Beynəlxalq təşkilatların “Nardaran məhbusları”nı müdafiə etməsinin pərdəarxası

14.02.2017 - 09:57

Fəzail Ağamalı: “Bu, Azərbaycana qarşı təzyiq formasıdır”; Mirvari Qəhrəmanlı: “Hesabatı hökumətə təzyiq vasitəsi saymaqdansa…”
“Nardaran məhbusları”na oxunan hökmdən sonra beynəlxalq aləmdən gələn reaksiyalar səngimək bilmir. Mötəbər qurumlar hökmü pisləyir, islamçıların dərhal azadlığa buraxılmasını tələb edirlər.
“Human Right Watch”un ardınca “Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatı Azərbaycan hökumətini Taleh Bağırzadə və digər 17 nəfərin ədalətli məhkəmə hüququnun pozulmasını və işgəncə faktlarını araşdırmağa çağırır.
Avropa Birliyinin (AB) bəyanatında deyilir ki, işgəncə altında alınan ifadələr sübut kimi qəbul oluna bilməz və həmin şəxslər azad edilməlidir. “Amnesty İnternational” isə tələb edir ki, dindarları işgəncəyə məruz qoyan şəxslər məsuliyyətə cəlb olunmalıdır. Həmçinin təşkilat hesab edir ki, həbs zamanı işgəncəyə məruz qalan Jahad Balakişiyev, Şamil Abdullayev və Bəhruz Əsgərov təcili müalicə olunmalı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı qeyd- şərtsiz azad edilməlidir. Çünki qurum hesab edir ki, o, fikrin ifadə olunması hüququna görə həbs olunub. Təşkilat onu vicdan məhbusu elan edib.
İndiyə qədər həbs edilən islamçıları müdafiə etməyən beynəlxalq qurumların son aylarda bu istiqamətdə fəallaşmaları geniş müzakirələr doğurub. Bununla bağlı ciddi fikir ayrılıqları var. Müxalifət düşərgəsi hesab edir ki, insan haqları nöqteyi-nəzərindən beynəlxalq hüquq müdafiə təşkilatları bu cür bəyanatlar səsləndirirlər. Lakin hakimiyyətyönlü şəxslər tam əksini düşünür və Azərbaycan hökumətinə təzyiq vasitəsi kimi xarici qurumların bu amili önə çəkdiyini deyirlər.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirdi ki, beynəlxalq insan haqları təşkilatları Azərbaycana qarşı daim qərəzli mövqe sərgiləyir: “Nardaran hadisələri ilə bağlı ortada konkret cinayət var. Bu cinayət hüquq-mühafizə orqanlarının vermiş olduğu bəyanatlarda öz əksini tapıb. Onlar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham olunublar. Məhkəmə prosesi artıq başa çatıb. Tam əminəm ki, obyektiv məhkəmə prosesi oldu. Həmin hadisə ilə bağlı günahı olanlar cəzalarını alıblar. Müxtəlif vaxtlarda bu cür bəyanatlar səsləndirən beynəlxalq təşkilatlar insan haqları məsələsini əllərində bayraq edir, Azərbaycanda cinayət törətmiş şəxslərin azadlığa buraxılması kimi anormal təkliflərlə çıxış edirlər. Bu, yolverilməz haldır. Belə cinayətlər beynəlxalq təşkilatların aid olduqları ölkələrdə baş versəydi, həmin şəxsləri fiziki cəhətdən məhv etməyə qədər gedərdilər. Bu cür bəyanatlar Azərbaycana qarşı təzyiq formasıdır. Biz bu cür bəyanatları dəfələrlə eşitmişik. KİV-lərdən də izləmişik. Bu bəyanatlar heç bir əhəmiyyət kəsb etməyən söz yığınından başqa bir şey deyil. Azərbaycan hüquqi dövlətdir. Dövlətimiz qanunları ilə idarə olunan bir ölkədir, demokratik cəmiyyətdir. Azərbaycanda konkret cinayət törədən şəxslər hüquqi yollarla məsuliyyətə cəlb olunurlar, məhkəmə də həmin insanların hansı cəzanı alacağını ciddi şəkildə araşdırır, özünün müvafiq qərarını verir. Bu, təkcə Azərbaycana qarşı deyil, ölkəmizin məhkəmə sisteminə də təzyiq vasitəsindən başqa bir şey deyil. Bütün bunlar ölkəmizdə məhkəmə araşdırmalarına təsir etmək gücündə deyil”.

Image result for Mirvari Qəhrəmanlı
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı beynəlxalq təşkilatların Azərbaycanla bağlı qərarlarını sərtləşdirmələri ilə bağlı bunları düşünür: ““Amnesty International” beynəlxalq QHT-dir. Ölkəmizdə nümayəndəliyi yoxdur. Tərtib etdiyi hesabatlar yerli QHT-lərin, siyasi partiyaların və mətbuatda gedən informasiyalar əsasında hazırlanır. Yazılan hesabat, orda qeyd olunan təklif və tövsiyələr (istər yerli, istərsə də beynəlxalq QHT) qarşı tərəfə göndərilməlidir. “Amnesty International”ın hesabatı ilə razı olmayan qurumlar buna öz münasibətini bildirməlidir. Hesabatı isə təzyiq vasitəsi hesab etməzdim. Düşünürəm ki, bu hesabatı hökumətə təzyiq vasitəsi adlandırmaqdansa, razı olmadıqları məqamları qeyd etməklə, sübuta yetirməklə onlara cavab verilməlidir”.
Cavanşir ABBASLI

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=88131

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:070 240 46 53
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2017
BE ÇA Ç CA C Ş B
« Fev    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031