Hara gedirik?

21.06.2014 - 12:12

Antiədəbiyyat qurumuna çevrilmiş, ədəbiyyatla, ədəbği proseslə heç
bir bağı qalmamış, faktiki Ədəbiyyat Nazirliyi funksiyasını yerinə
yetirən Yazıçılar Birliyinin öz tarixinə növbəti qara ləkə olaraq keçən
qurultayı həm də son vaxtlar ictimai çevrələrdə, KIV səhifələrində artan
“ziyalı vicdanı” mövzusunda müzakirələr fonunda keçirildi. Qurultayda
iştirak və çıxış edənlər arasında bir zamanlar pis-yaxşı vətəndaş
mövqeyi sərgiləyənlər vardı, baxmayaraq ki, yeni ədəbi nəsildə onların
estetik dünyagörüşü daim tənqid ünvanı olub, ictimai məsələlərdə
tutduqları mövqenin səmimiyyəti isə həmişə şübhə yaradıb.

Bu şübhələrin haqsız olmadığı AYB-nin qurultayında bütün çılpaqlığı
ilə ortaya çıxdı, son illərdə ölkənin bu günü və gələcəyi ilə bağlı
narahatlıqlarını içlərinə gömən, guya “hər şeydən iyrənib susan” bəzi
müxalif şair-yazıçılar çıxıb Anarın 30 illik ədəbi monarxiyasının
züyçüsünə çevrildilər, bununla da kifayətlənmədilər, topun ağzını bu
məddahlıq təşkilatını və onun rəhbərliyini tənqid edənlərə döndərdilər.
Əcəb etdilər. Bunun belə olacağı çoxdan bəlli idi. Sadəcə, çoxlarındakı
daxili köləlik duyğusu bunu 5-10 il əvvəldən görməyə imkan vermirdi.

Yadımdadı, 2000-ci illərin əvvəllərində bir xeyli şair-mair,
yazıçı-mazıçı, professor-mrofessor AMAL adlı ziyalı hərəkatı
yaratmışdılar, xatırlayıram ki, o vaxt yazıların birində mən bu
təşkilatın adını AMAL yerinə “MƏNI DƏ AL” kimi yazmışdım, həmin illərdə
xeyli adam deyirdi bu qədər nihilizm-filan olmaz, onlar bizə
lazımdı-zad.

Amma zamanla məlum oldu ki, bir-iki istisna ilə vəziyyət həqiqətən də
fərqli deyilmiş, yoxsa hanı indi o AMAL-çılar? Gün kimi aydın oldu ki,
bunlar doğrudan da olsa-olsa yaxşı günün “ziyalıları”dır, nə vaxtadək
ki, müxalifət güclü idi, onun hakimiyyətə gəlmək şansları yüksək idi,
bunlar pis-yaxşı həqiqəti deyirdilər, elə ki, ümidlər, imkanlar azaldı,
irtica gücləndi, yavaş-yavaş döndülər quzuya. Biri özünə görə susdu, o
biri övladına, başqa biri kürəkəninə görə.

10 il əvvəl siyasi monarxiyanın bərqərarına etiraz edirdilər allah
qoymasa. Bu gün çıxıb fədəbği monarxiyanın təntənəsinə öz layiqli
töhvələrini verirlər. 

Bir daha yazıram, gözlənilməz deyildi. Sadəcə, insanlara və
hadisələrə yalnız açıq gözlə deyil, bəzən həm də açıq beyinlə baxmaq
lazımdı. O zaman işlərin hara getdiyini, gedəcəyini daha dəqiq görmək
mümkündür.

Bəli, mənim də zaman-zaman haqqında müsbət düşüncələr yazdığım, amma
bir gün gəlib gerçək sifətini görərkən o cümlələri yazdığım yerdə
barmaqlarımın qırılmasını, əlimin qurumasını arzuladığım məqamlar çox
olmasa da, hər halda olub. Məsələ də burasındadır: kiminlə bağlısa
yanıla bilərsən, amma barı yanıldığını görəndə bunu açıq söyləmək, onu
yeni adıyla çağırmağı bacarmaq lazımdır. Yoxsa nədir inadla hələ də
artıq hansı bağın gülü, hansı gülün bülbülü, hansı dağın yeli olduğunu
bütün çılpaqlığı ilə ortaya qoyanlara davam edən heyranlıq? Onları sudan
quru çıxarmaq cəhdləri?

Prinsipləri şəxslərə, dəyərləri fərdlərə qurban verə-verə nəyə ümid edirik, hara gedirik axı?

Niyə kiminsə keçmişdəki xidmətləri bu gün onun yanlışlarına, yalanlarına, yaltaqlığına bəraət qazandırmalıdır?

Azərbaycanda elə vəziyyət yaranıb ki, ölkədə xeyirlə şərin,
aydınlıqla qaranlığın, pislə yaxşının sərhədləri heç vaxt bu qədər aydın
olmayıb. Bəs elə isə mövqelər niyə aydın olmasın? Niyə unuduruq ki,
arzuladığımız idarəetmə və cəmiyyəti qurmaq yalnız və yalnız müdafiə
etdiyimiz, carçsısı olduğumuz dəyərlərlə bütövləşməkdən gedir.

O dəyərləri həyatın heç bir sahəsində – yalnız siyasətdə yox,
ədəbiyyatda, mədəniyyətdə, qəzetçilikdə, hüquqçuluqda, hər sahədə, hər
sahədə! – qorumaqdan, mühafizə və müdafiə etməkdən gedir.

O dəyərləri neçə illik dostumdur, qohumumdur, yerlimdir deyib yanlış, yaman yoldakı kimsənin ayağına verməməkdən gedir.

Həm demokratik ideallardan, çağdaşlıq, azadlıq, ədalət kimi uca
dəyərlərdən bəhs edib həm də hansısa şəxsi münasibətlərə görə bir saray
yazıçısı, irtica keşikçisi barədə “o mənim üçün dəyərdir” deməməkdən
keçir.

Bunu anlamaq bu qədərmi çətindir bəyəm?

Short URL: http://www.cumhuriyyet.net/?p=8712

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31