KİA Servis Mərkəzlərində qiymət siyasəti necə tənzimlənir?
Azərbaycanda avtomobillərin, xüsusilə də minik avtomobillərinin sayı artır və bu artımı əhalinin sosial-rifah səviyyəsinin yaxşılaşması ilə əlaqələndirilir. Bəli, bu bir həqiqətdir ki, xarici, müştərək və yerli avtoservis müəssisələri, avtotəmir emalatxanaları bir-birinin ardınca yağışdan sonra bitən göbələk kimi çoxalır. Amma gəlin görək, irili-xırdalı bu müəssisələrin fəaliyyətində qanunçuluğa riayət edilirmi? Müşahidələr göstərir ki, heç də hamısında yox. Haqqında söz açacağımız qanunsuzluğun isə müşahidələrimiz nəticəsində deyil, birbaşa hədəfi olduğumuz üçün yazmağa borcluyuq.
Söhbət paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bəşir Bünyadov küçəsi-11 ünvanda yerləşən KİA Servis avtotəmir müəssisəsidir. İnsafən bəri başdan qeyd etməliyik ki, bu səlahiyyətli KİA Servis Mərkəzində reklamında göstərildiyi kimi, Almaniya, İtaliya, Koreya, Türkiyə və digər aparıcı ölkələrdə istehsal edilmiş ən müasir avadanlıq və alətlərdən istifadə olunur. Burada çalışan yüksək təcrübəli usta və texniklər mütəmadi olaraq təlimlərdə iştirak edərək öz peşəkarlıq səviyyələrini daim artırırlar.
Ancaq gəlin razılaşaq ki, xidmətə verilən yüksək tələblər təkcə onun keyfiyyətinə aid deyil. Müştərini qiymət siyasəti də xüsusilə maraqlandırır. Daimi oxucularımız xatırlayarlar, bu sətirlərin müəllifi – OlayTV.az saytının rəhbəri ötən ilin sonunda – yeni il bayramı ərəfəsində avtoqəzaya uğramış, nəticədə həm özü xəsarət almış, həm də idarə etdiyi avtomobilə ziyan dəymişdi. Digər hərəkət iştirakçısının təqsiri ucbatından baş verən bu yol-nəqliyyat hadisəsi vaxtilə ictimaiyyətin diqqət mərkəzində olmuş, geniş əks-səda doğurmuşdur.
Nə isə… O zaman baş vermiş dartışmaları, çəkişmələri yenidən daşımaq qətiyyətində deyilik. Xatırlatmaq istəyirik ki, qəzaya uğramış avtomobilin sığortalanmış olduğu “Kasko” sığorta şirkəti avtomobilin təmiri üçün 11250 (on bir min iki yüz əlli) manat vəsait bamk hesabına köçürmüşdür.
“Lakin sən saydığını say, gör fələk nə sayır” – deyib atalar. Gözlənilənlərin əksinə olaraq, yol-nəqliyyat hadisəsindən xeyli sonra məlum olmuşdur ki, avtomobilin təmiri mart ayında dayandırılmışdır. Daha üç ay sonra sahibindən tələb olunmuşdur ki, 3 (üç) min manat ehtiyat hissələri üçün və daha 3 (üç) min manat təmir pulu ödəsin.
Əlbəttə, sözügedən KİA Servis Mərkəzinin mütəxəssislərinin peşəkarlıq səviyyəsi, istifadə olunan kompüter və avadanlıqların dəqiqliyi imkan verir ki, o, qəzaya uğramış avtomobilin saz vəziyyətə gətirilməsi üçün gərəkən detalların dəyişdirilməsi və təmiri üçün nə qədər vəsait lazım olduğunu dəqiqliklə müəyyən etmək mümkün olsun. Burada qeyri-səlim məntiqlə kənarlaşmalar haradasa 5 faizlə ölçülə bilər, daha 50 faizlə yox. Bunu avtoservis mərkəzinin müdiri Mustafa bəy də yaxşı bilir ki, sonradan tələb etdiyi 6000 manat əvvəl ödənilən 11250 vəsaitin təxminən yarısı qədərdir. Gəlin, razılaşaq ki, bu qədər yanlışlıq olmaz.
KİA Servis Mərkəzində qiymət siyasətinin necə tənzimlənməsi barədə bilmədiklərimizi öyrənmək üçün əlaqədar instansiyalara, ələlxüsus da “KİA” rəhbərliyinə suallar unvanlayacağıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=8829