Hakimiyyət bu dəfə vəziyyətdən necə çıxacaq?

Fuad Qəhərmanlı: “Hakimiyyət bu dəfə də antiQərb mövqeyi sərgiləyərək, Rusiyaya qarşı ittihamları neytrallaşdırmağa çalışacaq”
Iyunun 28-də Bakıda ATƏT-in 23-cü sessiyasında öz işinə başlayacaq. 2
gün davam edəcək sessiyada Azərbaycan hakimiyətini narahat edən
məsələnin müzakirəsi olacaq. Belə ki, ABŞ sessiyada müzakirə olunmaq
üçün gözlənilməz təkliflə çıxış edib. Rusiyaya qarşı qətnamə qəbul edilə
bilər.
ABŞ senatoru Bencamin Kardinin ATƏT-in Bakı iclasında Rusiyanı
1975-ci ildə qəbul edilmiş Helsinki sazişininin prinsiplərini pozmaqda
ittiham edən qətnamə layihəsi hazırlayıb. Kardin bu qətnamədə Rusiyanı
Ukraynanın Cənub-şərqini özünə birləşdirmək cəhdində ittiham edib.
Qətnamə layihəsinin rəsmi adı “Rusiya Federasiyası tərəfindən Helsinki prinsiplərinin növbəti dəfə kobud pozulması” adlanır.
Bir sözlə, Bakıda keçiriləcək tədbirdə antiRusiya layihəsi həyata
keçiriləcək və Azərbaycantərəfi də öz mövqeyini ifadə etməli olacaq.
Qeyd edək ki, bugünlərdə NATO Parlament Assambleyasının Bakıda
keçirilən “Cənubi Qafqaz: problemlər və imkanlar” adlı 86-cı
“Rose-Routh” seminarında oxşar hal baş vermişdi. Həmin tədbirdə Qərbin
bir sıra ekspertləri, parlamentarilər çıxışlarında Rusiya əleyhinə
fikirlər səsləndirərək, Putinin Ukrayna ərazilərini ələ keçirmək
siyasətini tənqid etmişdilər. Azərbaycan hökumətinin təmsilçiləri isə
antiRusiya ovqatının yaranmasından həyəcanlanaraq əks hücuma
keçmişdilər. Azərbaycanın NATO Parlament Assambleyasında nümayəndə
heyətinin rəhbəri, vitse-spiker Ziyafət Əsgərov Liviya, Iraqda baş
verənlər, həmçinin Yuqoslaviyaya hücuma görə ABŞ-ı tənqid edərək, bunu
“vicdansızlıq” adlandırmışdı. O eyni zamanda, Qərbin Rusiyaya qarşı
sanksiyalarını “ikili standartlar” kimi qiymətləndirmişdi.
Bu dəfə isə vəziyyətin daha kritik olacağı gözlənilir və Rusiya əleyhinə böyük kampaniyanın start götürəcəyi ehtimalı var.
Görəsən, Azərbaycan hökuməti bu dəfə vəziyyətdən necə çıxmağı planlaşdırır?
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki,
bu dəfə də hakimiyyət antiQərb ritorikasını davam etdirəcək və
Qərb-Rusiya savaşında özünü sığortalamağa çalışacaq: “NATO PA-nın
tədbirində də hakimiyyət ABŞ-a qarşı kəskin ittihamlar səsləndirdi və
Rusiyanın qarşısında özünə bəraət qazandırmağa çalışdı. Bu dəfə də çətin
vəziyyət yaranacağı gözlənilir və hakimiyyətin yenidən qərbə hücuma
keçəcəyini ehtimal etmək olar. Hətta Dumanın rəhbəri Narışkin bildirib
ki, bununla bağlı ATƏT ölkələri ilə danışıq aparılır. Deməli,
Azərbaycanla da müvafiq danışıqlar aparılacaq və mövqe tələb olunacaq”.
Ekspert onu da əlavə etdi ki, Azərbaycan Avropa Şurasındakı səsvermə
zamanı da neytral qalmışdı və Rusiya əleyhinə qətnamənin qəbuluna səs
verməmişdi. Ona görə də bu sessiyada Azərbaycan eyni mövqeyi
sərgiləyəcək və Rusiyaya qarşı fikirləri neytrallaşdırmağa çalışacaq.
ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Eldar
Ibrahimov “Modern.az”a bildirib ki, bu sessiyada Ukrayna ilə bağlı
müzakirələr olacağı haqqında məlumatlıdlar: “ATƏT-in Bakıda keçiriləcək
sessiyasında Ukrayna ilə əlaqədar iclasın olacağını əvvəldən xəbər
veriblər. Amma amerikalı senator Bencamin Kardinin təklifi haqqında
əvvəlcədən nəsə deyə bilmərəm. Bencamin Kardinin səsləndirdiyi təklif
haqqında sənədi görməmişəm. Kimin nə qətnamə hazırladığından xəbərimiz
yoxdur. Amerikanın, Rusiyanın qətnamə ilə bağlı nə təkliflər verəcəyi
barədə bizdə məlumat yoxdur. Onu ancaq iclas başalayanda biləcəyik”-
deyə Eldar Ibrahimov bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=8755