İranlı iş adamı azərbaycanlıları söydü, ara qarışdı
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qaraçöp bölgəsinin Yor-Muğanlı kəndində etiraz aksiyası keçirilib.
Aksiyaya səbəb kəndin otlaq sahələrinin İran vətəndaşları tərəfindən
zəbt edilməsi və addımbaşı onları söyməsi olub. Keşəli kənd sakini, iş
adamı Məcid Məmmədov bildirib ki, bu səhər iranlı sürücü kəndin
mərkəzində sakinlərin ünvanına nalayiq ifadələr işlədib və aradan çıxıb.
Onun sözlərinə görə, bundan hiddətlənən yerli əhali Yor-Muğanlının
mərkəzində aksiya keçirmək qərarına gəlib.
“200-300 nəfər sakin aksiya keçirir. Tələbimiz odur ki, bizə otlaq
sahələri verilsin. Tələbimizlə bağlı Saqareco rayon rəhbərliyinə,
əlaqədar təşkilatlara dəfələrlə müraciət etmişik, lakin məsələ ilə
maraqlanan yoxdur. İranlılar Şevardnadzenin (sabiq prezident Eduard
Şevardnadze-red.) vaxtında işləyən sabiq polis rəisi ilə birgə
kəndimizin sakinlərinə əzab verirlər. Onların aldığı əraziyə bir qoyun
keçsə, sahibinə 100 lari cərimə kəsilir, hətta sakinlərə iranlının
aldığı əraziyə getməyə icazə verilmir. Həmin ərazidə ibadət yerimiz var
idi. Onlar gürcülərlə birləşib bu ibadət yerini uçurtdular. Əl-Rəşid
adlı İran vətəndaşı bizə məxsus 5 min hektar otlaq sahəsini kimlərinsə
köməyi ilə saxta sənədlərlə alıb və əraziyə su çəkib qarğıdalı,
günəbaxan və zeytun becərir. Onlar kəndin suvarma suyunu kəsib əhaliyə
su da vermirlər”- deyə M.Məmmədov qeyd edib.
M. Məmmədov bu gün səhər keçirilən aksiya zamanı kənd sakinlərinin
ünvanına nalayiq ifadələr işlətmiş iranlının saxlanılması tələbinin
səsləndirildiyini bildirib: “Biz tələb edirik ki, sakinləri söyən iranlı
saxlanılsın. Bu barədə polisə xəbər vermişik, lakin bizim tələbimizə
cavab verən yoxdur. Xalq pis durumdadır. Həm yerimizi alıblar, həm də
özümüzü söyürlər. Qaraçöp camaatı indi belə qərara gəlib ki, əgər
tələblərinə baxılmasa, sakinlər iranlının becərdikləri məhsulları məhv
edəcəklər”.
Ləmbəli kənd icra nümayəndəsi Mübariz Məmmədov və yeni seçilən
müstəqil deputat Qəzənfər Məmmədov APA-ya açıqlamasında aksiya barədə
məlumatlı olduqlarını və rayon polis nümayəndələrinin aksiya
iştirakçıları ilə söhbət etdiyini bildiriblər.
Onlar bildiriblər ki, bu gün yerli sakinlər sürücünü saxlayıblar və
onun kənddə maşını sürətlə idarə etməsinə etiraz ediblər. Maşında olan
mühafizə xidmətinin əməkdaşı isə yerli sakinlərin ünvanına nalayiq
ifadələr işlədib. Nəticədə kənd əhalisi aksiya keçirmək qərarına gəlib.
Aksiyaya müdaxilə edən bəzi polis əməkdaşları sakinləri təhqir edib.
Aksiyada Tüllər kəndindən seçilən müstəqil deputat Bəzirgan Xeyirxəbərov
da iştirak edib.
Keşəli kənd sakini, iş adamı Məcid Məmmədov açıqlamasında bildirib
ki, Yor-Muğanlı kəndinin 5.000 hektar otlaq sahəsini alan Əl-Rəşid adlı
iranlı biznesmen aksiya iştirakçılarından üzr istəyib, işçisi ilə lazımi
qaydada söhbət edəcəyini və onu işdən çıxaracağını vəd edib.
Qeyd edək ki, azərbaycanlıların yaşadığı Yor-Muğalı kəndi bir-birinə
bitişik 7 kənddən (Qazılar, Tüllər, Ləmbəli, Keşəli, Muğanlı, Əyrəmi,
Baldoy kəndləri) ibarətdir. Bu ərazi Qaraçöp bölgəsi adlanır.
Yor-Muğanlı kəndinin 30 min əhalisi var.
Short URL: http://www.cumhuriyyet.net/?p=8720