“Böyük güclərin Azərbaycan savaşı başlayıb”

21.06.2014 - 09:27

“Hakimiyyətin bütün səylərinə baxmayaraq demokratiya qələbə qazanacaq”

Hikmət Hacızadə: “Səfərlərin intensivliyi Rusiyanın düşdüyü vəziyyətin gərginliyindən irəli gəlir”

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun səfərinin məqsədi və
nəticələri hələ də mətbuatda müzakirə predmeti olaraq qalmaqdadır. Səfər
ərəfəsində səslənən bəyanatlar, Lavrovun görüşləri zamanı işlətdiyi
ifadələri ekspertlər birmənalı dəyərləndirmir. Eyni zamanda Lavrovun
ardınca Putinin “qırğılarından” sayılan Dmitri Roqozin və Sergey
Narışkinin də Bakıya təşrif buyurması, səfərlərdəki intensivlik maraq
doğurur. Politoloq Hikmət Hacızadə ilə müsahibəmizə Lavrovun səfərinə
qiymət verməklə başlamaq qərarına gəldik. Müsahibənin gedişində mövzu
ilə bağlı bu və gündəmdə olan başqa suallara da H.Hacızadənin mövqeyini
öyrəndik.

– Lavrovun səfərinin necə yekunlaşdığını söyləmək çətindir. Bunu
zaman göstərəcək. Amma Lavrovun səfərinin məqsədi yaxşı bəllidir. Rusiya
Qərblə arasında olan qarşıdurmanın fonunda Azərbaycanı öz tərəfinə
çəkməyə çalışır. Hazırda Rusiyanın gündəmində Avrasiya Ittifaqı, Ukrayna
məsələsi geniş müzakirə olunur. Regionumuzda son baş verənlər də
Rusiyanı narahat edir. Ona görə bütün bu məsələlərlə bağlı Rusiya özünə
müttəfiq axtarışındadır. Azərbaycana edilən səfərlər, ünvanlanan
mesajlar da bu məqsəd daşıyır.

“Rusiya hazırda təklənmiş vəziyyətdədir”

– Lavrov Bakıda olarkən səsləndirdiyi bəyanatlardan xüsusilə
biri diqqət çəkdi. Lavrov dönə-dönə Putinin Bakı səfərini xatırladırdı.
Ekspertlər hesab edir ki, Lavrovun bu jesti prezident seçkisindən öncə
Putinin Bakıya səfəri zamanı Əliyevin üzərinə götürdüyü öhdəliklərə bir
işarədir…

– Bu barədə mülahizə yürütmək asan deyil. Lavrovun bu bəyanatlarının
nəyə xidmət etdiyi də bir qədər sirlidir. Lavrovun Putinin adını çəkməsi
təsadüfi deyil. Nazirin xüsusilə Putin kimi avtoritar başçının adını
çəkməsi birmənalı qiymətləndirilə bilməz.

– Lavrovun səfərindən sonra hazırda Roqozin Bakıdadır. Daha
sonra isə Narışkinin səfəri gözlənilir. Bu səfərlər nəyə xidmət edir.
Səfərlərdəki bu cür intensivliyi necə qiymətləndirmək lazımdır?

– Bu səfərlər Rusiyanın düşdüyü vəziyyətin gərginliyindən irəli
gəlir. Rusiya hazırda bütün dünya ilə müharibə aparır. Bütün beynəlxalq
ictimaiyyət Rusiyanı boykot edir. Rusiya hazırda təklənmiş
vəziyyətdədir. Rusiyaya qarşı yönələn tənqidlərin ardı kəsilmir. Bütün
bu tənqidlər isə Rusiyanın yürütdüyü yanlış, aqressivdən irəli gəlir.
Ona görə də Rusiya hər bir neytral qalmış ölkəni öz tərəfinə çəkməyə
çalışır. Cənubi Qafqazda qəti mövqeyini bildirməyən yeganə dövlət
Azərbaycandır. Gürcüstanın Cənubi Osetiya və Abxaziyada baş verənlərə
görə Rusiyaya münasibəti bəllidir. Ermənistan isə tam formada Rusiyanın
nəzarətindədir. Əslində Orta Asiya respublikaları ilə bağlı durum da
aydındır. Regionda mövqe sərgiləməyərək qalan yeganə ölkə Azərbaycandır.
Gürcüstan və Ermənistan artıq seçimini edib. Rusiya və Qərbdən başqa
inteqrasiya ediləcək məkanlar yoxdur. Azərbaycan vacib geosiyasi mövqedə
yerləşir. Azərbaycan eyni zamanda mühüm tranzit ölkədir. Eyni zamanda
Rusiya yenidən təbii qazdan silah kimi istifadə etməyə çalışır. Hədəf
isə Qərbdir. Bu baxımdan da Azərbaycan vacib yer tutur. Ona görə
Azərbaycana səfərlər intensivləşib.

– Lavrov, Roqozin və ardınca Narışkinin səfərrini ekspertlər
müxtəlif cür yozurlar. Ehtimallara görə, Lavrovun missiyası Putinin
mesajlarını Azərbaycan hakimiyyətinə çatdırmaqdır. Daha sonrakı səfərlər
də isə məqsəd ayrıdır. Əgər Roqozin Azərbaycan hakimiyyətinin mövqeyini
öyrənmək üçün Bakıya təşrif buyuracaqsa, Narışkinin danışıqların
nəticəsini bəlli edəcəyi gözlənilir. Siz, bu barədə nə düşünürsünüz?

– Sadaladığınız şəxslərin səfərlərindəki ardıcılı mən bu cür izah
etməzdim. Düzdür, onların hamısı Rusiyanı təmsil etsələr də, səfərlər
fərqli məqsədlərə xidmət edir. Səfər edən şəxslər hərəsi öz sahəsi üzrə
problemləri qaldıraraq, onları müzakirəyə çıxarır. Məsələn, Roqozinin
səfərinin məqsədi Azərbaycanla silah satışına nail olmaq da ola bilər.

“Azərbaycanın önəminin artması onu hədəfə çevirib”

– Rəsmi Bakının Rusiyanın səfərlərinə münasibəti necə olacaq?
Azərbaycan Rusiyanın ondan tələb etdiyi mövqeyə cavabı nə ola bilər?

– Hazırda Azərbaycan heç bir tərəfin mövqeyini müdafiə etməməyə
çalışır. Amma Rusiya Azərbaycana ünvanladığı mesajlarda Qarabağ
məsələsini qabardır. Bu da təsadüfi deyil. Rusiya Azərbaycana açıq
formada bəyan edir ki, siz bizim mövqeyi müdafiə edin, biz də sizə
Qarabağ məsələsində dəstək verək. Azərbaycanı danışıqlarda maraqlı edən
məqam budur. Indi Rusiya gah yeddi rayonla, gah da Qarabağla bağlı vəd
verir. Amma hələ bilinmir ki, Rusiyanın bu yardımının müqabilində
Azərbaycan nələri etməlidir? Azərbaycan müstəqilliyinin hansı hissəsi
ilə vidalaşmalı olacaq? Bütün bu suallar açıq qalır. Məhz bu məqamlar
Azərbaycan üçün tarixi əhəmiyyət daşıyır. Hazırda da əsas müzakirələr
məhz bu detallar üzərində gedir.

– Avropa Birliyinin təmsilçisi Borrozonun Bakıya iki günlük
səfəri baş tutmuşdu. Səfər zamanı Azərbaycanla “strateji tərəfdaşlıq və
modernləşdirmə” layihəsinin imzalanması nəzərdə tutulur. Bu saziş
Assosiasiya Sazişindən fərqli olaraq Azərbaycanın üzərinə heç bir
öhdəlik qoymur. “Strateji tərəfdaşlıq və modernləşdirmə” layihəsi
Azərbaycanın təklifidir. Rusiyanın təzyiqlərindən sonra Azərbaycan bu
layihəni imzalamaqdan da imtina edə bilərmi?

– Düşünmürəm ki, Azərbaycan Avropa Birliyinin son təklifindən imtina
edəcək. Azərbaycan bu sazişi imzalayacaq. Amma Rusiyadan gələn
təkliflərə də “yox” cavabını verməyəcək. Bu, Azərbaycanın ənənəvi
“balanslaşdırma” siyasətidir. Ukrayna böhranı başlayandan, Rusiya ilə
Qərb qarşıdurmaya girən andan Azərbaycanın əhəmiyyəti artıb. Azərbaycan
Avropa Birliyinin strateji planlarında xüsusi yer tutur. Ona görə
qarşımızdakı zamanda Azərbaycana həm Qərbdən, həm də Rusiyadan
səfərlərin sayı artacaq. Bu baxımdan Azərbaycanla müxtəlif sazişlər
imzalanacaq.

“Atəşkəsin pozulması təsadüfi deyildi”

– Azərbaycanın Qərblə Rusiya arasında qeyri-müəyyən mövqeyi nə qədər davam edə bilər?

– Bu Rusiya və Qərb arasında gedən mübarizənin durumundan asılıdır.
Zaman göstərəcək ki, bu güclərdən hansı güclü olacaq. Rəsmi Bakının
mövqeyinin necə olacağı hansı güc mərkəzinin Azərbaycanı öz tərəfinə
çəkməsindən asılıdır. Amma hələlik nə Qərbin, nə də Rusiyanın üstünlüyü
görünmür. Qərbin layihələri Rusiya sanksiyalarla diz çökdürüləcəyi zaman
keçməyə başlayacaq. Hələlik Azərbaycan uğrunda mübarizədə bərabərlik
hökm sürür.

– Lavrovun Bakı səfəri ərəfəsində cəbhə xəttində atəşkəsin
pozulması daha intensiv xarakter lamağa başladı. Lavrov isə Bakıda
olarkən bəyan etdi ki, Qarabağ probleminin həlli Rusiyadan asılı deyil.
Münaqişə artıq beynəlxalq problemə çevrilib…

– Lavrov diplomatdır. O elə bu cür bəyanatlar verməlidir. Lavrov heç
zaman həqiqəti deməz. Amma yaxşı bəllidir ki, Ermənistan hər bir
addımını Rusiya ilə ölçüb-biçir. Ona görə Lavrovun səfəri ərəfəsində
atəşkəsin də pozulması təsadüfi deyil.

“Məqsəd ölkədə stabilliyi pozmaqdır…”

– Maraqlıdır ki, bir müddət əvvəl Ermənistanın cəbhə xəttində
hücuma keçdiyi və Azərbaycan tərəfinin itkilər verdiyi barədə
məlumatlar yayılırdı. Sonradan bu məlumatlar Müdafiə Nazirliyi
tərəfindən təkzib olundu. “ANS” telekanalında bu mövzuya toxunan Mir
Şahinin şərhi maraq kəsb edir. Mir Şahin hesab edir ki, bu cür
məlumatların yayılmasının arxasında hakimiyyətdəki müəyyən məmurlar
durur…

– Maraqlı yanaşmadır. Onu da nəzərə almaq lazımdır ki, Mir Şahinin
şərhləri adətən nəyəsə əsaslanır. Bu, hakimiyyət daxilindəki
proseslərdən xəbər verə bilər.

– Hakimiyyətdaxili qruplaşmanın belə bir addım atmasında məqsəd nə ola bilər?

– Burada bir neçə məqsəd güdülə bilər. Bir məqsəd Azərbaycana
qeyri-stabillik gətirmək ola bilər. Eyni zamanda bu cür fəaliyyət ölkə
rəhbərliyinə təsir məqsədi də daşıya bilər.

“Hakimiyyət ABŞ-ı düşmən kimi görür”

– Hakimiyyətin ABŞ-a qarşı kampaniyası ara vermir. “Yeni
Azərbaycan” qəzetinin timsalında hakimiyyət Amerikanı yenə hədəf seçib.
Irəli sürülən ittihamlar hər ötən gün daha da sərtləşir. Amma maraqlıdır
ki, eyni qəzetin başqa bir səhifəsində isə Avropa Birliyi Azərbaycanın
strateji tərəfdaşı elan olunan yazı dərc olunur…

– Hakimiyyət ABŞ-ın onu tənqid etməsinə, ondan demokratik islahatlar
tələb etməsinə özünəməxsus formada cavab verir. ABŞ Senatının Helsinki
Komissiyasında keçirilən dinləmələr hakimiyyət üçün olduqca sərt keçdi.
Hakimiyyət həm bu dinləmələrə, həm də Morninqstarın məlum müsahibəsinə
cavab verir. Hakimiyyətdə o fikir möhkəmlənib ki, ABŞ hazırkı iqtidarın
gələcək perspektivdə ən böyük düşmənidir. Amerika demokratiya, azad
seçki tələb edir. Bu tələblər isə hakimiyyətin maraqlarına ziddir. Tələb
olunan islahatların reallaşdırılması hakimiyyətin ömrünü azalda bilər.
Ona görə hakimiyyət ictimai rəyi hazırlamağa çalışır.

– ABŞ-a qarşı bu cür siyasətin davam etdirilməsinin hansı fəsadları ola bilər?

– Hakimiyyətin bütün səylərinə baxmayaraq demokratiya qələbə qazanacaq.

– Türkiyə müxalifəti biraraya gələrək vahid namizəd kimi
Ihsanoğlunu irəli sürdülər. Bu addım Türkiyədə keçirilən seçkilərin
nəticələrinə necə təsir edə bilər? Çünki son seçkidə Ərdoğanın partiyası
41 faiz səs yığmışdı. Bu göstərici isə prezident seçkisində qələbə üçün
kifayət etmir…

– Türkiyədə seçkilərdə bu dəfə mübarizə daha gərgin keçəcək. Qarşıdan
gələn seçkini fərqli edən kifayət qədər məqam var. Ilk növbədə
müxalifətin bir araya gəlməsini göstərmək olar. Hətta ikinci turun
keçirilməsini də istisna etmək olmaz.

– Azərbaycan türk liseylərinin bağlanması nəyə xidmət edir?
Uzun müddətdir bu istiqamətdə sərt addımların atılacağı bildirilirdi…

– Bu Azərbaycan təhsili üçün faciədir. Mən “Nurçu” deyiləm. Amma
etiraf etmək lazımdır ki, bu liseylər uşaqlara keyfiyyətli savad
verirdi. Xüsusilə rayondan olan istedadlı uşaqlar bu liseylərin hesabına
keyfiyyətli təhsil alırdılar. Mütləq deyildi ki, burada təhsil
alanların hamısı “Nurçu” olacaq. Amma o da istisna deyil ki, Azərbaycan
hakimiyyəti məhz Ərdoğanın tələbi ilə bu addımı atıb. Amma o da nəzərə
alınmalıdır ki, bizim hazırda bu liseylərin yerinə verməyə imkanımız
yoxdur.

Short URL: http://www.cumhuriyyet.net/?p=8697

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31