Milli dirilik faktoru
Yığışmışdıq. Geniş oxucu auditoriyası ilə seçilən dostlardan biri nədən,
nələrdən etkilənmişdisə çox danışdı. Danışdıqlarının da SÜTUNU bu idi:
bizi bu günə qoyan, bütün millətlərdən geri salan adət-ənənələrimiz
(bizim dildə; gələnək-görənəklərimiz), millətçilik, bir də ideologiya
oldu; qabağa getmək istəyən millət adət-ənənədən, millətçilikdən,
ideologiyadan uzaq olmalıdır. Dostumuz leksiya oxuyurmuş kimi çevir
tatı-vur tatı durmadan danışır, bizlərsə birinci kurs öyrənciləri sayaq
lal-mat onu dinləyirdik. Mən də sonadək susqunluqla dinlədim, başqa
sutunçuların cavab vermələrini gözlədim, cavab gəlmədi. Görünür, onlar
da elə düşünürdülər (düşünürlər!).
Ayda-ildə bir yol baş tutan dost yığıncağında dözdüyümə qəzetdə də
dözmək-dinməmək, sözümü deməmək mənlik deyil. Bilirəm, indi bizdə
çoxları elə düşünür. Bilirsiz də, yer bərk olanda öküz öküzdən görər.
Bizdə indi tanınan-tanınmayan sütunçular da, siyasətçilər də oxşar
düşüncədə bulunur, suçu özündə deyil özgəsində, son çağlar daha çox da
xalqda-millətdə axtarır: “mentalitetimiz budur”. Bu yerdə soruşmaq
gərəkir: Xalq çağırışa qoşaraq Hərəkat yaratdı, ordu önünə çıxdı, tank
üzərinə yürüdü, qurbanlar verdi – siz o hərəkatı hara aparıb çıxardız,
kimlərə verdiz. Bu yerdə Xalqın öz dili – öz deyimi gərək: Əkdim-biçdim
sarımsaq, xeyrin gördü qurumsaq!..
Yazının burdan beləsini yayğınlığa yol vermədən – başqa faktlara
toxunmadan dünyanın ən qabaqcıl xalqı olan ingilislərlə bağlayacam.
Dünyanın ən qabaqcıl xalqı olan ingilislər bütünlüklə özlərinin
milli-ulusal gələnək-görənəklərinə bağlıdırlar: saya keçənəcəkdə də,
iç-dış dövlət siyasətində də. Ingilislər arasında gələnək-görənəklərə
bağlılıq sistemli, dəyişməz düşüncə faktorudur. Bu düşüncə faktorundan
uzaq ingilis doğmaları arasında belə, gərəkən sayğını görməz, urvatlı
tutulmaz. Yeri gəlmişkən, çoban olsa belə, ingilis dilini gözəl bilən
istənilən yurddaş ingilislər arasında çox böyük sayğı-urvat yiyəsi ola
bilir. Bu da ingilislərin gələnək-görənəyə bağlılıq
göstəricilərindəndir.
Ingilislərdə gələnək-görənəyi pozma faktı da var, ancaq görün harda?
Birinci Dünya Savaşınadək Ingiltərədə yüz illərdən gəlmə gələnək-görənək
olaraq ordu könüllülərdən oluşurdu. Almanlarla savaşı uğurla bitirmək
üçün baş baxan Lyod Corc savaş öncəsi gələnək-görənəyə qarşı çıxaraq
ingilis ordusunda könülülük prinsipini aradan qaldırdı. Lyod Corc
Konservatorlar partiyasından (gələnək-görənək partiyası!) idi. Sözügedən
dəyişiklik çağında ingilislər arasında sərt reaksiya doğurmuşdu, ancaq
bu dəyişiklik özünü Ingiltərənin Birinci Dünya Savaşından uğurla
çıxmasında doğrultdu. Milli gələnək-görənək milli maraqla beləcə
kompensasiya edilmiş, uğurlu kompensasiyadan bütün ingilis xalqı
qazanmışdı!
Millətçiliyə gəlincə, dünyada ingilislər kimi sonadək millətçi xalq
tapmaq çətindir. Buna görə bu gün dünyada beş dövlət ingilis dilində
danışır. Arxasında yaxşı-yaxşı düşünülmüş dərin rasionalizm
dayandığından, yüz illərdən bəri dünyanın hər yerində etkisini göstərən
ingilis millətçiliyi, demək olar, gözəgörünməzdir. Ingilislər bizdəki
kimi haralarasa bayraq taxacaqlarını demir, dillərinə gətirmirlər, eləcə
gizli ideoloji-siyasi-ekonomik gəlişmələr sonucu olaraq bayraqlarını
harasa sancırlar.
Bəs ideologiya, bəlkə, ingilislərin ideologiyası yoxdur.
Ideologiyasızlıq axtarışına çıxırsızsa, onda yüz illər boyunca dünyanın
ən qabaqcıl, ən güclü dövlətlərindən olan Ingiltərəyə baxmayın – bir
belə yeraltı-yerüstü var-yatırla uğursuz-düşkün-darmadağın durumda olan
Azərbaycana baxın! Çörçil 1946-cı il Fulton çıxışında – Ikinci Dünya
Savaşını uğurla başa vurduqdan sonra – demişdi: “Biz dünyada
ingilisdillilərin hakimiyətini qurmalıyıq”. Bəlli olduğu kimi, bu gün
Azərbaycanda da ingilisdilli hakimiyət qurulub…(azadlıq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=8705