Qarabağ əlili intihar anonsu verdi

21.06.2014 - 12:07

“Torpaq üçün canını verənlər, indi torpaqdan məhrumdur”

“Torpaq üçün canını verənlər, indi torpaqdan məhrumdur”

 

 

 

 

Füzuli
rayonunun Bala Bəhmənli kənd sakini, Əfqanıstan (II qrup) və Qarabağ (I
qrup) əlili Tağıyev Məmməd Feyruz oğlu “Yeni Müsavat”a müraciət edərək,
şikayətini yuxarı orqanlara çatdırmaq üçün kömək istəyib. Qarabağ əlili
onlara göstərilən münasibətdən və həyətyanı torpaq sahəsi ala
bilməməsindən şikayətlənib.

Əfqanıstan
və Qarabağ əlili Məmməd Tağıyev bununla bağlı ölkə prezidentinə
müraciət edib. Müraciətdə deyilir: “Cənab Prezident, Qarabağ əlili Zaur
Həsənov Qarabağ və Qarabağ əlillərinə göstərilən münasibətə  etiraz
olaraq özünü yandırdı. Qarabağ və Qarabağ əlilləri məsələsi bir-biri ilə
sıx bağlıdır. Hamı bilir ki, ermənilər Qarabağdan müharibəsiz
çıxmayacaqlar. Atalar nahaq yerə deməyib ki, “dua oxumaqla donuz darıdan
çıxmaz”. 

Qarabağ
əlili ölkə başçısına etdiyi müraciətdə onlara göstərilən münasibətə də
toxunub:  “Sovet dövründə 1941-1945-ci illərin veteranına hörmət o qədər
yüksək idi ki, müharibəyə getməyənlər peşman idilər. Amma indi cənab
prezident, elə vəziyyət yaranıb ki, Qarabağ müharibəsinə gedənlər buna
peşmandır. Sovet dövründə vəzifədə irəli çəkilmək üçün müharibə əlili,
yaxud veteran olmaq 1-ci şərt idi. Amma indi vəzifədə olan Qarabağ
əlilini barmaqla saymaq olar. Əksinə, müdiriyyət biləndə ki, işçisi
Qarabağ əlilidir, onu işdən çıxarır. Ona görə xəstəxanaya, idarə gedəndə
Qarabağ əlili olduğumuzu gizlədirik. Yoxsa pis baxarlar ki, onlara pul
vermərik. 

Əvvəlki qanunlarla Qarabağ
əlillərinə minik maşını 7 ildən bir verilməli idi. O qanunu Milli Məclis
xalqdan gizli dəyişib. İndi ömür boyu bir dəfə verilir. Bu qanunun
 dəyişməsindən məlum olur ki, ya Azərbaycan kasıblayıb, ya da Qarabağ
əlilinə ehtiyac yoxdur. Biz kütlənin içindən fərqlənib, gedib döyüşüb,
yaralanmışıq. İndidə həmin kütlədən yazıq kimi yox, üstün kimi
fərqləndirilməliyik. Bizə verilən pensiya da normal vəziyyətdə
olmalıdır. I qrup əlilə həkim yazır ki, “kənar şəxsin qulluğuna ehtiyacı
var”. Deməli, bizə verilən pensiya ikinci adama da aiddir. İndi mən
aldığım pensiyanı iki adam arasında necə bölüm? Milli Məclis üzvünün
aldığı 2000-2500 manatın yanında aldığım 390 manat elə cılız görünür ki,
sizi bilmirəm, mən utanıram”.

Şikayətçi
Tağıyev Məmməd məktubda yaşadığı kəndin sabiq bələdiyyə sədrinin kəndin
torpaq sahəsini başqa kənd əhalisinə satdığını bildirib: “Mən
Əfqanıstanda sol əlimi və gözümü, Qarabağda isə sol ayağımın və sağ
ayağımın 7 sm-ni itirmişəm. Döyüşdə fərqləndiyimə görə “General Məhəmməd
Əsədov” mükafatına layiq görülmüşəm. Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinə iki ildir, fərdi ev tikintisi üçün sənəd vermişəm. Arada
bildirdilər ki, məni Əfqanıstan əlili kimi qeydiyyata götürüblər.
2013-cü ilin yazında təkrar sənədlər təqdim etdikdən sonra bildirdilər
ki, daha səni Qarabağ əlili kimi qeydiyyata götürəcəyik. Amma adım hələ
də siyahıda yoxdur. İndi də bələdiyyədən verilmiş həyətyanı torpağın
sənədini istəyirlər. Mən ata yurdunda yaşayıram. Hansı ki, beş ildir,
oğlumun adınadır. Artıq 20 ilə yaxındır ki, mən həyətyanı torpaq ala
bilmirəm. Bala Bəhmənlinin sabiq bələdiyyə sədri Əliyev Hüseyn kəndin 12
hektar futbol meydançasını oğlunun adına özəlləşdirib.  Kənd torpağını
qonşu Əhmədbəyli kəndinə satıb. Mənə isə torpaq verilmir. Torpaq üçün
canını verənlər, indi torpaqdan məhrumdur. Yeni seçilən bələdiyyə sədri
isə bildirir ki, torpaq qurtarıb, yoxdur”.

Qarabağ
əlili məktubun sonunda özünü yandıracağını qeyd edib: “Qarabağ
əlillərinə maddi və mənəvi köməyi sözdə yox, əməldə etmək lazımdır.
Artıq bu son məktubumdur. Bədənimin yarısını bu torpaqlar uğrunda
itirmişəm, qalan yarısını da itirməyə hazıram”.

 
 
 
 
 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8710

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30