Generalın qardaşının rayonunda məmur özbaşınalığı

23.06.2014 - 18:28

Ölkənin ən böyük fermerlərindən biri, Tovuz Sahibkarlar Şurasının
sədri İsmayıl Hüseynovun qanuni idarəetməsində olan yaylaq ərazisini
Daşkəsən Torpaq Şöbəsinin müdiri Şahbaz Mehdiyev ayrı-ayrı adamlara
satıb.
Tovuz
rayon sakini, “Arsenal” firmasının baş direktoru, ölkənin ən böyük
fermerlərindən biri olan İsmayıl Hüseynov məmur özbaşınalığından əziyyət
çəkir. Qanunla onun idarəetməsində olan 985 hektar yaylaq ərazisini
Daşkəsən rayon Torpaq Şöbəsinin müdiri Şahbaz Mehdiyev mənimsəyərək
ayrı-ayrı adamlara satıb. Bu barədə “Yeni Müsavat”a iş adamının özü
məlumat verib.
İş
adamı deyir ki, həmin ərazi 2002-ci ilə qədər Ağstafa rayonunun
tərkibində olub: “985 hektar ərazi Ağstafa rayon İcra Hakimiyyətinin
başçısı C.Musayevin 10 avqust 2001-ci il tarixli sərəncamı ilə 15 il
müddətinə mənə icarəyə verilib. Bundan başqa, icra hakimiyyəti ilə icarə
müqaviləsi imzalanıb və qarşılıqlı öhdəliklər götürülüb. Bundan sonra,
Ağstafa rəhbərliyi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib
Məmmədova rəsmi məktub yazaraq həmin torpaq sahəsində “Torpaqdan
müvəqqəti istifadə hüququna dair şəhadətnamə” verilməsini xahiş edib və
icarə müqaviləsi komitə tərəfindən də tanınıb. Yəni mənə torpaqdan
müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilib”.
Ağstafa
Rayon İcra Hakimiyyətinin sərəncamının, icarə müqaviləsinin, rayon
rəhbərliyinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə yazdığı rəsmi
məktubun və nəhayət, “Torpaqdan müvəqqəti istifadə hüququna dair
şəhadətnamə”nin surətini redaksiyamıza təqdim edən İ.Hüseynov deyir ki,
ərazi Daşkəsən rayonunun balansına verildikdən sonra artıq problemlər
yaranmağa başlayıb. Daşkəsən rayon Torpaq Şöbəsinin müdiri Şahbaz
Mehdiyev fermerlərin qanuni yaylaq örüş yerlərini başqa-başqa adamlara
qanunsuz olaraq satır. Mənim idarəetməmdə olan yaylaq örüş yerlərini
Samux sakinləri İslam Məmmədova, Nizami, Mirzəli, Məcid adlı şəxslərə,
Gürcüstan vətəndaşları Əhliman və Arzuman adlı şəxslərə 2500-3000 manata
satıb”.
İş
adamı deyir ki, indi çıxılmaz durumdadır: “Çünki heyvanlar yaylağa
getməsə, kütləvi şəkildə tələf olacaq. Başqa yaylaq yeri də yoxdur.
Qanunvericiliyə görə, şəhadətnaməsi olan torpaq sahəsi başqa bir şəxsə
icarəyə verilə bilməz. Ancaq Daşkəsənin Torpaq Şöbəsi qanunvericiliyi
kobud şəkildə pozaraq idarəetməmdə olan və müqavilə müddəti 2016-cı ilin
avqustun 10-da bitəcək torpaq sahəsini kənar şəxslərə icarəyə verir,
daha doğrusu satır. Bu məsələ ilə bağlı kənd təsərrüfatı naziri Heydər
Əsədova, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədova
və daxili işlər naziri Ramil Usubova müraciət etsəm də, pozulmuş
hüquqlarım hələ bərpa edilməyib. Yaylıq örüş yerlərinin olmaması
ucbatından 18 baş isə iribuynuzlu, 46 baş isə xırda buynuzlu heyvan
tələf olub”.
1976-cı
ildən təsərrüfatla məşğul olduğunu deyən İ.Hüseynovun sözlərinə görə,
maldarlıqla yanaşı, əkinçiliklə də məşğul olur: “300 hektar sahədə
taxıl, 100 hektar sahədə isə yonca əkirəm. Kənd Təsərrüfatı Nazirliyinin
nəzdində olan “Aqrolizinq” ASC məni güzəştli şərtlərlə bütün növ
texnika ilə təmin edib. Tovuz rayon İcra Hakimiyyəti də mənə hər cür
dəstək verir. Daşkəsənin Torpaq Şöbəsi ilə olan örüş problemi həllini
tapsa, mənim heç bir narazılığım yoxdur”.
İ.Hüseynov
deyir ki, Azərbaycan prezidenti İlham Əliyev iri fermer
təsərrüfatlarının inkişafında maraqlıdır və bununla bağlı bir neçə
sərəncam verib: “Ancaq bəzi məmurlar prezidentin aqrar siyasətini
sabotaj etməklə məşğuldur. Hazırda ölkənin ən böyük fermer
təsərrüfatlarından birinə rəhbərlik edirəm. Mənə maneə yaradılmasa,
prezidentin şəxsi nəzarətində olan Ərzaq Təhlükəsizliyi Proqramının
icrasına böyük tövhələr verə bilərəm. 40 illik təcrübəm daha böyük
uğurlara imza atmağıma imkan verir. Ancaq bəzi məmurların özbaşınalığı
buna ciddi manelər yaradır”.
İ.Hüseynov
sıradan bir iş adamı olmadığını deyir: “Tovuz rayon Sahibkarlar
Şurasının sədriyəm. Sahibkarların problemini yaxşı bilirəm və bu
problemlərin həlli ilə bağlı təkliflər hazırlayır, yerli icra
orqanlarına təqdim edirik. Əksər hallarda problemləri həll edə bilirik.
Ancaq indi özüm məmur özbaşınalığından əziyyət çəkirəm. Əgər mənə –
bölgənin ən nüfuzlu iş adamlarından birinə belə problem yaradılırsa,
onda gör kiçik sahibkarlar məmur özbaşınalığından necə əziyyət çəkir?
Prezident ötən ilin fevralında keçirdiyi müşavirədə iş adamlarına dəstək
verdi, o cümlədən də iş adamlarına mane olan məmurları sərt tənqid
etdi. Görünür, bəzi məmurlar tənqiddən nəticə çıxartmaq əvəzinə
qanunları daha çox pozmağa üstünlük verirlər”.
Sonda
İ.Hüseynov pozulmuş hüquqlarının bərpası ilə bağlı yenidən
hüquq-mühafizə orqanlarına, o cümlədən də Baş Prokuror yanında
Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edəcəyini bildirdi.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=8805

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31