AŞPA-dan Azərbaycana qarşı sərt bəyanat
“Azərbaycanda hüquq müdafiəçilərinin vəziyyəti kəskin pisləşib”
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) AŞ-ya üzv ölkələrdə
hüquq müdafiəçilərinin müdafiəsi üzrə məruzəçisi, Estoniyalı
parlamentinin üzvü Maylis Reps Azərbaycanda hüquq müdafiəçilərinin
vəziyyətinin pisləşməsi ilə əlaqədar narahatlığını bildirib.
“2013-cü ilin noyabrında bu ölkəyə son səfərimdən ötən müddət
ərzində Azərbaycanda hüquq müdafiəçilərinin vəziyyəti kəskin şəkildə
pisləşib”, deyə Repsin iyunun 20-də AŞPA saytında yerləşdirilmiş
bəyanatında bildirilir.
“Əsas azadlıqlar daim pozulur və bunun Azərbaycanın Avropa Şurasının –
demokratiya, insan hüquqları və qanunun aliliyinə əsaslanan təşkilatın
Nazirlər Komitəsinə sədrlik etdiyi bir vaxtda baş verməsi dəhşətlidir”,
deyə AŞPA məruzəçisi qeyd edir.
Reps fəalların, jurnalistlərin və blogerlərin təqibi ilə bağlı
narahatlığını bildirib. “Hüquq müdafiəçilərinə, digər vətəndaş
fəallarına və blogerlərə qarşı əsassız həbslər, saxta ittihamlar üzrə
ədalətsiz məhkəmə çəkişmələri və hətta həbsdə işgəncə kimi müxtəlif
qorxutma tədbirlərinin görülməsindən çox narahatam. Bu tədbirlərin
bəziləri bizim uzun müddətdir tərəfdaşlarımız olan şəxslərə yönəlib”,
deyə Reps davam edir.
Bu zaman o, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusa
qarşı təzyiqi, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi
Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədlinin, SMDTM-nin icraçı direktoru
Bəşir Süleymanlının, AŞ Bakı Siyasi Araşdırmalar Məktəbinin direktoru
İlqar Məmmədovun saxta və siyasi motivli ittihamlarla həbsini xüsusi
qeyd edir.
Bundan başqa, bəyanatda deyilir ki, insan hüquqları məsələləri üzrə
işləyən QHT-lər qeydiyyat və ya maliyyə alınmasında ciddi çətinliklərlə
üzləşirlər. “Vətəndaş cəmiyyətinə bu fasiləsiz hücumlar və əsas
dəyərlərin davamlı şəkildə pozulması qəbuledilməzdir”, deyə Reps qeyd
edib.
O, Azərbaycan hakimiyyətini İlqar Məmmədov, Anar Məmmədli, Bəşir
Süleymanlı və bir çox digər “vicdan məhbuslarını” dərhal azad etməyə
çağırıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=8740