İraq hadisələri, Rusiya və dünya birjaları

25.06.2014 - 16:45

Son bir ay ərzində
İraqın əsas neft rayonlarını əhatə edən silahlı konflikt qısa müddətdə
dünyanın bütün böyük birjalarında şok effekti yaratdı

İŞİD-in
intensiv hücumları, əsas neft yataqları və qara qızılı Türkiyə
ərazisinə nəql edən xətlərin bu təşkilatın yaraqlılarının nəzarətinə
keçməsi ilk növbədə yanacaq bazarını, arxasınca geridə qalan sahələri
vurmağa başladı. Neftin qiymətinin qalxması Asiya və Amerika birjalarını
çökdürdü. Qızılın qiyməti qalxdı, dolların məzənnəsi düşdü və iri
korporasiya səhmlərinin qiyməti azalmağa başladı.

Neft böhranı və İŞİD-in tanınması

İraqın
şimalında və Suriyanın şərqində vəziyyəti nəzarətə alan İŞİD dünya
gündəmini kökündən dəyişdi. Ukrayna hadisələrini manşetdən çıxaran
İraqdakı proseslər artıq dünyanın diqqət mərkəzindəki ən əsas nöqtədir.
Dünya bazarlarında neftin qiymətinə ciddi təsir göstərən İŞİD-in
həmlələri bu təşkilatı artıq ciddi bir qüvvəyə çevirib. Prosesin bu cür
davam etməsi yaxın müddətdə dünyanın aparıcı dövlətlərini belə İŞİD-lə
danışıqlar masası arxasına oturmağa vadar edəcək. Hadisələrin inkişafı
bunu tam çılpaqlığı ilə üzə çıxarır. İstanbul birjasını çökdürən “neft
böhranı” birinci Türkiyə rəhbərliyini İŞİD-lə hesablaşmağa məcbur
edəcək. İraqın şimalındakı ticarətdə ən böyük payı olan ölkə kimi
Türkiyənin bu bölgədə itirəcəkləri digər dövlətlərə nisbətən çoxdur.
Şimali İraqda möhkəmləndikdən sonra bütün bölgə ölkələrini fakt
qarşısında qoyacaq İŞİD qısa vaxt ərzində qeyri-leqal, terror təşkilatı
siyahısından çıxarılaraq əməkdaşlıq tərəfinə çevriləcək.

“Ukrayna böhranı” və Rusiya

İraqda
baş verənlərin müvəqqəti olaraq kölgədə qoyduğu “Donbass böhranı” isə
bütün cəhdlərə baxmayaraq dərinləşməkdədir. Avropanın siyasi gedişləri,
Kremlin cavab tədbirləri, Ukrayna rəhbərliyinin zədələnmiş imicini bərpa
cəhdləri bu böhranın qarşısının tam alınmasını haradasa mümkünsüz edir.
Elan olunmuş bir həftəlik atəşkəsə baxmayaraq Donbasda qan tökülməkdə
davam edir. İraq böhranı nəticəsində bahalaşan neftin hesabına milli
valyutası rublun məzənnəsini qaldıran Rusiya daxildəki təşvişin və
ölkədən valyuta axınının qarşısını heç cür ala bilmir. Rusiya Mərkəzi
bankının verdiyi yarımillik hesabat isə vəziyyətin nə qədər acınacaqlı
olduğunu bir daha göstərir. 2014-cü ilin birinci kvartalında Rusiyadan
çıxarılan kapitalın 50,6 milyard dollar olduğu bildirilir. Analitiklərin
fikrincə əgər, Ukrayna böhranı qısa müddətdə həll edilməsə, bu rəqəm
ilin axırınadək 150 milyard dollara çata bilər. Sözügedən məsələ Rusiya
iqtisadiyyatı üçün əsl fəlakət deməkdir. Təxminlərə görə, bu məbləğin
Rusiyadan çıxması rublun 30%-dən çox ucuzlaşması ilə nəticələnə bilər.
Bu da öz növbəsində Rusiya üçün çox ciddi problemlər yarada bilər.

Dünya birjaları

İraq
böhranının vurduğu bütün birjalar investorların depressiyası ilə
bağlandı. Nyu-Yorkdan sonra Asiyanın iri birjalarının indeksləri də
getdikcə aşağı düşməyə başladı. Tokio, Sinqapur, Honkonq və Şanxay
birjalarında da geriləmə müşahidə olundu. Bu gün səhər yayılan məlumatda
isə birjalardakı əməliyyatların “qırmızı zonaya” daxil olduğu
bildirilir. Neft qiymətinin bahalaşmasının davam edəcəyi təqdirdə
Asiyanın güclü iqtisadiyyata malik ölkələri – Çin, Cənubi Koreya,
Yaponiya, Sinqapur, Malayziya və İndoneziyanı ağır maliyyə böhranı
bürüyə bilər. Hələlik, İraqda vəziyyət ağır olaraq qalır və Ukrayna
məsələsində Avropa Rusiya ilə dil tapa bilmir. Bu onu göstərir ki,
böhran dərinləşəcək. Hətta ABŞ-ın neft ixracını bərpa edəcəyi haqqında
xəbərlər belə birja indekslərinin düşməsinin qarşısını almadı.
Proseslərin gedişi belə düşünməyə əsas verir ki, dünya yeni iqtisadi
fəlakətlə üz-üzədir.
İnterpress.az

Short URL: http://www.cumhuriyyet.net/?p=8866

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31