Lukoşenko Əliyevdən pul istəyir


Nemət Əliyev: “Belarusu bir bazar kimi nəzərdən keçirmək
olar, ancaq xarici ticarətdə uğur qazanmaq üçün Qərb ölkələri ilə
əməkdaşlıq zəruridir”
Azərbaycan Belarus üçün prioritet dövlətlərdən biridir, bu barədə
prezident Aleksandr Lukaşenko cümə günü Azərbaycanın baş naziri Artur
Rasizadəni qəbul edərkən bildirib.
“Biz sizin üçün tamamilə açığıq, sizə ixrac etməyəcəyimiz və ya sizin
bizdə sata bilməyəcəyiniz mallar nomenklaturası mövcud deyil, birgə
müəssisələrin yaradılması üçün qadağan edilmiş mövzular yoxdur, biz də
Azərbaycanda belə edirik”, deyə Belarus lideri qeyd edib.
“Sizdən xahiş etmək istəyirəm ki, sizə çox yaxın bir ölkənin –
Belarusun olduğunu və buraya investisiyalarla gələ biləcəyinizi
unutmayasınız, biz həmişə sizi dəstəkləyəcəyik”, deyə Lukaşenko qeyd
edib.
Öz növbəsində, Rasizadə qeyd edib ki, Azərbaycan siyasi və iqtisadi sahələrdə Minsklə əməkdaşlıq edəcək.
Qeyri-rəsmi məlumatlara görə, Belarus tərəfi Azərbaycana ölkənin bir
sıra böyük müəssisələrinin özəlləşdirilməsində iştirak etməsini təklif
edib və Rasizadənin səfəri məhz bu təkliflə bağlıdır.
Qeyd edək ki, Azərbaycan bundan öncə də Belarusa aşağa faizlə böyük
miqdarda vəsait verib. Görünür, Lukoşenko yenə də Azərbaycandan pul
almaq qərarına qəlib və bu dəfə “iqtisadi əməkdaş”lıq formasında
hərəkət edir.
O da məlumdur ki, Azərbaycan hakimiyyəti belə təkliflərə həmişə müsbət yanaşır və özəlləşmə sahəsində xüsusi “təcrübə”si var.
Bəzi ekspertlər hesab edir ki, Lukoşenkonun belə açıq təklifi daha
çox siyasi baxımdan qiymətləndirilməlidir. Çünki Belarus Avrasiya
Ittifaqının üzvüdür və bu qurumda ölkənin inkişafı üçün perspektiv
görünmür. Azərbaycan isə hələ də bu quruma üzv olmayıb və
avrointeqrasiyanın cığırındadır. Belə olan halda Azərbaycanla isti
münasibətlər Belarusun xeyrinə işləyə bilər.
Iqtisadçı ekspert Nemət Əliyev bildirdi ki,
Rusiyanın region üçün təhlükəyə çevrildiyi və Belarusun da Avrasiya
Ittifaqının üzvü olduğu vaxtda, belə bir təklifin irəli sürülməsi
diqqəti cəlb edir. Sanki heç bir problem yoxdur və Rusiyanın layihəsində
iştirak etməyən ölkə ilə əməkdaşlıq normaldır. Iqtisadi əlaqələrə
gəlincə, ekspert bunu normal qiymətlənidirir: “Həqiqətən də heç bir
gizli niyyət yoxdursa, məqsəd iqtisadi əlaqələrin yüksəldilməsidirsə,
buna müsbət yanaşmaq lazımdır. Azərbaycanın xarici ticarət əlaqələrinin
statistikasına nəzər salsaq görərik ki, son 4 ayın təhlili böyük
itkiləri üzə çıxarır. Itkilər 1 milyard 650 milyon doları ötüb. Xüsusən
də MDB ölkələri ilə idxal-ixrac əməliyatlarında xeyli enişlər var.
Yaranmış itkilərin yerinin doldurulması baxımından Belarus bazar kimi
nəzərdən keçirilə bilər”.
Belarusdakı özəlləşdirmədə iştirak etməyə gəlincə, ekspert hesab edir
ki, bu prosesdə Azərbaycandan olan iş adamlarının yaxından iştirakı
faydalı olar. Ancaq məmur-oliqarxların bu prosesdə iştirakı ölkə üçün
heç bir xeyir vəd etmir.
Ekspert onu da əlavə etdi ki, texnoloji yeniliklərin Belarusdan
idaxal edilməsi isə sadəlövhlük olardı. Çünki Belarusun bu istiqamətdə
nailiyyətləri yoxdur: “Xarici ticarətin bütün sahələrində uğur qazanmaq
üçün Qərb ölkələri ilə əməkdaşlıq zəruridir”.(azadlıq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=8782