Iraqda döyüşən vətəndaşlarımız hansı məsuliyyəti daşıyır?
Son günlər “Iraq Şam Islam Dövləti (IŞID) dünyanın gündəmini zəbt
edib və bu qruplaşma müxtəlif ölkələri təhdid etməyə başlayıb. Suriyada
ən radikal müxalif qruplaşma kimi tanınan “Iraq Şam Islam Dövləti”
(IŞID) Iraqda bir sıra ərazilərə nəzarəti ələ keçirib. Hər gün gələn
xəbərlərdə yüzlərlə insanın öldürüldüyü və yaralandığı deyilir.
Iraq hökumətinin IŞID qüvvələri ilə bacara bilməməsi, döyüşlərdə ağır
itkilər verməsi və eyni zamanda bir sıra region dövlətlərinin
bilərəkdən məsələyə məzhəb savaşı donu geydirməsi prosesləri daha da
mürəkkəbləşdirir. IŞID-in yayılan xəritəsində Türkiyə və Azərbaycanın da
olması müəyyən təhlükədən xəbər verirş təhlükənin yaxında olduğu deməyə
əsas verir.
“Yeni Müsavat” qəzetininin etbarlı mənbəyə istinadən verdiyi məlumata
görə, Azərbaycanın dini aktivliyin yüksək olduğu rayonlarında yaşayan
şiələr IŞID-ə qarşı döyüşlərə hazırlaşır. Onlar şiə müctəhidlərinin
fətvasını gözləyirlər. Bəzi məlumatlarda isə deyilir ki, 100-ə yaxın
azərbaycanlı IŞID qruplaşmasına qarşı savaşmaq üçün Iraqa yollanıb.
Iranın dini lideri Xamneyinin tərəfdarları isə ondan cihad fətvası
gözləyirlər.
Başqa məlumatlarda isə bildirilir ki, IŞID sıralarında döyüşən Azərbaycan vətəndaşları da var.
Bundan əvvəl Suriyada döyüşən azərbaycanlılar haqqında geniş
məlumatlar yayılırdı və bu adamlar tez-tez müsəlmanlara müraciət edir,
cihada səsləyirdilər. Suriya hadisələri zamanı xeyli Azərbaycan
vətəndaşının həlak olduğu haqda da məlumatlar yayılırdı.
Suriyaya gedənlərlə bağlı həyəcan təbili çalınsa da, bu adamları
kimlərin maliyyələşdirdiyi, kimlərin təbliğatına qurban getdiyi
aydınlaşmadı və hüquq mühafizə orqanlarının da əməli tədbirləri müşahidə
olunmadı.
Indi də IŞID-lə bağlı belə xəbərlər yayılmaqdadır və bu qruplaşam
daxilində döyüşənlərin, yaxud onlara qarşı döyüşənlərin hansı
məsuliyyəti daşıdığı aydın deyil.
Müzəffər Baxışov: “CM-nin 283.1-ci maddəsinə görə həmin şəxslər 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır”
Tanınmış hüquqşünas Müzəffər Baxışov bildirdi ki,
2014-cü il martın 4-də Cinayət Məcəlləsinə 283.1 maddəsi əlavə edilib və
bu maddəyə görə Azərbaycan hüdudlarından kənarda silahlı qruplaşmalarda
iştirak etmək cinayət məsuliyyəti yaradır: “Bundan sonra muzdlular
yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat
vermə, habelə onlardan hərbi münaqişədə və ya hərbi əməliyyatlarda
istifadə etməyə görə 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə kəsiləcək.
Hazırda isə bu cinayət cəza 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Maddəyə edilən digər dəyişikliyə görə, muzdlu hərbi münaqişədə və ya
hərbi əməliyyatlarda iştirakına görə 5 ildən 11 ilədək azadlıqdan məhrum
ediləcək. Cinayət Məcəlləsinin 214-cü maddəsinə əlavə və dəyişiklik isə
terror cinayətinə görə 10 ildən 12 ilədək azadlıqdan məhrumetməni
nəzərdə tutur. Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs,
mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat)
tərəfindən törədildikdə, təkrar törədildikdə, odlu silahdan və silah
qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə,
ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda
12 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalanacaq.
Cinayət Məcəlləsinin 214.2 maddəsinə görə açıq çağırışlar etmə,
habelə bu cür məzmunlu materiallar yaymaq 5 ilədək müddətə azadlıqdan
məhrumetmə ilə cəzalandırılacaq.
Cinayət Məcəlləsinə 283.1-ci maddəsinə görə (Azərbaycan
Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak
etmək məqsədi ilə sabit qrup yaratma) bu hərəkətlər 9 ildən 12 ilə
qədər azadlıqdan məhrumetməni nəzərdə tutur”.
Ekspert onu da əlavə etdi ki, bu dəyişikliyə qədər müvafiq
cinayətləri törətmiş şəxslər, Cinayət Məcəlləsinin 279.1 və 12.1
maddələri ilə ittiham oluna bilər: “Ancaq bu maddələrlə məsuliyyət cəlb
etmək çətin məsəlidir. Çünki bu maddələrə görə həmin şəxslərin törətdiyi
əməl, həmin xarici dövlətin qanunvericiliyində də cinayət
sayılmalıdır”(azadlıq.info).
Short URL: http://www.cumhuriyyet.net/?p=8752