Hakimiyyətdən QHT-lərə növbəti zərbə

23.06.2014 - 09:39

Hakimiyyət Qərblə əməkdaşlıq edən QHT-ləri
təhlükə hesab edir

Razi Nurullayev: “Hakimiyyət Qərblə əməkdaşlıq edən QHT-ləri
təhlükə hesab edir və siyasi məqsədlər üçün bu qurumların fəaliyyətini
məhdudlaşdırır”

Nazirlər Kabineti “Azərbaycan Respublikasında xarici dövlətlərin
qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət
qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması
və bağlanması Qaydaları”nda dəyişiklik edib.

Apa-nın məlumatına görə, dəyişiklik Ədliyyə Nazirliyi ilə xarici
dövlətlərin qeyri-hökumət təşkilatlarının (QHT) filial və ya
nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin bağlanması
şərtlərini əhatə edir.

Qeyd edək ki, qüvvədə olan Qaydaya əsasən saziş bağlanmazdan öncə
Ədliyyə Nazirliyi ilə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının
filial və ya nümayəndəlikləri arasında danışıqlar aparılmalıdır.
Danışıqlar zamanı təşkilat barədə məlumat və onun Azərbaycanda
fəaliyyətinin məqsədləri, bu fəaliyyətin zəruriliyi və Azərbaycan
cəmiyyətinə töhfəsi müzakirə edilməli və dəqiqləşdirilməlidir.
Danışıqlar prosesində təşkilatın Azərbaycan ərazisində gələcək
fəaliyyəti Azərbaycan Konstitusiyasına, qanunlarına və digər normativ
hüquqi aktlarına riayət etmək, Azərbaycan xalqının milli-mənəvi
dəyərlərinə hörmətlə yanaşmaq, Dağlıq Qarabağ münaqişəsi nəticəsində
işğal olunmuş ərazilərdə hər hansı fəaliyyət həyata keçirməmək, o
sıradan separatçı Dağlıq Qarabağ rejimi ilə əlaqələr qurmamaq, siyasi və
dini təbliğatla məşğul olmamaq, qeyri-kommersiya hüquqi şəxslərinin
dövlət reyestri üçün zəruri olan məlumatları qanunvericiliklə müəyyən
edilmiş müddətdə təqdim etmək ilə şərtləndirilməlidir. Məhz bu şərtlər
təşkilat tərəfindən qəbul edildikdə, Ədliyyə Nazirliyi ilə həmin
təşkilat arasında saziş bağlanılır.

Dəyişikliyə əsasən, bundan sonra Ədliyyə Nazirliyi və xarici
dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri
arasında dövlət qeydiyyatı ilə bağlı saziş bağlanarkən sazişdə onun
qüvvədə olması müddəti də göstərilməlidir. Saziş bağlandıqdan sonra
qanunvericiliklə müəyyən olunmuş müddətdə və qaydada filial və ya
nümayəndəliyin dövlət qeydiyyatı həyata keçirilir.

Azərbaycanda hakimiyyətin siyasətini dəstəkləməyən QHT-lərin hansı
məhrumiyyətlərlə üzləşdiyi məlumdur. Son günlər tanınmış QHT
nümayəndələrinin şərlənərək həbs edilməsi,  Qərblə əməkdaşlıq edən
QHT-lərin təzyiqlərə məruz qalması da bu prosesin davam etdiyini bir
daha təsdiqləyir. Son zamanlar Azərbaycanda QHT-lərin fəaliyyətini
məhdudlaşdıran mürtəce qanunlar qəbul olunur və hakimiyyət qanunsuz
əməllərini “qanun” adı altında həyata keçirməyə start verib.

Son dəyişikliklər də QHT-lərə növbəti zərbədir və qeydiyyat prosesinin çətinləşdirilməsinə xidmət edir.

AXCP sədrinin müavini Razi Nurullayev hesab edir ki,
hakimiyyət Qərblə əməkdaşlıq edən QHT-ləri təhlükə kimi görür və onları
müxtəlif vasitələrlə zərərsizləşdirmək istəyir: “Qərblə əməkdaşlıq edən
QHT-lərin fəaliyyəti ciddi araşdırılır və onların fəaliyyətində “rəngli
inqilablar törətmək” səbəbi axtarılır. Hökumət mətbuatının bu QHT-lər
haqqında yaydığı məlumatlar həqiqəti əks etdirmir və beynəlxalq
təşkilatların Azərbaycandakı fəaliyyəti sabitliyin pozulmasına,
müxalifətə dəstək verilməsinə xidmət etmir. Sadəcə olaraq hakimiyyət öz
mahiyyətinə uyğun olaraq addımlar atır və QHT-ləri sıradan çıxarır.
Edilən dəyişikliklər qeyri-demokratikdir, beynəlxalq aləmin tələblərinə
ziddir və Azərbycanın Avropa ailəsinin bir üzvü olmaq iddialarının
üstündən xətt çəkir. Bir sözlə, hakimiyyət siyasi məqsədlər və
səbəblərlə QHT-lərin fəaliyyətini məhdudlaşdırır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=8779

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31