Azərbaycanla bağlı biabırçı fahişə hesabatı

22.06.2014 - 02:29
2013-cü ildə Türkiyədə 19, BƏƏ-də 16,
Rusiyada 15 və İranda bir azərbaycanlı insan alveri qurbanı olub

 
“Azərbaycan insan alverinə – məcburi əməyə və seks
trafikinqinə məruz qalmış kişi, qadın və uşaqlar üçün həm mənbə, həm
tranzit, həm də mənzil ölkəsi rolunu oynayır”. Bu barədə ABŞ Dövlət Departamentinin 2014-cü il üçün İnsan Alveri Hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, azərbaycanlı kişi və oğlanlar Rusiyada,
həmçinin Azərbaycanın özündə məcburi əməyə cəlb olunur. Azərbaycandan
olan qızlar və qadınlar həm ölkənin özündə, həm də Birləşmiş Ərəb
Əmirlikləri (BƏƏ), Türkiyə, Rusiya, İran və İsveçdə cinsi istismara
məruz qalırlar.

Bundan başqa, Türkiyədən, habelə Türkmənistan, Özbəkistan,
Əfqanıstan, Filippin, Rumıniya, Hindistan və Ukraynadan olan bəzi
miqrant işçilər Azərbaycanda qul əməyinə məcbur edilirlər.

QULLARIN “ŞADLIQ EVİ”

Hesabatda deyilir ki, uşaqlar, əsasən də qaraçı ailələrindən olanlar
zorla dilənçiliyə, yolkənarı ticarət obyektlərində, çayxanalarda və
şadlıq evlərində məcburi istismara məruz qalırlar. Sənəddə bildirilir ki, xüsusən də Filippindən olan ev qulluqçularının istismarı yeni bir problem kimi ortaya çıxıb. İnsan alverinə məruz qalan uşaqların əksəriyyəti köçkün ailələrindən,
uşaq evlərindən və internatlardan çıxdıqdan sonra evsiz-eşiksiz
qalanlardır. Hesabatda vurğulanır ki, Azərbaycan hökuməti insan alverinin ləğvi
üçün minimum standartlara əməl etmir, hərçənd bu sahədə əhəmiyyətli
cəhdlər göstərir.

AZƏRBAYCANLI VƏ ƏCNƏBİ QURBANLAR

Qeyd olunur ki, Azərbaycan hesabat dövrü ərzində insan alverinə dair
qanunlarına onların beynəlxalq qanunlara uyğunlaşdırılması istiqamətində
əlavələr edib. Lakin bununla belə, hökumət məhdud sayda xaricdən olan
insan alveri qurbanlarını müəyyənləşdirməklə kifayətlənib.

Məcburi əməyin arxasında durduqları güman edilən şirkətlərlə bağlı ciddi təhqiqat aparmayıb.

Hesabatda bu işin yaxşılaşdırılması üçün Azərbaycana bir sıra
tövsiyələr də verilir. Bu tövsiyələrə hüquq-mühafizə orqanlarının daxili
trafikinqlə mübarizəsinin gücləndirilməsi, insan alveri ilə məşğul olan
fərd və şirkətlərin aşkarlanması və mühakiməsi, bu kimi cinayətlər üçün
həbsxana cəzalarının sərtləşdirilməsi daxildir.

Hesabatda bildirilir ki, 2013-cü ildə Azərbaycanda məcburi əmək
trafikinqi ilə bağlı 4, seks trafikinqi ilə bağlı 17 iş araşdırılıb. Bu,
2012-ci ildə olduğundan çoxdur. Bu da qeyd olunur ki, məcburi əməklə
bağlı iki nəfər mühakimə edilib. Bunlardan biri filippinli ev
xidmətçisinin işidir.

KORRUPSİYA MƏMUR BİZNESİNİN KEŞİYİNDƏ

Sənəddə deyilir ki, Azərbaycanda yayılmış sistematik korrupsiya insan
alveri ilə mübarizədə səyləri əngəlləyir. Vətəndaş cəmiyyəti qrupları
tikinti sektorunda qul əməyinin tətbiqi barədə məlumatları
hüquq-mühafizə orqanlarına verməkdən və qüdrətli rəsmi fiqurların
qəzəbinə gəlməkdən çəkinirlər.

Hesabatda bu da qeyd olunur ki, Azərbaycan insan alveri qurbanlarının
müdafiəsi və onlara dəstək sahəsində müəyyən irəliləyişə nail olub.
Lakin qurbanlarla məşğul olan QHT-lərin maliyyələşdirilməsi kafi deyil.

Sənəddə həmçinin göstərilir ki, 2013-cü ildə Türkiyədə 19, BƏƏ-də 16,
Rusiyada 15 və İranda bir azərbaycanlı insan alveri qurbanı olub.

16 YAŞLI ÖZBƏK QIZLARI BAKI KLUBUNDA

Hesabatda Azərbaycana dair maraqlı faktlardan biri də budur ki,
2013-cü ilin məlumatına görə, Bakı klublarından birində fahişəliklə
məşğul olan 53 nəfər (47-si qadındır) həbs edilib. Həbs olunanların əksəriyyəti 16-17 yaşlı özbək qızları olub.

Azərbaycan hökuməti onlar barəsində nə kimi tədbirlərin görüldüyünə dair başqa məlumat verməyib.

ERMƏNİSTANDA VƏZİYYƏT DAHA YAXŞIDIR

İnsan Alveri Hesabatından bəlli olur ki, trafikinqlə mübarizə Azərbaycanın qonşusu Ermənistanda daha qənaətbəxş aparılır.

ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycan 1-ci dəstəyə,
Ermənistan isə 2-ci dəstəyə aid edilib. Bu isə o deməkdir ki, Ermənistan
Azərbaycandan fərqli olaraq trafikinqin kökünün kəsilməsi üçün minimum
standartlara cavab verir.

Hesabat ilində Ermənistanın bütün müvafiq hökumət orqanlarında insan alveri ilə mübarizə sahəsində irəliləyiş əldə edilib.

AZƏRBAYCAN 5, ERMƏNİSTAN 15 NƏFƏRİ MƏHKUM EDİB

Ermənistan hökumətinin QHT-lər, media və yerli partnyorlarla əlaqələri daha yüksək səviyyədədir.

Ermənistan məhkəmələri 2013-cü ildə trafikinqlə bağlı 15 nəfəri məhkum edib, halbuki Azərbaycanda bu rəqəm 5 olub.

Ermənistan insan alveri üçün tranzit ölkə sayılmır, lakin trafikinq
üçün mənbə və mənzil rollarını oynayır. Erməni kişilər Rusiyada və
qismən də Türkiyədə məcburi əməyə cəlb edilirlər.

Erməni qadınlar isə istər ölkədə, istərsə də xaricdə – BƏƏ-də və Türkiyədə cinsi istismarın qurbanı olurlar.

Bununla yanaşı, erməni qadınlar və uşaqlar zorla dilənçiliyə məcbur edilirlər.

AZƏRBAYCANLI QADINLAR GÜRCÜSTANIN SEKS SƏNAYESİNDƏ

Cənubi Qafqazın daha bir ölkəsi – Gürcüstan ABŞ Dövlət
Departamentinin hesabatında Azərbaycan kimi 2-ci qrupa aid edilib.
Gürcüstan da, Azərbaycan kimi, insan alveri üçün həm mənbə, həm tranzit,
həm də mənzil ölkədir. Hesabatda deyilir ki, Gürcüstandan olan qadınlar və qızlar ölkə
daxilində, eləcə də Türkiyə, qismən BƏƏ və Rusiyada seks trafikinqinə
məruz qalırlar.

Eyni zamanda Azərbaycan, Özbəkistan, Qırğızıstandan olan qızlar da
Gürcüstanın kommersiya seks ticarəti sənayesində, xüsusən də Batumi və
Qonio kimi kurort şəhərlərində istismar edilirlər. Ekspertlər bildirirlər ki, onlar saunalarda, striptiz klublarında, kazino və otellərdə çalışırlar.

Hesabata görə, Gürcüstandan olan kişi və qadınların əməyi istər ölkə
daxilində, istərsə də xaricdə – Türkiyə, Rusiya, Azərbaycan, Kipr,
İtaliya, Qətər və İsveçdə istismar edilir. /virtualaz.org/

Short URL: http://www.cumhuriyyet.net/?p=8743

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31