Cəmil Həsənli erməni məsələsindən yazdı

24.06.2014 - 11:20

Milli Şura sədrindən soyqırım kartı ilə oynayan ermənilərə tutarlı cavab

Cəmil Həsənli, Professor

Bir ay öncə Isveçin məşhur Lund universitetində ingilis dilində nəşr
olunan “Middle East Critique” dərgisinin “Birinci Dünya müharibəsi,
Orientalizm ve Ermeni Məsələsi”  adlı özəl sayı nəşr olunmuşdur. Mayın
23-də işıq üzü görmüş xüsusi nəşr Orta Şərqdə Birinci Dünya
müharibəsinin gedişi və nəticələrini əhatə edir. “Middle East Critique”
bütün dünyada Yaxın Şərq məsələləri üzrə ən nüfuzlu nəşrlərdən biri
sayılır və jurnalın xüsusi buraxılışının Birinci dünya müharibəsi
illərində Osmanlı dövlətinə, onun siyasətinə, mədəni və humanitar
həyatına, Qafqaz cəbhəsində apardığı hərbi əməliyyatlara həsr edilməsi
uzun müddət soyqırım kartı ilə oynayan erməni diasporunun rahatlığını
pozmuşdur. 

Xüsusi buraxılışın materialları, orada yer almış yüksək elmi
səviyyəli məqalələr Qərb elmi və ictimai dairələrinə Osmanlı
imperatorluğunda 1915-ci ildə baş verənlərin gerçək tərəflərləri
haqqında məlumat verir, yalana bürünmüş erməni miflərini dağıdır və
üzərini toz basmış həqiqəti yeni biçimdə elmi və ictimai müzakirəyə
gətirir. Məhz bu uğuruna görə dərginin özəl sayının ermənilər arasında,
xüsusilə soyqırım iddialarında barışmaz mövqe tutan erməni diaspor
təşkilatları arasında narahtçılıq yaratdığını təxmin etmək olar. Elə bu
səbəbdən, dərgidə dərc olunmuş məqalələr yəqin ki, geniş müzakirələrə
səbəb olacaq. Niyə? Ona görə ki, dərginin özəl sayında işıq üzü görmüş 9
məqalə Birinci dünya müharibəsi illərində Osmanlı dövlətinin yeritdiyi
siyasətin, apardığı hərbi əməliyyatların və Şərqi Anadoluda alovlanmış
milli-etnik və dini qarşıdurmaların gercək mənzərəsini yaratmışdır. Bir
qayda olaraq ermənilər 1915-ci il hadisələri ilə bağlı tarixi
müzakirələrdən yayınır və uydurduqları soyqırım əfsanələrini daha çox
siyasi bir model kimi təqdim etməyə çalışırlar. “Middle East
Critique”-in özəl sayı tarix müstəvisində belə bir suala aydın cavab
verir: 1915-ci ildə Şərqi Anadoluda baş verənlər soyqırımmı, yoxsa savaş
zamanı öz dövlətinə qarşı üsyan etmiş insanların ölkənin bir yerindən
digər bir ərazisinə tehcirimi?  Fikrimizcə, hadisələrin gercək
mənzərəsini ortaya qoymaq üçün bu prinsipial məsələyə aydınlıq
gətirilməsi zəruri bir məsələdir.

Xüsusi buraxılışa Iran və Yaxın Şərq ölkələri üzrə tanınmış
tədqiqatçı professor Eric Hooglund ön söz yazmışdır. Yeri gəlmişkən,
professor Hooglund “Middle East Critique” dərgisinin redaktorudur. Onun
müasir Iran tarixi ilə bağı çox maraqlı əsərləri var. Regionu yaxşı
tanıyan Eric Hooglund kimi bir alimin özəl saya ön söz yazması nəşrin
etibarlılığına yaxşı bir zəmanətdir. Professor Hooglunda görə, “soyqrım”
ifadəsini 1960-cı illərin sonlarında ilk dəfə Sovet Ittifaqı 1915-ci il
hadisələrini qiymətləndirərkən işlətmişdir. Onun fikrincə, bu, “soyuq
müharibə” dövründə Qərbi Avropa və ABŞ-la qarşıdurmasında təbliğat
məqsədlər üçün Sovetlərə lazım olub. Bir sıra erməni tarixçiləri bu
termini ilk dəfə hüquqşünas Rafael Lemkinin istifadə etdiyini yazırlar.
Əslində, söhbət termindən daha çox, məhz onun siyasi məqsədlər üçün
istifadə edilməsindən, siyasi təzyiq alətinə çevrilməsindən gedir və bu
baxımdan professor Hooglund haqlıdır. Soyqırım termini dövriyyəyə
gəlməzdən əvvəl onu ifadə edən bütün kəlmələr SSRI Xarici Işlər
Komissarlığının 1945-ci ilin avqust ayının 18-də hazırladığı “Sovet-Türk
münasibətlərinə dair” geniş arayışda yer almışdır(Bax: Rusiya
Federasiyasının Xarici Siyasət Arxivi, fond 06, siyahı 7, qovluq 47, iş
762, vərəq 13-18).

Jurnaldakı yazılar ABŞ-dakı Utah Universitetinin professoru Hakan
Yavuzun “Orientalizm “Qoxunc Türk” və soyqırım” (Orientalism, the
“Terrible Turk” and Genocide) məqaləsi ilə açılır. Məqalədə 100 il
bundan əvvəl başlanmış Birinci dünya müharibəsi illərində Türkiyədə baş
vermiş hadisələrin tarixi mənzərəsi yaradılmış və orientalizm fonunda
“Qorxunc Türk” obrazının uydurulmasının səbəbləri araşdırılmış, habelə
belə uydurmaların təbliğati məzmunlu olduğu ortaya qoyulmuşdur.
Professsor Hakan Yavuz türklərin “mədəniyyətin düşməni” kimi təqdim
edilməsinin hərbi-siyasi səbəblərini göstərməklə yanaşı, son
onilliklərdə bu yanaşmanın ayrı bir formada guya “erməni soyqırımı”
törədilməsi fonunda ictimai şüura yeridilməsinin pərdəarxası məqamlarına
da aydınlıq gətirir. Müəllif “Qorxunc Türk”dən uydurma erməni
soyqırımına gedən prosesin maraqlı tarixşünaslıq icmalını yaratmış,
“Qorxunc Türk” obrazının yaradılması, onun ilkin “mətnləri”, uydurma
mənbələrin az sonra erməni məsələsi üçün siyasi məzmun kəsb etməsinin
ardıcıllığını izləmiş, ermənilərin Şərqi Anadoluda türk əhalisinə qarşı
törətdiyi məzalimin görməzliyə vurulmasının siyasi anlamını izah
etmişdir.

Yeri gəlmişkən professor Yavuz bəy üç il əvvəl Peter Sluglettlə Utah
universitetinin nəşriyyatında “Müharibə və diplomatya: 1877-1878-ci
illərin rus- türk müharibəsi və Berlin müqaviləsi” adlı 610 səhifəlik
çox dəyərli bir kitab nəşr etmişdilər.

Dərginin özəl sayında ikinci yazı Bazel universitetində çalışan
doktor Murat Kayaya məxsusdur. Doktor Kaya maraqlı bir mövzuya, Birinci
dünya müharibəsi ərəfəsində Türkiyənin siyasətini müəyyən edən Gənc
Türklərin dünyagörüşünün, mentalitetinin formalaşmasında Qərbin
təsirinin araşdırılmasına toxunmuşdur. Müəllif fikirlərini əsaslandırmaq
üçün XX əsrin əvvəllərində nəşr olunmuş Osmanlı mətbuatının
materiallarından və gənc türklərin xatirə ədəbiyyatından geniş istifadə
etmişdir. Məqalədə Hüseyn Cahid, Ahmed Hilmi, Ahmet Rıza, Kazım
Karabekir paşa və digərlərinin xatirələrində, “Şurayi Millət”, “Türk” və
digər mətbuat orqanlarında Qərbin Osmanlı imperatorluğuna siyasi,
iqtisadi və mədəni müdaxiləsi, ölkədə millətçilik ideyalarının yayılması
və digər məsələlər haqqında  mülahizələr irəli sürülmüşdür. Dərginin
maraqlı məqalələrindən biri də Birinci dünya müharibəsi ərəfəsində baş
vermiş Balkan müharibələrinin tarixinin yazılmasının səciyyəvi
cəhətlərini əhatə edir. Onun müəllifi Ankaradakı Orta Doğu Texnik
Universitetinin beynəlxalq əlaqələr bölümünün əməkdaşı Ebru Boyardır.
Müəllif, demək olar, Balkan müharibələrinin türkçülüyə təsiri barədə
indiyə qədər yazılanlardan fərqli bir yanaşma ortaya qoya bilib. Bu
müharibələr haqqında geniş yayılmış fikirlərin əksinə olaraq, Ebru Boyar
belə hesab edir ki, Balkan müharibələri nəticəsində pantürkizm üstün
dövlət ideologiyasına çevrilmədi. Müəllif öz fikir və mülahizələrini
dövrün ədəbiyyatı əsasında əsaslandırmağa çalışmış və Birinci dünya
müharibəsi ərəfəsində Balkan müharibələrinin türk ictimai fikrinə
təsiri, türkçülük ideologiyasının gercək durumu və təkamülü prosesini
ortaya qoymuşdur. Balıkesir Universitetinden olan araşdırmaçı Yücel
Yigit “Təşkilati-Mahsusa və Birinci dünya müharibəsi” adlı məqalə ilə
“Middle East Critique”-in özəl sayında çıxış etmişdir. Türk tarixçiləri
Təşkilati-Mahsusa və onun Birinci dünya müharibəsində rolu haqda çoxlu
maraqlı araşdırmalar aparsalar da, Yücel Yigitin özəl sayda yer almış
məqaləsi öz orijinallığı ilə seçilir. Məqalə Təşkilati-Mahsusa ilə bağlı
4 mühüm məsələyə aydınlıq gətirir: təşkilatın yaranma dövrü, onun
casusluq orqanı, yoxsa sayıqlıq qrupu olması, siyasi və hərbi müstəvidə
təşkilatın təkamülü və Birinci dünya müharibəsində onun rolu. Müəllif
yarımmüstəmləkə vəziyyətinə düşmüş Osmanlı dövlətində
Təşkilati-Mahsusanın kiçik hərbi güclə ölkənin sərhədlərinin
qorunmasında mühüm rol oynadığını, bir sıra gizli əməliyyatlarda iştirak
etdiyini göstərmişdir.

Izmir Iqtisad Universitetinin araşdırmaçısı Ozan Arslan özəl saydakı
məqaləsində Rusiya imperiyasının Osmanlı üzərində gözlənilən qələbəsinin
geniş təhlilini vermişdir. Məqalə Birinci dünya müharibəsi dövründə
Anadolunun Şərqində, Qafqazın cənub-Qərbində, Iranın şimal-qərbində,
Qara dəniz sahillərində və bütövlükdə Qafqaz cəbhəsindəki hərbi
əməliyyatların ruslar üçün Osmanlı Imperatorluğunun çökdürülməsi və Şərq
məsələsinin həllinə hesablandığını  ortaya qoyur. Müəllifin fikrincə,
1914-1916-cı illərdə rus qoşunları bəzi uğurlu hərbi əməliyyatlar
keçirsələr də, lakin bu məhəlli döyüşlər rusların arzularını
doğrultmadı, 1917-ci ilin fevral inqilabı isə az sonra Rusiyanın Qafqaz
cəbhəsinin dağılması ilə nəticələndi. Məqalədə erməni könüllü
birliklərinin Şərqi Anadoludakı fəaliyyəti, dinc əhaliyə qarşı törətdiyi
vəhşiliklər də öz əksini tapmışdır.  Araşdırmaçı Ozan Arslan doğru
olaraq erməni drujinalarının Rusiya tərəfindən təşkil olunduğunu və
silahlandırıldığını,  Tiflis və Irəvanda onların formalaşdırıldığını,
Qafqaz cəbhəsində erməni “könüllülərinin” daha çox dinc türk əhalisinə
qarşı istifadə edildiyin ortaya qoymuşdur. Bu faktlar “erməni soyqırımı”
haqqında yalanların ifşası, gercəklərin acı mənzərəsini əks etdirir. 

Sinqapur Milli Universitetinin Orta Şərq Institutunun əməkdaşı Peter
Sluglett 1917-1921-ci illərdə Britaniya, Osmanlı və Rusiya
imperiyalarını Qafqaz və Şimali Irandakı siyasətini qələmə almışdır.
Müəllif Birinci dünya müharibəsinin sonunda Qafqaz və Bakı uğrunda böyük
dövlətlərin planlarını və bu planların həyata keçirilmə yollarını
araşdırmış, Iranda Britaniya və Rusiya ziddiyyətlərinin tarixi
mərhələlərini, ölkənin Rusiya və Britaniya arasında nüfuz dairəsinə
bölüşdürülməsi, Cənubi Qafqazda milli dövlətlərin yaranması kimi maraqlı
məsələləri əhatə edə bilmişdir. Məqalənin “Osmanlılar, ruslar və
ermənilər” adlı bölməsində 1801-ci ildən başlayaraq hər iki imperiyanın
ermənilərə münasibətdə siyasəti təhlil edilmişdir. Sluglett XX əsrin
əvvəllərində, xüsusilə 1905-1906-cı illərdə Qafqazda erməni müsəlman
qarşıdurması və xüsusilə qanlı Bakı hadisələri haqqında maraqlı
mülahizələr irəli sürür. Onun təbirincə, Rusiyanın Qafqaza ermənipərəsət
vali (Vorontsov-Daşkov) təyin etməsi ilə ermənilər Peterburq trəfindən
ram edildi və erməni millətçi partiyaları Rusiyanın əlində Osmanlı
imperatorluğunda qarışıqlıq salmaq üçün bir vasitəyə çevrildi. Peter
Sluglette görə, 1914-1915-ci illərin ilk hərbi kampaniyalarında erməni
dəstələri rusların “uğurlarında” əhəmiyyətli rol oynadılar və “on
minlərlə müsəlmanın ölümündə iştirak etdilər”. Onun fikrincə,
ermənilərin Şərqi Anadoluda pozuculuq əməlləri 1915-ci ilin aprelində
verilmiş tehcir qərarından xeyli əvvəl başlamışdı. Istanbul
Universitetinin professoru Mehmet Arısan Qərbdə geniş tanınan üç
müəllif: Britaniya kardinalı Con Henri Nyuman, siyasi lideri Uilyam
Gladston və Istanbuldakı Amerika səfir Henri Morgentaunun əsərlərinə
görə XIX əsrin sonu XX əsrin əvvəllərində Osmanlı imperiyasının və onun
müsəlman əhalisinin vəziyyətini təhlil edir. Müəllifin qənaətinə görə,
bu əsərlər müxtəlif dövrlərdə yazılsalar da, ideya baxımından bir-birini
tamamlayır və xüsusilə Morgentaunun hekayələri erməni soyqırımı
haqqında əfsanələrin yayılmasında başlıca rol oynayır.

Söz hekayələrdən düşmüşkən onların tarixi mənbə kimi istifadə
edilməsi və onların müqayisəli təhlili Qərbi Miçiqan Unuversitetində
çalışan Mustafa Kemal Mirzelerin topludakı məqaləsində araşdırılır.
Müəllif haqlı olaraq qeyd edir ki, erməni soyqırımı iddiaları daha çox
rəvayətlər üzərində qurulub və Qərb tədqiqatçıları böyük həvəslə
ermənilər tərəfdən söylənilən rəvayətlərə maraq göstərirlər. Lakin
erməni məzalimi haqqında türklərin xatirələri Qərblilər üçün elə də
cəlbedici görünmür. Halbuki, Şərqi Anadolunun müsəlman əhalisinin
xatirələrində yalnız düşmənçilik deyil, bir vaxtlar onların xristian
ermənilərlə  mehriban qonşuluq şəraitində yaşadıqları və Birinci dünya
müharibəsi başlayandan sonra bu “dostların” birdən-birə düşmən cəbhəsinə
keçdiyinə dair maraqlı məqamlar vardır. Mustafa Mirzeler bu hekayələrin
həqiqətin bərpa olunması üçün əhəmiyyətinə toxunaraq qeyd edir ki,
şifahi mənbələr və folklor materialı kimi türk hekayənəvisləri
tərəfindən deyilənlərin elmi dövriyyəyə cəlb edilməsi zəruri bir addım
olardı. Toplu professor Ömər Turanın “Birinci dünya müharibəsinin türk
tarixşünaslığı” məqaləsi ilə tamamlanır. Orta Doğu Texnik
Universitetinin professoru Ömər Turan öz məqaləsində Birinci dünya
müharibəsi haqqında türk tarixşünaslığının elmi mənzərəsini yaratmış və
onu mərhələlər üzrə təhlil etmişdir. Müəllif haqlı olaraq bildirir ki,
Türk tarixçiləri uzun müddət milli mücadilə tarixinin cazibəsinə düşdüyü
üçün, Birinci dünya müharibəsinin Türkiyə ilə bağlı epizodları
diqqətdən kənarda qalmışdır. Müəllif məqalədə bu sahədə uğurlar qazanmış
yeni tarixçilər nəslinin üzərində xüsusi şəkildə dayanır və məhz
onların araşdırmalarında Birinci dünya müharibəsi dövründə Osmanlı
dövlətinin hərbi, siyasi, diplomatik və iqtisadi siyasətinin dərin elmi
mənzərəsinin yaradıldığını qeyd edir. 

9 elmi araşdırmadan ibarət olan xüsusi buraxılış mükəmməl bir kitab
təsiri bağışlayır. Ən başlıcası isə, bu nəşrin çox zamanında ortaya
çıxmasıdır. Uydurma erməni soyqırımının 100 illiyi ilə bağlı müxtəlif
erməni cəmiyyət və təşkilatlarının hazırlıq tədbirləri görüldüyü bir
vaxtda türklər gərəkli işi gördülər və belə mükəmməl bir elmi nəşr
ortaya qoydular. Ümid edirik ki, 1915-ci ildə Şərqi Anadoluda baş vermiş
ağrılı hadisələr haqqında zaman-zaman uydurulmuş yalanların tarixin
səhifələrindən təmizlənməsi istiqamətində “Middle East Critique”-nin bu
ilin may ayında nəşr olunmuş özəl sayı uğurlu başlanğıcdır. Görüləsi
işlər isə hələ qarşıdadır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8825

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031