Əliyev və komandası ayrı-ayrı dillərdə danışır
Həm Qərb, həm də Rusiya isə birmənalı mövqe tələb edir

“Bu gün Azərbaycan-Rusiya münasibətləri yüksəliş mərhələsindədir. Biz
ictimai-siyasi, ticari-iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıq
edirik. Rusiya Federasiyasının subyektləri ilə Azərbaycanın
regionlararası əlaqələri səmərəli və dinamik inkişaf edir”.
Bunu azərtac-a Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
O,
Rusiya ilə münasibətlərdən söz açarkən bildirib ki, Rusiya Azərbaycanın
əsas ticari-iqtisadi tərəfdaşlarından biridir: “Ilham Əliyev dəfələrlə
vurğulayıb ki, ictimai-siyasi və humanitar sahələrdə Rusiya ilə
Azərbaycan arasında münasibətlər nümunə ola bilər. 2010-cu ili
xatırlamaq kifayətdir. O vaxt Azərbaycan prezidenti Ilham Əliyevin və
Rusiyanın o vaxtkı prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə Bakıda
humanitar əməkdaşlıq üzrə birinci Azərbaycan-Rusiya Forumu keçirilmiş,
sonradan bu forum beynəlxalq status almışdı.
Son illərdə bu sahədə
çox ciddi dəyişikliklər baş verib. Regionların rəhbərlərinin ölkəmizə
qarşılıqlı səfərləri çoxalıb, ikitərəfli münasibətlər kifayət qədər
səmərəli inkişaf edir, mədəni mübadilə və s. fəallaşıb. Azərbaycan
Moskva və Sankt-Peterburqla, Dağıstan və Tatarıstan respublikaları,
Stavropol diyarı, Moskva, Həştərxan, Ulyanovsk, Sverdlovsk, Vladimir,
Tambov, Volqoqrad vilayətləri və başqa regionlarla sıx əməkdaşlıq edir”.
Maraqlısı
odur ki, Ilham Əliyev Avropa Komissiyasının prezidenti Joze Manuel
Barrozo ilə görüşdən sonra Qərbə inteqrasiyaya dair mesajlar verir,
ancaq onun komandasının əsas fiqurlarından biri Rusiya ilə
münasibətlərdən danışır.
AXCP sədrinin müavini Nurəddin Məmmədli deyir ki, Azərbaycan dünya
siyasətinin geniş mənada hədəfində olan ölkəyə çevrilib: “Bir tərəfdə
Qərb dünyasından fasiləsiz olaraq səfərlər, eyni zamanda, Rusiyadan
Azərbaycanla bağlı gözləntilərin doğrulması istiqamətində tələblər
hakimiyyət dairələrində çaşqınlığa səbəb olub. Azərbaycan hökuməti
əvvəlki illərə məxsus olan balanslaşdırılmış xarici siyasət
tendensiyasını davam etdirmək istəyir. Həm Qərb, həm də Rusiya birmənalı
mövqe tələb edir. Belə bir şəraitdə Azərbaycan tərəflərdən birini
seçmək imkanını öz hakimiyyəti üçün çox təhlükəli hesab edir. Ona görə
də müxtəlif vasitələrlə manevr edirlər. Xüsusilə Bakıda keçiriləcək
ATƏT-in növbəti tədbiri Azərbaycan hakimiyyəti üçün böyük problemlər
yarada bilər. Həmin tədbirdə Rusiyanın ziddinə olan mövqenin ortaya
qoyulması tələb olunur ki, bu da hökumətdəkilərin çaşqınlığını bir qədər
də artırır. Bu mənada, ayrı-ayrı məmurların müxtəlif mövqelər ifadə
etməsi həmin o “balanslaşdırılmış siyasət” vasitəsilə rejimin
mövcudluğunu uzatmaq cəhdlərinin ifadəsidi”.
Short URL: http://www.cumhuriyyet.net/?p=8778