Hökumətdəki Rusiyameyllilərdən növbəti jest
Kəmaləddin Heydərova yaxın deputat Türkiyə və Qərbə qarşı ağır ittihamlar səsləndirdi

Qüdrət Həsənquliyev: “Rusiya ilə razılıq əldə olunsa, Qarabağın geri qaytarılması üçün 1 həftə kifayətdir”
Azərbaycanda Rusiyameylli qüvvələrin olduğu sirr deyil və bu
qüvvələrin bütün dövrlərdə aktiv fəaliyyəti müşahidə olunub. Rusiyanın
Ukraynaya qarşı aqressiv siyasəti, Krımın ilhaqı bu qüvvələri yenidən
aktivləşdirdi və bu adamlar Rusiyanın təbliğatını aparmağa başladılar.
Kimisi Putinə məktub yazdı, kimisi SSRI-nin bərpasından danışdı, kimisi
də sovet dövrünün kövrək xatirələrini anmağa başladı.
Proseslərin belə bir dövründə deputat Qüdrət Həsənquliyev bildirmişdi
ki, lazım gəlsə, Rusiya qoşunlarını Azərbaycana çağırmaq lazımdır və
Qarabağ münaqişəsinin müsbət həlli üçün bu ölkənin şərtləri ilə
razılaşmağa ehtiyac var.
Bu proseslərin başında isə, Kəmaləddin Heydərov və Ramiz Mehdiyev qruplaşması dayanırdı.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə ölkəmizə səfərində
rəsmi Bakının “Rusiya Qarabağ münaqişəsini həll edə bilər” nəzəriyyəsinə
dəstək verməyərək, hakimiyyəti pərt duruma saldı: “Avrasiya Ittifaqının
Dağlıq Qarabağ münaqişəsinə heç bir aidiyyəti yoxdur. Avrasiya
Ittifaqını Rusiya, Qazaxıstan və Belarus yaradıb. Yaxın vaxtlarda
Ermənistan da bura qoşulacaq. Qarabağ beynəlxalq danışıqların
predmetidir”- deyə Lavrov bildirdi.
Bütün bunlara baxmayaraq Kəmaləddin Heydərova yaxınlığı ilə seçilən
deputat Qüdrət Həsənquliyev “salamNews” saytına açıqlamasında növbəti
dəfə Rusiyanı xilaskar kimi təqdim edib və Azərbaycan ilə Rusiya
arasında münasibətlərin genişləndirilməsinin vacibliyini vurğulayıb: “Bu
münasibətlər dərinləşsə və Rusiyanın razılığı əldə olunsa, Dağlıq
Qarabağ və ətraf ərazilərin geri qaytarılması üçün bir həftə kifayətdir.
Avropadan isə bu dəstəyi gözləmək düzgün deyil. Çünki Avropa həmişə həm
xristianlıq faktoruna, həm də erməni lobbisinin fəaliyyətinə görə
Ermənistana hərtərəfli yardım göstərib”- deyə Qüdrət Həsənquliyev
bildirib.
Göründüyü kimi, hakimiyyət “mən səni sevəcəm, sən sevməsən də”
misalına uyğun olaraq Rusiyadan əl çəkmək istəmir. Təbii ki, bu da
Rusiya hakimiyyəti ilə eyni mənəvi və siyasi “dəyər”lərə sahib olmağın
göstəricisidir.
Eyni zamanda Qüdrət Həsənquliyev Türkiyəni də sərt tənqid edib və bu
ölkənin Azərbaycanla münasibətləri maddi maraqlar üzərində qurduğunu
bildirib: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir fəallıq
göstərməyən Avropa Türkiyəni qonşusu Ermənistanla sərhədləri açmağa
məcbur edir. Bu sərhədlərin bağlı qalmasının onsuz da əhəmiyyəti yoxdur.
Türkiyədən il ərzində 120 min iri tonnajlı maşın Ermənistana yük
daşıyır. Türkiyədən Ermənistana sərnişin təyyarələri uçur. Hazırda 140
mindən çox erməni Türkiyə ərazisində qeyri-qanuni miqrant kimi yaşayır
və hökumət onların heç birinə toxunmur. Iki ölkə arasında illik ticarət
dövriyyəsi 250 milyon ABŞ dollarını ötüb. Ancaq türklər sözdə din və
millət qardaşlığından, “bir millət, iki dövlət” prinsipindən danışırlar.
Dağlıq Qarabağ münaqişəsi göstərdi ki, bu sözlər heç bir məna kəsb
etməyən cəfəngiyata çevrilib və tərəflər üçün heç bir məna daşımır.
Türkiyə maddi maraqlarının təmin olunması üçün bizimlə dostluq edir.
Azərbaycanın neft-qaz layihələri ilə bağlı siyasəti olmasaydı, Türkiyə
Ermənistanla sərhədləri çoxdan açardı. Çünki bu ölkə bu gün ABŞ və
Avropanın təsiri altındadır”- deyə Qüdrət Həsənquliyev bildirdi.
Sirr deyil ki, bu kateqoriyadan olan deputatlar hakimiyyətin
siyasətinə zidd fikirlər səsləndirmir və komandanın ümumi qənaətini
ifadə edir.
Bu aydındır ki, hakimiyyət demokratiyanı özü üçün təhlükə hesab edir və demokratiya tələb edənlərə nifrət bəsləyir.
Yuxarıda səslənən fikirlərə ölkə rəhbərliyi tərəfindən heç bir
reaksiya verilməməsi və bu tendensiyanın artan xətt üzrə davam etməsi
onu göstərir ki, ölkə rəhbərliyi, şəxsən Ilham Əliyev bu fikirləri
dəstəkləyir. Əks halda tamam başqa mənzərənin şahidi olardıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=8698