İraqda törədilənlərə görə baş nazir ittiham olundu
“Mosulun İŞİD tərəfindən işğalından bir neçə ay əvvəl Malikiyə xəbərdarlıq etdim, ciddi qarşılamadı…”

İraqın Hərbi Hava Qüvvələri Iraq-Şam Islam Dövləti (IŞID) terror
təşkilatının yaraqlılarının işğal etdiyi Bayji şəhərinə aviazərbələr
endirib. Qərb mətbuatının yazdığına görə, Salah-əd-Din vilayətinə
endirilən hava zərbələri nəticəsində 19 nəfər ölüb, 17-si isə yaralanıb.
Yaralıların vəziyyəti ağır olduğundan, ölənlərin sayının artacağı
istisna edilmir. Məlumata görə, aviazərbələr nəticəsində xəsarət alanlar
arasında yerli sakinlər də var. Iraq mətbuatı xəbər verir ki, hava
zərbələri nəticəsində 40 nəfər yaraqlı məhv edilib.
İŞİD şiələrin müqəddəs türbəsini havaya uçurdu
IŞID əsas hədəflərindən birinin şiələr və onların müqəddəs
ziyarətgahları, o cümlədən Kərbəla olduğunu bəyan edib. Bu baxımdan,
yaraqlılar Suriya və Iraqda xüsusən şiələrə məxsus müqəddəs məkanlara
hücumu davam etdirir. “Musavat.com”un məlumatına görə, dağıdılan növbəti
ziyarətgahlardan biri Suriyanın Rakka kəndindəki Veysəl Karani türbəsi
olub.
ABŞ İŞİD-ə vaxt qoydu
ABŞ dövlət katibi Con Kerri Iraqın Kürdüstan vilayətində səfərdədir.
Kürdüstanda Kerri Muxtar vilayətin üç regionunun rəsmilərilə görüşmək
niyyətindədir. Kerri dünən ölkədəki böhranın aradan qaldırılması
məqsədilə Iraqın baş naziri Nuri əl-Maliki ilə danışıqlar aparıb.
Bu arada, o da məlum olub ki, terrorçular ölkənin ən böyük neftayırma zavodlarından birini ələ keçirib.
“Əl
Ərəbiyə” telekanalı xəbər verir ki, IŞID zavoda hücum edərkən Iraq
ordusunun əsgərləri silahlarını yerə qoyaraq qaçıblar. Bir neçə hərbçi
isə terrorçulara əsir düşüb. IŞID bundan əvvəl zavoda 3 dəfə hücum
etmişdi. Lakin Iraq ordusu hücumları dəf edə bilmişdi.
ABŞ-ı tərifləyən Bərzanidən kürdlərin müstəqillik anonsu
Iraq Kürdüstan Regional Rəhbərliyinin (IKBY) sədri Məsud Bərzani
CNN-ə müsahibə verib. “Virtualaz.org”un məlumatına görə, o,
müsahibəsində bildirib ki, artıq Iraqın parçalanmaması mümkünsüzdür:
“Çünki indi Iraqda müşahidə etdiyimiz vəziyyət bu şəkildə davam edə
bilməyəcəyimizi göstərir. Bugünkü Iraq bildiyimiz və yaşadığımız iki
həftə əvvəlki Iraqdan fərqlidir”.
Bərzani “Iraqlı kürdlərin uzun
zamandır xəyalını qurduqları öz müqəddəratını təyin etmə və müstəqillik
qərarının vaxtı gəldimi?” sualına cavabında isə bunları deyib: “Son 10
ildir yeni və demokratik bir Iraq yaratmaq üçün əlimizdən gələni etdik.
Təəssüf ki, bu cəhd uğurlu olmadı. Iraqdakı son vəziyyətlərdən sonra
kürd xalqının öz gələcəyini təyin etməsi üçün yaranan bu fürsəti
qiymətləndirməsinin lazım olduğunu düşünürəm”.
Iraq kürdləri olaraq
müstəqillik tələbi ilə çıxış etmələrinə gəlincə isə Bərzani deyib ki,
artıq kürd xalqının gələcəyini təyin etməyin vaxtı çatıb: “Biz də kürd
xalqının qərarı nə olarsa, onu dəstəkləyəcəyik”.
Iraq kürdlərinin
müstəqilliyini elan etməsi üçün referendumun
keçirilib-keçirilməyəcəyindən də danışan Bərzani deyib ki, Iraq kürdləri
artıq bir dəfə referendum keçirib: “Bir neçə il əvvəl bir referendum
keçirildi. Lakin rəsmi deyildi. Bölgədəki digər ölkələrdən fərqli
olaraq, doğru bir nəticə alındı. Xalqın 90 faizi müstəqilliyin elan
edilməsini dəstəklədi. Indi isə lazım olarsa, yenidən referendum keçirə
bilərik”.
Iraq kürdlərinin müstəqillik elan etməsi ilə Iraq
dövlətinin dağılması ehtimalına toxunan Bərzani indiyə qədər ölkənin
birliyinin qorunması üçün kürdlərin daha çox çalışdığını deyib: “2003-cü
ildə Iraqda rejimin yıxılmasından sonra Iraqın birliyini və bütövlüyünü
biz kürdlər qoruduq. Son on ildir bu işi biz etdik. Lakin indi Iraq
dağılır. Mərkəzi hökumət hər şeyin üzərindəki idarəsini itirir. Ordu,
polis və hər şey dağılır. Bu an IŞID-in ortaya çıxdığına şahid oluruq.
Biz IŞID-lə çox uzun bir sərhədi paylaşırıq. Bu, bizim günahımız deyil,
Iraqın çöküşünə biz səbəb olmadıq”.
Hazırda IŞID-lə savaşmadıqlarını
deyən Bərzani Iraqın baş naziri Nuri əl-Malikiyə IŞID-lə savaşda dəstək
ola biləcəklərini söylədiklərini bildirib.
Bərzani bu təkliflərinin
əl-Maliki tərəfindən qəbul edilmədiyini deyib: “Baş nazir bizdən kömək
istəmədi. Əksinə, kömək təklifimizi rədd etdi. Biz bu an Kürdüstanın
IŞID və ya digər hər kəsdən qoruyuruq. Sərhədə yaxınlaşan hər kəslə
döyüşərik. Terrorçularla döyüşmək vəzifəsinin icrasında tərəddüd
etmərik. Lakin önümüzdə açıq bir gələcək olmadıqca, siyasi həll yolları
mümkün olmadıqca döyüşməyəcəyik”.
Bərzani IŞID-in Mosula girməsindən
uzun zaman əvvəl Iraqın baş naziri Malikiyə xəbərdarlıq etdiyini deyib:
“Baş nazir Malikiyə xəbərdarlıq etdim. Mosulun IŞID tərəfindən
işğalından bir neçə gün deyil, bir neçə ay əvvəl də xəbərdarlıq etdim.
Amma ciddi qəbul etmədi. Bu mövzuda şahidlərim də var. Sünni
bölgələrində yaşayan xalq Iraqın mərkəzi hökumətinin siyasətinə qarşı
üsyan etdi. Yaşanan hər şey IŞID tərəfindən edilmədi. Lakin IŞID bu
fürsəti qiymətləndirib idarəçiliyi ələ keçirmək istəyir. Region xalqı da
fürsəti qiymətləndirmək istəyirdi. Bütün bu baş verənlər əslində,
hökumətin səhv siyasətinin nəticəsidir. IŞID də fürsəti qiymətləndirdi”.
Bərzani
müsahibəsinin sonunda ABŞ-ın Iraq üçün etdiklərini müsbət
qiymətləndirib. ABŞ-a etdiyi köməklərə görə təşəkkür edən Bərzani ABŞ-ın
bütün iraqlılara demokratik və müasir dövlət qurmaq üçün şans verdiyini
deyib.
İŞİD-in yeni başkəsmə görüntüləri yayıldı
IŞID Iraq hərbi qüvvələri arasında gedən döyüşlərdə IŞID-in
tərkibində vuruşan azərbaycanlılar öldürülüb. “Axar.az” xəbər verir ki,
videoda terrorçuların pusquya düşdüyü anlar görüntüləri yayılıb. Orada
azərbaycanlı döyüşçülərin ana dilində dediyi sözlər də eşidilir.
Bundan başqa, sosial şəbəkələrdə IŞID-in yeni başkəsmə görüntüləri yerləşdirilib.
Türkiyədə İŞİD mağazası açıldı
Türkiyənin Bağcılar bölgəsində açılan “IŞID Store”da yalnız şəriət
geyimləri satılır. Mağazada cihadçı IŞID-in bayrağı olan köynəklər də
satışa çıxarılıb.
Yalnız şəriətə uyğun qadın paltarlarlarının
satıldığı mağazada IŞID bayraqları da ala bilərsiniz. Mağazanın
girişində isə “Əhzab” surəsinin türkcə tərcüməsi yazılıb. Dükanın
adından başqa bütün yazılar ərəbcədir.
Mühafizəkar əhalinin sıx
olduğu Bağcılarda IŞID bayrağının olduğu köynəklər “Peyğəmbər
Əfəndimizin möhürü” deyə təqdim edilərək alıcılara satılır.
IŞID mağazalarını Türkiyənin bir çox bölgəsində açılacağı haqda məlumatlar da yayılıb.
Hələlik
yalnız qadınlara xidmət edən mağazada IŞID-in Mosulda qoyduğu qaydalara
uyğun geyimlər satılır. Vitrində dayanan manekenə geydirilmiş çarşab
yalnız gözlərin görünə biləcəyi şəkildə dizayn edilib. Mağazada satılan
köynəklərin hər birində ərəbcə ayə və sözlər yazılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=8838