Azərbaycanda insan alveri niyə “çiçəklənir”?

“Azərbaycan insan alverinə – məcburi əməyə və seks trafikinqinə məruz
qalmış kişi, qadın və uşaqlar üçün həm mənbə, həm tranzit, həm də
mənzil ölkəsi rolunu oynayır”. Bu fikir ABŞ Dövlət Departamentinin
2014-cü il üçün Insan Alveri Hesabatında öz əksini tapıb.
Hesabatda vurğulanır ki, Azərbaycan hökuməti insan alverinin ləğvi
üçün minimum standartlara əməl etmir, hərçənd bu sahədə əhəmiyyətli
cəhdlər göstərir. Sənəddə bildirilir ki, xüsusən də Filippindən olan ev
qulluqçularının istismarı yeni bir problem kimi ortaya çıxıb. Həmçinin
qeyd olunur ki, məcburi əməklə bağlı iki nəfər mühakimə edilib.
Bunlardan biri filippinli ev xidmətçisinin işidir.
ABŞ Dövlət Departamentinin istinad etdiyi bu cinayət işindən
“Azadlıq”ın oxucuları məlumatlıdır. Söhbət Milli Şuranın Beynəlxalq
münasibətlər komissiyasının sədri Gültəkin Hacıbəylinin üzünə duraraq
insan alveri və əməyin istismarı cinayətlərini törətmədiyini, ona böhtan
atıldığını iddia edərək məhkəmədə Gültəkin xanıma qarşı xüsusi ittiham
qaydasında iddia qaldırmış Aynur Mehdiyevanın işindən gedir.
Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Iradə Həsənzadənin
sədrliyilə baxılıb. Məhkəmənin 19 may 2014-cü il tarixli hökmü ilə Aynur
Mehdiyevaya 8 il 6 ay həbs cəzası təyin edilib. Lakin qadın və
himayəsində azyaşlı uşağı olması, ilk məhkumluğu nəzərə alınaraq, ona
münasibətdə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib. Beləliklə,
Aynur Mehdiyeva 1 il sınaq müddəti olmaqla, həmin cəzaya şərti məhkum
edilib.
Insan alveri kimi ağır cinayətdə ittiham olunmasına baxmayaraq, Aynur
Mehdiyeva faktiki cəzasız qaldı. Azərbaycan məhkəmə praktikasında ilk
dəfə bu işdə prokuror təqsirləndirilən şəxsə istədiyi 9 il 4 aylıq
cəzanın şərti hesab olunması təklifilə çıxış etdi. Hakim də Cinayət
Məcəlləsinin 70-ci maddəsinə sığınaraq, Aynur Mehdiyevanın azadlıqda
saxlanılmasına hüquqi don geyindirdi.
Əslində, Aynur Mehdiyevaya şərti cəza verilməsi gözlənilməz olmadı.
Hələ məhkəmənin əvvəlində belə məlumat yayılmışdı ki, Mehdiyevanın
Gültəkin Hacıbəyliyə qarşı qarayaxma kampaniyasında aktiv iştirakı
nəzərə alınaraq, o, şərti cəza ilə mükafatlandırılacaq. Bu fikir də
elə-belə yaranmamışdı. Məsələ burasındadır ki, Aynur Mehdiyevanın
qardaşı, vaxtilə prokurorluq əməkdaşına yaraşmayan hərəkətlərə görə bu
sistemdən kənarlaşdırılmış Mahmud Mehdiyev mətbuatda Gültəkin
Hacıbəylinin əleyhinə çıxışlar edib, ona qarşı məhkəmə iddiaları
qaldırıb, azyaşlı övladını mübahisə predmetinə çevirəndən sonra vəzifə
aldı. Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı olan Mahmud Mehdiyev
Xətai Rayon Prokurorluğuna müstəntiq təyin olundu.
Qayıdaq Gültəkin xanımın keçmiş baldızı Aynur Mehdiyevanın işinə.
Bakı Ağır Cinayətlər Məhkəməsinin sözügedən iş üzrə hökmündə deyilir:
“Aynur Mehdiyeva Filippin vətəndaşı Llanto Fe Diazın pasportunu əlindən
almaqla sərbəst yerdəyişmə imkanından məhrum etmiş, həmim şəxsə işgəncə
verməklə, onunla qəddar, qeyri-insani, ləyaqətini alçaldan rəftar
etməklə Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 35 ünvanındakı
mənzilində saxlamış, eyni zamanda, hədə-qorxu, zor tətbiq etməklə və ya
zor tətbiq etmək hədəsilə azadlığını məhdudlaşdırmaqla, özündən maddi
cəhətdən asılı vəziyyətdə olan Llanto Fe Diazı orada, eyni zamanda
valideynlərinin yaşadığı Nərimanov rayonu, Maqsud Əlizadə küçəsi, ev 50,
mənzil 31 ünvanına aparıb ev işlərini yerinə yetirməsinə məcbur edərək
insan alveri və məcburi əmək cinayətlərini törətmişdir”.
Işin daha bir maraqlı cəhəti ondan ibarətdir ki, ağır insan alveri və
əməyin istismarı cinayətlərinin baş verdiyi artıq məhkəmə hökmü ilə
sübuta yetirilmiş məkanda – Maqsud Əlizadə küçəsi, ev 50, mənzil 31
ünvanında daimi yaşayan və gözləri qarşısında bir il ərzində davamlı
ağır cinayətlər baş verən Mahmud Mehdiyev bacısına ittiham elan
olunduğu, təqsirləndirilən şəxs qismində cəlb edildiyi 22 yanvar gününün
ertəsi – 23 yanvar 2014-cü ildə Baş prokuror Zakir Qaralovun əmrilə
yuxarıda qeyd etdiyimiz vəzifəyə təyinat alır. Halbuki, elə həmin Zakir
Qaralov 4 il əvvəl hərbi xidmətdən yayınma və prokurorluq əməkdaşına
yaraşmayan hərəkətlərə görə onu prokurorluq orqanlarından qovmuşdu. Belə
çıxır ki, Qaralov özünün orqandan qovduğu adamı yenidən vəzifəyə təyin
etməklə, faktiki gözü qarşısında insan alveri və əməyin istismarı
cinayətləri baş verən, lakin bu haqda hər hansı orqanı
məlumatlandırmayan keçmiş işçsini himayə etmiş olur. Belə olan halda,
ABŞ Dövlət Departamentindən və başqa beynəlxalq təşkilatlardan insan
alverilə bağlı fərqli hesabat gözləməyə də dəyməz.
Iş materiallarından həm də o aydın olur ki, Aynur Mehdiyeva
filippinli dayəni Daxili Işlər Nazirliyinin zabiti olan və evlərinə
polis formasında gələn kiçik qardaşı Allahverən Mehdiyevlə qorxudub.
Dayəyə deyib ki, qaçsa, qardaşı onu tutub cəzalandıracaq. Yəni, DIN-in
zabiti Allahverən Mehdiyev də bu cinayətin qarşısını almayıb.
Bilavasitə insan alveri ilə mübarizə işinə rəhbərlik edən Daxili
Işlər Nazirliyinin əməkdaşı insan alveri cinayətlərinin qarşısını almağa
cəhd göstərmirsə, Azərbaycanın bu problemlə mübarizə üzrə 2-ci
kateqoriyalı ölkələr sırasında da uzun müddət duruş gətirə bilməyəcəyi
aydındır.
Prokurorluq, DIN və məhkəmə sistemində çalışanlar insan alverilə
məşğul olanlara bu cür münasibət göstərirlərsə, deməli, problemlə
mübarizədə hansısa nailiyyət gözləməyə dəyməz.
Short URL: http://www.cumhuriyyet.net/?p=8783