Azərbaycanda benzinin keyfiyyəti pisləşib
ABŞ-ın Beynəlxalq Yanacaq Keyfiyyətli Mərkəzi (IFQC) 100 ölkə
arasında benzinin keyfiyyətinin qiymətləndirilməsinə dair 2014-cü ilin
rankinqini açıqlayıb.
“Bizim
Yol” qəzetinin məlumatına görə, məlum olub ki, benzinin qiyməti 30 faiz
bahalaşandan və “Avro-4” standartlarına keçiddən sonra Azərbaycanda
benzinin keyfiyyəti daha da pisləşib. İFQC-nin rankinqinə görə,
Azərbaycan 8 pillə geriləyərək 77-ci yerdə qərarlaşıb. Qeyd edək ki,
ötən il ölkəmiz 69-cü pillədə idi. İlk onluğa daxil olan ölkələrə
gəlincə, bunlar Almaniya, Yaponiya, Avstriya, Danimarka, Estoniya,
Finlandiya, Macarıstan, İsveç, Albaniya, Belçikadır.
Azərbaycanla
qonşu olan dövlətlərdən Türkiyə 36-cı, Rusiya 59-cu, Gürcüstan 61-ci,
Ermənistan 75-ci yerdə durur. Siyahının sonunda isə Suriya qərarlaşıb.
Qeyd edək ki, təşkilat benzinin keyfiyyətini tərikinbə kükürdün
miqdarına əsasən götürür. Burada əsas götürülən meyarlar milli standart
və qanunvericilikdə icazə verilən maksimum hədd; qanunvericilikdə
nəzərdə tutulan həddin könüllü icrası; şəhər və bölgələr üzrə tətbiq
olunan standart, market səviyyəsi və sair məsələlər daxildir.
Göründüyü
kimi, Azərbaycanın “Avro-4” standartlarına keçidi, istehlakçılara
keyfiyyətli Aİ-95 markalı benzin təqdim edilməsi üçün istehsalı
dayandırması reytinq cədvəllərində daha daha geriləməyimizə səbəb olub.
Hələ 2010-ci ildə “Avro-2”-yə keçid zamanı keyfiyyətin artacağına, daha
ekoloji təmiz yanacağın olacağına dair vədlər verilirdi. Bəs, nə
dəyişdi? Belə görünür ki, dəyişiklik yalnız geriyə baş verib.
Sürücüləri
hazırkı yanacağın keyfiyyəti qane etmir. Onları həm kəmiyyətdə, həm də
keyfiyyətdə aldadırlar. Azad İstehlakçılar Birliyinin sədri Eyyub
Hüseynovun “Bizim Yol”a şərhində bildirdi ki, ölkədə istehlakçıların
keyfiyyətli benzinlə təmin olunmasında ciddi problemlər var. Ekspert
deyir ki, təşkilatlarına bununla bağlı çoxlu sayda şikayətlər daxil
olur: “Əlbəttə, problemləri araşdırıb üzə çıxarmaq mümkün deyil. Sivil
ölkələrdə yanacaqdoldurma məntəqələrində menzurkalar qoyurlar.
İstehlakçı aldığı benzinin miqdarının düzlüyünü bu aparatla yoxlaya
bilər. Azərbaycanda belə sistem yoxdur”.
E.Hüsyenov
vurğuladı ki, keyfiyyətsiz benzin avtomobilin tez sıradan çıxmasına
gətirib çıxarır: “Təəssüf ki, keyfiyyəti müəyyən etmək üçün heç bir
alternativ mənbə yoxdur. Ancaq istehlakçılar üçün də belə şərait
yaradılmalıdır. Bunun üçün müstəqil, heç kimdən asılı olmayan
labarotoriyalar fəaliyyət göstərməlidir. Satılan benzinin keyfiyyətindən
şübhəli qalan istehlakçılara analizin cavabı ilə tanış olmaq imkanları
yaradılmalıdır”.
Hökumət rəsmilər isə bildirir
ki, ölkədə keyfiyyətli benzin istehsalına yeni Neft-Kimya Kompleksinin
istifadəsindən sonra başlamaq mümkün olacaq. Hazırda müəssisə tikilir və
2029-cu ildə təhvil verilməsi gözlənilir.
Bundan
əlavə, bir sıra ekspertlərin fikrincə, yanacağın keyfiyyətinin
müəyyənləşməsi ilə bağlı qanunvericilikdə boşluqlar mövcuddur. “Neft-qaz
haqqın”da qanunun olmaması bu istiqamətdə prosesləri tənzimləməkdə
çətinliklər yaradır. Yəni istehlakçı onlara hansı keyfiyyətdə yanacaq və
dizelin satılmasının vacib olduğunu bilmir.
Short URL: http://www.cumhuriyyet.net/?p=8848