Milli Şuradan AB ilə bağlı bəyannamə
bəyannamənin təqdimatı ilə bağlı tədbirə başlayıb. Bəyannamənin mətni
artıq bəllidir.
Avropa Birliyinin Assosiasiya Sazişinə münasibətilə bağlı Bəyannamə:
Biz, bu bəyannaməni imzalayan siyasətçilər, ziyalılar, vətəndaş cəmiyyəti fəalları, azad mətbuatın təmsilçiləri, gənc fəallar
– Hələ 96 il bundan əvvəl Azərbaycan Demokratik Respublikasının
qurucularının cəmiyyətimizin müasirləşməsini əsas ikişaf
istiqamətlərindən biri kimi müəyyənləşdirdiyini, dövlətimizin Avropadan
yayılmış demokratik dəyərlər və prinsiplər əsasında qurulduğunu;
– Avropa Birliyinin (AB) bu quruma üzv olan, eləcə də onunla
Assosiasiya Sazişi imzalayan dövlətlərin inkişafı üçün müstəqilliklərinə
təhlükə yaratmadan geniş imkanlar açdığını;
– Avropa Parlamentinin Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ərazi
bütövlüyünə dəstək verən qətnamələr qəbul etdiyini, AB-nin bu
münaqişənin tezliklə, sülh yolu ilə, beynəlxalq hüququn prinsipləri
əsasında həllinə tərəfdar çıxdığını;
– AB-nin Şərq Tərəfdaşlığı Proqramı iştirakçısı olan dövlətlərə
təklif etdiyi Assosiasiya Sazişinin bu dövlətlərdə siyasi, iqtisadi,
hüquqi islahatları sürətləndirə biləcəyini nəzərə alaraq, bəyan edirik:
1. Azərbaycanın AB ilə Assosiasiya Sazişi imzalaması xalqımızın
demokratik, hüquqi dövlət qurmaq arzusuna tamamilə uyğundur. Bu sazişin
imzalanması Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunmasına,
azad ticarətin və bütövlükdə iqtisadiyyatın inkişafına, əhalinin sosial
müdafiəsinin güclənməsinə, müstəqil məhkəmə hakimiyyətinin
formalaşmasına, demokratik seçkilərin keçirilməsinə, təhsil və
səhiyyədən tutmuş gömrük, vergi xidmətlərinin, bank işinin təşkilinə
qədər bir çox sahələrdə AB-də mövcud olan yüksək standartlara
yaxınlaşmağımıza əlverişli zəmin yaradacaq.
2. Azərbaycan hökuməti tərəfindən AB-yə təklif olunan Strateji
Müasirləşmə Tərəfdaşlığı sənədi indiyə qədər ölkəmizlə AB arasında
praktik olaraq həyata keçirilən strateji tərəfdaşlığı nizama salsa da,
Assosiasiya Sazişini əvəz edə bilməz.
3. Ölkəmizin geopolitik seçimində hər hansı şəxs və qrupların, eləcə
də digər dövlətlərin marağı deyil, dövlətimizin müstəqilliyini qorumaq,
xalqımızın uzunmüddətli azadlıq və rifahına nail olmaq əsas
götürülməlidir. Bu baxımdan Rusiyanın müxtəlif vasitələrlə Azərbaycanı
Avrasiya İqtisadi Birliyinə cəlb etməyə çalışması bizi narahat edir.
Bildiririk ki, uzunmüddətli iqtisadi və siyasi fayda vəd etməyən bu
birlik daha çox Rusiya rəhbərliyinin cari maraqlarını təmin etmək
məqsədilə yaradılır. Bu birlikdə təmsil olunmaq Azərbaycanın dövlət
müstəqilliyini sarsıdar, siyasi və iqtisadi inkişafını ləngidər. Ona
görə də Azərbaycan bu birlikdə iştirak edə bilməz.
4. Azərbaycan hökuməti öz şəxsi və qrup maraqlarını ümumxalq
maraqlarından üstün tutmaq ənənəsinə son qoymalı, xalqımızın köklü
maraqlarını nəzərə alaraq AB ilə Assosiasiya Sazişi imzalayacağını bəyan
etməli, bu məqsədlə AB ilə ilə aparılan müvafiq danışıqları
intensivləşdirməli, 18 il müddətində süni şəkildə uzadılmış danışıqları
nəhayət, başa çatdıraraq ölkəmizin Dünya Ticarət Təşkilatına üzv qəbul
olunmasını təmin etməli, Azərbaycanın Avropaya yolunun açılması üçün
ölkədəki siyasi məhbusları tezliklə azad etməli, hərtərəfli siyasi
islahatlara başlamalıdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=8790