirilməsi isə
artıq Suriyada açıq xarakter alan sünni-şiə qarşıdurmasını daha
şiddətli mərhələyə daşıyacaq. İŞİD-in açıq şəkildə şiələr üçün müqəddəs
sayılan məkanlara hücum edəcəyi barədə bəyanatlar verməsi şiə cəbhəsində
qıcıq yaratmaya bilməz.
Artıq ən böyük şiə dövləti olan İrandan bu
bəyanatlara kəskin reaksiya verilib. İran prezidenti Həsən Ruhani
ölkəsinin İraqdakı müqəddəs şiə məkanlarını “qatil və terrorçular”dan
qorumaq üçün tərəddüd etməyəcəyini söyləyib. Dövlət başçısı müqəddəs
məkanları terrorçulardan qorumaq üçün minlərlə adamın İraqa getməyə
hazır olduğunu dilə gətirib.
ABŞ-ın keçmiş dövlət katibi Hillari
Klinton da ölkəsinin CNN kanalında qatıldığı proqramda maraqlı bir iddia
ortaya atdı. O, İraq baş naziri Nuri əl-Malikinin Bağdadda İran xüsusi
təyinatlıların komandiri ilə danışıqlar apardığını söylədi. Klinton
Tehranın Suriya prezidenti Bəşər Əsədə verdiyi dəstəyin eynisini Maliki
hökumətinə də verə biləcəyini dilə gətirib.
İranın İraq hökumətinə
ilk yardımları barədə də informasiyalar var. “The Times”ın yazdığına
görə İran İslam Respublikası İŞİD-ə qarşı vuruşmaq üçün “Əl-Qüds”
qrupunun 150 xüsusi təyinatlısını İraqa göndərib. “The Times” bu qrupun
İran İnqilab Keşikçiləri Korpusunun tərkibindən seçildiyini bildirir.
Heç
kimə sirr deyil kii, Tehran eyni yardımları Suriyada Bəşər Əsəd
rejiminin ayaqda qalması üçün də edib. İran Suriyada şiə rejiminin
yıxılmaması üçün milyardlarla dollarlıq silah və hərbi ləvazimatlar,
eləcə də yanacaqla yardım edib. Üstəlik, İran İnqilab Keşikçiləri
Korpusunun sıravi üzvlərindən başqa yüksək rütbəli hərbçilərin Suriya
ordusu sıralarında vuruşduğu məlumdur. Ancaq bu cür yardımlar İŞİD-ə
qarşı mübarizədə kifayət etməyə bilər. Daha bir məsələ isə odur ki, İraq
Suriyadan fərqli olaraq, İranın sərhəd qonşusudur. Bütün şiə
dünyasının, o cümlədən İran üçün müqəddəs məkan sayılan Kərbəlanın
İraqda olması bu ölkənin Tehran üçün əhəmiyyətini dartırır. Əlavə edək
ki, Həsən Ruhani hakimiyyətdə olduğu təxminən bir illik müddətdə
Suriyadakı hadisələrə bu şəkildə reaksiya verməmiş, İranın hadisələrə
müdaxilə edə biləcəyini dilə gətirməmişdi.
Hazırda əsas düşündürücü
sual İranın İraqda artıq müharibə xarakteri alan hadisələrə birbaşa
müdaxilə etmə ehtimalıdır? Doğrudanmı, müəyyən qüvvələr İranı odun içinə
cəlb etmək istəyirlər? Bunda kimlər maraqlı ola bilər və hədəflər
nədir?
publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli İraqda baş
verən proseslərin İranın təmsil və müdafiə etdiyi dəyərlər sisteminə
qarşı olduğunu bildirib. Hadisələrin həm də İranın nüfuzuna qarşı
yönəldiyini deyən politoloq İŞİD-in Bağdad ətrafında ağır məğlubiyyətə
uğradılacağını proqnozlaşdırır. Q.Hüseynlinin sözlərinə görə, İŞİD-in
bünövrəsinin “Əl-Qaidə” tərəfindən qoyulduğu deyilsə də, sonradan
prosesə Səddam Hüseynin adamları da qoşulub: “İŞİD-in qisasçılıq mövqeyi
də orada Səddam Hüseynin adamlarının olması ilə izah edilir. İŞİD-in
rəhbərləri arasında olan peşəkar hərbçilər Səddamın dövründə yüksək
vəzifələr tutmuş insanlardır. Səudiyyə Ərəbistanın maliyyə dəstəyi ilə
təşkilata vəhhabilər sürətlə daxil olmağa başladı. Vəhhabilər də İŞİD-də
aparıcı qüvvəyə çevriliblər. Bütün bunlar isə heç bir halda İrana sərf
etmir. Səudiyyə Ərəbistanın isə həm İrana, həm də şiəliyə olan
münasibəti bəllidir. Səudiyyə ümumiyyətlə təriqət savaşını
qızışdıranlardan biridir”.
Q.Hüseynli hesab edir ki, İranın İraqdakı
hadisələrə açıq hərbi müdaxiləsi Bağdadın İŞİD tərəfindən alınacağı
halda tamamilə mümkündür: “Bu halda İranın bütün qoşun birləşmələri də
daxil olmaqla İraqa qoşun yeritməsi istisna olunmur. Tehran heç bir
halda İraqda rejim dəyişikliyinə icazə verməyəcək”.
Müsahibimiz
İranın İraqa açıq hərbi müdaxiləsinin onun üçün əlavə problemlər
yaratmayacağını bildirib: “İran üçün heç bir əlavə problem yaranmayacaq.
Söhbət beynəlxalq terrorizmə qarşı mübarizədən, suveren dövlətə qarşı
aparılan əməliyyatların qarşısının alınmasından gedir. İran proseslərə
açıq müdaxilə edərsə, beynəlxalq təşkilatlar da daxil olmaqla əksər
dövlətlər İranın hərəkətini təqdir edəcək”.
Q.Hüseynli hesab edir ki, İranın hərbi münaqişəyə bilərəkdən cəlb edilməsini söyləmək çətindir.
İngiltərədən İraqa 5 milyon sterlinq yardım

İngiltərə
baş naziri Devid Kameron İraq Şam İslam Dövləti (İŞİD) terrorçularının
İngiltərəyə hücum etmək istədiklərini açıqlayıb.
İngiltərə Baş naziri
Devid Kameron mətbuat konfransında sualları cavablandırıb. Baş nazir
İraqda baş verənlərlə və İŞİD terror təşkilatı ilə bağlı sualları da
cavablandırıb.
İŞİD-in tərkibində Əfqanıstan və Pakistandan olan
yaraqlıların böyük təhlükə olduğunu bildirən Kameron terror təşkilatının
İngiltərəyə qarşı hücum planlaşdırdığını qeyd edib. Kameron həmçinin
İraqa 5 milyon sterlinq (6 milyon 665 min manat – red) humanitar yardım
etdiklərini diqqətə çatdırıb.
İraq ordusu İŞİD qarşısında acizdir?

Əslində
İraq ordusunun və ölkədə fəaliyyət göstərən terrorçu qrupların döyüş
potensialı nəzərə alınsa, nizami ordunun terrorçulara qarşı aciz qalması
inandırıcı deyil. Digər tərəfdən, İraq ordusunun sünnilərin kompakt
yaşadığı Tikrit şəhərindən çıxması baş verən hadisələr haqqında daha
ətraflı düşünməyə vadar edir.
Hadisələri diqqətlə izlədikdə ələ
keçirilən şəhərlərdə sadəcə İŞİD deyil, digər sünni qrupların –
“Nəqşibəndi”, “İnqilabçı Qəbilə Əsgərləri Birliyi” və “Mücahidlər
ordusu” qruplaşmalarının da aktiv rol oynadığını görmək olar.
İŞİD-ə gəlincə isə onların sayı ümumilikdə (İraq və Suriyada) 5 mindən çox deyil.
İraq
şəhərlərinin asanlıqla ələ keçirilməsi bir daha onu göstərir ki, baş
verən hadisələrin fonunda ordudan ayrılan birləşmələr də var.
Məhz bu
səbəbdən də bir çox ərəb dövlətləri İraqın Baş naziri Nuri əl-Malikinin
siyasəti fonunda ölkədə baş verənlərdə İŞİD-in varlığına göz yumaraq,
hadisələri “İraqda sünni qiyamı” kimi qiymətləndirirlər. Təbii ki,
hadisələrin digər “qəhrəmanları”nın sona qədər İŞİD ilə birgə müqavimət
göstərəcəyi inandırıcı deyil.
Digər tərəfdən, İraq ordusunun da real
vəziyyətdə, sünnilərin və İraqın şimalındakı kürd administrasiyasının
tabeliyində olan “Peşmərqə”nin (xüsusi təyinatlı ordu hissələri) dəstəyi
olmadan vəziyyəti nəzarət altına alacağı inandırıcı deyil.
Ölkədəki
sünnilərlə yanaşı, kürdlərin də əl-Malikinin üçüncü müddətə Baş nazir
seçilməsindən narazı olduğu nəzərə alınsa, kürd administrasiyası
əl-Maliki hökumətinə sadəcə müəyyən şərtlər müqabilində dəstək verəcək.
Hətta bir çox iraqlı siyasətçilər böhranın həllində ilkin addım kimi Baş
nazir Nuri əl-Malikinin istefasını doğru hesab edirlər.
Dolayısı ilə
İraqda sünni qəbilələrin özlərinə ideoloji baxımdan yad olan İŞİD ilə
birləşməsinin ən başlıca səbəbi ölkədə yürüdülən daxili siyasətdir.
İŞİD-dən 4 min bombalı hücum
“İraq-Şam
İslam Dövləti” (İŞİD) qruplaşmasının silahlıları törətdikləri terror
hesabatını yayımlayıblar. İraq və Suriyada iki ildir əməliyyatlar həyata
keçirən qruplaşma, sadəcə İraqda 10 minə qədər hücum təkil edib.
Bunlardan mini sui-qəsd, 4 mini isə bombalı hücum olub. Ötən il həbsdəki
yüzlərlə üzvlərini xilas edən silahlılar, hazırda 15 minlik bir
qruplaşmaya sahib olduqlarını bildiriblər. Son hesabata görə bunlardan
12 mini İraq və Suriya xaricindəki ölkələrdəndir.
Silahlı qruplaşmada
2 minə yaxın Avropa mənşəli döyüşçü var. Mütəxəssislərin fikrincə İŞİD
açıqladığı hesabatla və nə qədər vara sahib olduğunu göstərməklə öz
gücünü nümayiş etdirməyi qarşısına məqsəd qoyub.
İŞİD-dən xoruz banı eşitməmiş qadağalar

Bu
arada məlum olub ki, İraqın bir çox bölgəsini, o cümlədən böyük neft
mədənlərini ələ keçirən İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı
işğal etdiyi bölgələrdə bəzi qadağalar qoyub.
Kərkük Türkmən Cəbhəsi
könüllüləri cəlb etmək üçün nəzərdə tutulan telefon nömrəsi ilə (nömrə
Türkiyə Cümhuriyyətinin kodu ilə başlayır – red.) bərabər İŞİD-in 11
bəndlik manifestini də açıqlayıb.
Bunların arasında kişinin saç və üzünü daramasından tutmuş qadının stulda oturmasıyla bağlı olan müxtəlif qadağalar mövcuddur.
İŞİD-in 11 bəndlik qadağalar manifestində aşağıdakılar qadağandır:
1. Qadınların cins şalvar geyinməsi
2. Kişilərin dar şalvar geyinməsi
3. Saçı qısaltmaq
4. Vitrində qadın paltarlarının nümayişi
5. Qadın paltarları satılan yerdə kişilərin işləməsi
6. Qadın paltarları tikilən mağazalara kişilərin daxil olması
7. Qadın gözəllik salonlarının təbliği (reklamı)
8. Qadınların kişi həkimə müraciət etməsi
9. Kişilərin saç və üzlərini daraması
10. Siqaret və qəlyan çəkilməsi
11. Qadınların stulda oturması
Manifest
“bu qaydalardan hər hansı birinə əməl edilməməsi camaatın gözü önündə
edamla (başın kəsilməsi) nəticələnəcək” təhdidi ilə bitir.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8683

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031