ABŞ və Rusiya Bakıda toqquşacaq
ABŞ-ın anti-Rusiya layihəsinə qarşı Putin yeni plan hazırlayıb
Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Azərbaycana səfər
edəcək. ANS PRESS-in məlumatına görə, S. Narışkin ATƏT Parlament
Assambleyasının 23-cü yay sessiyasında iştirak etmək üçün Bakıya
gələcək. Duma sədrinin səfərinin 28 iyun tarixində baş tutacağı
bildirilir. Narışkin Bakıda keçiriləcək iclas zamanı Ukraynadakı hazırkı
vəziyyətlə bağlı beynəlxalq konfrasın təşkil edilməsi barəsində təklif
irəli sürəcək.
Qeyd edək ki, ABŞ senatoru Benjamin Kardinin Rusiyanın Ukraynaya
qarşı siyasətini ittiham edən qətnamə layihəsi müzakirə olunmaq üçün
ATƏT-in illik toplantısının gündəliyinə daxil edilib. Kardin bu
qətnamədə Rusiyanı Ukraynanın Cənub-şərqini özünə birləşdirmək cəhdində
ittiham edib. Yəni, Bakıda keçiriləcək tədbir anti-Rusiya xarakteri
daşıyır və üzv ölkələr bu qətnaməyə münasibət bildirəcəklər.
Rəsmi Moskva isə bu sənədə artıq etirazını bildirib. Dumanın sədri
Narışkin isə bununla bağlı ATƏT ölkələri ilə danışıqlar aparıldığını
söyləyib.
Ötən yazımızda qeyd etmişdik ki, Azərbaycan hakimiyyəti də bu
tədbirdən narahatdır və Bakıda Rusiya əleyhinə keçiriləcək tədbiri
neytralaşdırmağa çalışır. Təcrübə göstərir ki, hakimiyyət belə
məqamlarda anti-Qərb kampaniyası aparır və Rusiya-Qərb savaşında özünü
sığortalamaq istəyir.
Təbii ki, Rusiya da məlum qətnamənin müzakirəyə çıxarılmamasında və qəbul edilməməsində maraqlıdır.
Narışkinin tədbirdə iştirak etmək üçün Bakıya gəlməsi və Ukraynadakı
vəziyyətlə bağlı təkliflə çıxış edəcəyi də yaranmış vəziyyəti Rusiyanın
xeyrinə dəyişmək cəhdirir.
Yəqin ki, Bakı səfərində Narışkin Azərbaycan hakimiyyətinə Rusiyanın
tələbini çatdıracaq və hansısa təkliflərlə gözlənilən qətnamənin
qəbulunu yubatmaq istəyəcək.
Ekspertlər hesab edir ki, Rusiya daha böyük sanksiyalardan yayınmaq
üçün Ukrayna ilə bağlı müzakirələri genişləndirmək istəyir və bu
müstəvidə hansısa addımları ata biləcəyinin mesajını verir. Digər
tərəfdən Rusiya istəyir ki, Ukrayna məsələsində söz sahibi olaraq qalsın
və bu məsələ Ukraynanın daxili işi olmaqdan çıxsın.
Ötən yazımızda qeyd etmişdik ki, Azərbaycan hakimiyyəti tədbirdə
ermənilərə qarşı sanksiyanın tətbiq edilməsini tələb edəcək və bununla
bağlı qətnamə layihəsini müzakirəyə çıxaracaq. Əgər bu qətnamə qəbul
olunmasa, hakimiyyət Qərbi ittiham edəcək və ikili standartlarda
günahlandıracaq.
Görünür, Rusiya bu addımın effektli olacağından çox da əmin olmadığı üçün, öz təklifini də hazırlayıb.
Istənilən halda vəziyyət onu göstərir ki, ATƏT-in Bakı tədbirində Rusiya-ABŞ toqquşması olacaq.
Akif
Short URL: http://www.cumhuriyyet.net/?p=8870