Hakimiyyət sual atəşinə tutuldu

25.06.2014 - 08:52

Məmmədyarovu “mühasirə”yə saldılar

Məmmədyarovu “mühasirə”yə saldılar
 
 

Öncədən qeyd etmişdik ki, AŞPA-nın yay sessiyasında  Azərbaycan
hakimiyyəti çətin suallarla üz-üzə qalacaq. Həqiqətən də gözlənilən hal
baş verdi və hakimiyyət sual yağışına tuş gəldi. Azərbaycan xarici işlər
naziri Elmar Məmmədyarov Avropa Şurası Nazirlər Komitəsinin sədri kimi
AŞPA-nın yay sessiyasında çıxış etdi və müxtəlif ölkələrdən olan
jurnalistlərin suallarına cavab verməli oldu.

Elmar Məmmədyarov çıxışı zamanı bildirib ki, Avropa ilə yaxınlaşma
Azərbaycan üçün prioritetdir, bu siyasət davam etdiriləcək və korrupsiya
ilə mübarizə tədbirləri davamlı olacaq. Daha sonra nazir qeyd edib:
“Sədrliyimiz Avropa Şurasının hər bir insanın ayrı-seçkiliyə məruz
qalmadan sosial hüquqlardan istifadə etməsi istiqamətində gördüyü işləri
dəstəkləyəcək. Qadın haqları da heç bir halda diqqətdən kənarda
qalmamalıdır”.

Görünür, Elmar Məmmədyarovun Azərbaycanda olmayan dəyərlər haqqında
iştahla danışması tədbir iştirakçılarını da qəzəbləndirib ki, nazirimizi
ağır suallarla sınağa çəkiblər.

“Lazım”sız Qarabağ

Nazirimiz Avropalı deputatın Qarabağ məsələsinin çözümü haqqında
sualını cavablandırıb və yalnız dinc yolu məqbul sayıb: “Rəsmi Bakı
işğal olunan torpaqların azad edilməsi üçün dinc varianta üstünlük
verir. Biz ümid edirik ki, Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi
dönəmində Qarabağ probleminin çözümü üçün müəyyən addımların atılması
mümkün olacaq. Sülhün bərqərar olması, münaqişənin çözülməsi təkcə
Azərbaycan üçün deyil, bütün region üçün son dərəcə önəmli məsələdir” –
deyə Məmmədyarov bildirib.

Bir qayda olaraq hakimiyyət sözçüləri ölkə xaricində olanda “lazım
gəlsə hərbi yolla torpaqlarımızı ala bilərik” ifadəsindən istifadə
etmirlər. Görünür, “lazım” yalnız ölkə əhalisinin hüzurunda lazımlı
olur. Ona görə də Məmmədyarov  suala cavab verərkən sülh yolundan
“sallaşmaq”la məşğul olub və yükü başqalarına şələlləməyə cəhd edib.
Çünki, beynəlxalq aləm bu hakimiyyətin müharibə edəcək qədər cəsarətli
olmadığını bilir. Hakimiyyət də başa düşür ki, böyük tribunalardan,
“liliput” cəsarət sərgiləmək gülməli görünür.

Neftdən söhbət düşəndə

Deputat Oqramundun sualı isə Azərbaycanın Avropanın enerji
təhlükəsizliyindəki rolu ilə bağlı olub. Deputatın “Azərbaycan Avropanın
təbii qaz idxalında Rusiyadan asılılığını azalda bilərmi” sualına cavab
verən Elmar Məmmədyarov deyib ki, Azərbaycanın bu sahədə bütün
strategiyası milli maraqlar üzərində qurulur: “Azərbaycan Gürcüstan və
Türkiyədən keçməklə öz neftini Avropa bazarlarına çıxarır. Bu kəmər,
Azərbaycan üçün sadəcə iqtisadi layihə deyil, eyni zamanda
müstəqilliyinin təminatıdır. Indi eyni marşrutla Transanadolu qaz
kəmərinin tikintisi gedir. 2018-2019-ci illərdə bu projenin həyata
keçəcəyi planlaşdırılır. Kəmərin son nöqtəsi Italiyadır. Türkiyədən
Italiyaya olan hissəni bildiyiniz kimi, Avropa Ittifaqı maliyyələşdirir.
Kəmərin ümumi dəyəri 45 milyard avrodur. Bu xətlə ilkin mərhələdə ildə
16 milyard kubmetr qazın idxalı gerçəkləşəcək. Daha sonra isə biz bu
təbii qaz idxalının həcmini 2 dəfəyə artırmağı planlaşdırırıq” – deyə
Məmmədyarov bilidirib. 

Diqqət etsəniz şahidi olarsınız ki, neftdən, qazdan söhbət düşəndə,
hakimiyyətin bütün sözçüləri bülbülə çevrilirlər. Hansı kəmərdən nə
qədər gəlir gələcəyini, hansı yatağın tikintisinə nə qədər pul
ayrılacağını, tikintini hansı ölkənin maliyyələşdirəcəyini əzbər
bilirlər və bu söhbətlərdən həzz alırlar. Saçı yalnız keçəl qırxa bilən
bərbər kimi, bunlar da yalnız bu tipli suallara cavab verə bilirlər. 

Əjdahaya çevrilən suallar və cavabsızlıq

Fransalı parlamentar B.Brua Elmar Məmmədyarovdan Azərbaycanda insan
haqlarının durumu, siyasi məhbuslar məsələsinin hansı səbəbdən
çözülməməsini soruşub.

Deputat Estavera isə Azərbaycandakı siyasi azadlıqlar məsələsini
qaldırıb, siyasi məhbusların azad edilməsi prosesini yubandığını
vurğulayıb: “Azərbaycan artıq Avropadan nələrsə öyrənməlidir.
Azərbaycanda bütün vətəndaşların siyasi bərabərliyi təmin olunmalıdır,
heç bir şəxs siyasi baxışlarına görə təqiblərə məruz qalmamalıdır”.

Moldovadan olan deputat isə nazirə “Oliqarxlarla necə mübarizə aparırsız?” sualını verib.  

Nazir bildirib ki, Azərbaycan problemləri aradan qaldırmaq üçün səy
göstərir: “Heç kim Azərbaycanın demokratik, təmiz, ideal ölkə olduğunu
iddia etmir. Biz demokratiyanı inkişaf etdirməyə çalışırıq. Əsas məqam
da budur. Zamanla bütün problemlər yoluna qoyulacaq. Biz 2014-2016-cı
illər üçün tədbirlər planı hazırlamışıq. Hesab edirəm ki, dediyiniz
məsələlərlə bağlı bir sıra tədbirlər görüləcək. Həmin tədbirlər planına
baxsanız aydın olacaq ki, Azərbaycanın məqsədi demokratiyanı təkcə
Azərbaycanda deyil, regionda inkişaf etdirməkdir” – deyə Məmmədyarov
bildirib.

Göründüyü kimi cənab Məmmədyarov cavab verərkən “ağ bayraq” qaldırıb
və Azərbycanın ideal ölkə olmadığını bildirib.  Yəni, qəbul edib ki, bu
iradlarla razıyıq və həll etməyə çalışacağıq. Sonrakı ifadələrində isə
nazir mətləbdən qaçmağa çalışır. Siyasi məbusları azad etmək, məcburi
köçkünlərə şəhərcik tikmək deyil ki, 2016-cı ilə qalsın. Söhbət hansı
tədbirlər planından gedir? Plan qurub həbs etdiyiniz adamları azad etmək
üçün, hansısa plana ehtiyac varmı?

Elmar Məmmədyarov məqsədin regionu demokratikləşdirmək olduğunu
söyləyib. Hansıki, həmin regionda yerləşən Gürcüstan demokratik
islahatlara çoxdan start verib və Avropa Ittifaqa ilə məlum sazişi
imzalayacaq. Ermənistan prezidenti isə 3-cü dəfə prezident olmağı
qanunsuz hesab edir. Digər ölkələrdən də misal gətirmək olar.  Ona görə
də yaxşı olar ki, cənab nazir regiona demokratiya gətirmək əziyyətinə
qatlaşmasın, öz ərazisində demokratiyaya işıq yandırmağa çalışsın.

Əsas odur ki, Məmmədyarov səslənən ittihamları dana bilməyib. Sadəcə olaraq ənənəvi manevrlərlə demokratiyadan qaçmağa çalışıb.

Həqiqət acı olsa da

Elmar Məmmədyarova bu tipli suallar verildikcə o əsəbləşməyə başlayıb
və həmin şəxsləri məlumatsızlıqda ittiham edib. Çünki, beynəlxalq
tribunadan nə hər şeyi danmaq, nə də “yaxşı eləmişik” demək mümkün
deyil. Yəqin ki, bundan sonra heç vaxt, hakimiyyət sədrlik məsələsinə
görə qürurlanmayacaq. Bu sual-cavabdan sonra AŞPA-dakı sədrlik dövrü
hakimiyyət üçün matəm günləri olacaq.

Həqiqət nə qədər acı olsa da, bir gün mütləq dadmalısan. Yəqin, hökumətimiz indi şirin qida axtarır.

Short URL: http://www.cumhuriyyet.net/?p=8844

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31