İlham Əliyevin Strasburqda məmur hesabatı
Yaxud “lider ölkənin” rəhbəri AŞPA-da kimə və nə üçün hirslənmişdi?

Qənimət Zahid
AŞ PA Nazirlər Kabinetinə başçılıq etmək növbəsi çatan ölkələrin
rəhbərlərinin deputatlar qarşısında çıxış etməsi sadəcə olaraq,
ənənədir. Dövlət başçıları deputatlar qarşısında çıxış edir, estafeti
daşıdıqları müddətdə prioritetlərini elan edirlər. Bu, qaydadır.
İlham Əliyev də həmin qayda üzrə AŞ PA-ya dəvət alaraq, orada çıxış
etdi. Amma o, hansısa prioritetlər barədə danışa bilmədi. Onun çıxışı
qlobal və strateji xarakter daşımırdı, sıradan bir məmurun hesabat
xarakterli nitqinə bənzəyirdi. Sanki (və şübhəsiz) ona qabaqcadan bəlli
idi ki, Avropalı deputatların ondan gözlədikləri nədir. Bu gözləntilər
ümumavropa kontekstində qlobal məsələlər deyil, Azərbaycanda, yəni İlham
Əliyevin idarəçiliyi altında olan ölkədə problemlərin nə zaman aradan
qalxacağı barədə sözlər eşitməkdən ibarət idi. Bu gözləntilərin siyahısı
isə o qədər də uzun deyil. İnsan haqlarına sayğı, siyasi hüquqlara mane
olmamaq, korrupsiyanın məhdudlaşdırılması, söz azadlığına qarşı
müharibənin dayandırılması. Əsasən, bu məsələlər.
İlham Əliyev də bu problemlərin heç birini həll etməyəcəyinə əmin
olduğu üçün başqa yol görməmişdi. O, Yevlaxda, Tovuzda, Salyanda,
Bakıda,.. “zəhmətkeş”lər qarşıslnda etdiyi ənənəvi çıxışını ingiliscəyə
çevirib AŞ PA-nın sessiyasında nitq kimi təqdim etdi. Bu, “regionun
lider ölkəsi”nin, üzərində strateji missiya olan bir ölkənin rəhbərinin
çıxışı deyildi. Cənab Əliyev dünya və Avropa siyasətinin gündəliyinə
müdaxilə etməyəcək qədər balaca siyasətçi olduğunu göstərdi. O, miqyaslı
syasətçi olmadığını göstərmək üçün saxta göstəricilər üzərində
danışmağa həm də ona görə üstünlük vermişdi ki, onu insan haqları,
siyasi azadlıqlar kimi fundamental və qlobal suallarla narahat
etməsinlər. Bu miqyasda siyasət təsərrüfat siyasətidir. Filan qədər bina
tikilib, filan qədər neft çıxarılıb, filan qədər asfalt yol çəkilib,..
ritorikası, prezident çıxışı deyil, bələdiyyə sədrinin verəcəyi
hesabatdır.
Amma hər kəs bilirdi və fərqində idi ki, çıxış etmək üçün
Azərbaycandan təşrif buyuran adam bələdiyyə sədri deyil, prezidentdir və
buna görə də, ona siyasi mahiyyətli suallar ünvanlanmalı idi.
Bu mərhələdə də İlham Əliyev eyni ampluadan kənara çıxa bilmədi.
Əlbəttə, heç çıxa da bilməzdi. Onu korrupsiyada ittiham edirlərsə, o da
bütün dünyanı şərləyərək, hər yerdə korrupsiyanın olduğunu söyləməli
idi. Söylədi. Hətta Azərbaycan rejiminin üstünlüyünü qabartmaq üçün
əlavə etdi ki: “bizdə buna qarşı mübarizə aparılır”. İlham Əliyevin
korrupsiyaya münasibəti, əlbəttə, AŞ PA-da bir çoxlarını narahat etməli
idi. Çünki bu qurumun tərkibində Əliyevin vasitəçilərindən rüşvət qəbul
edən çoxlu sayda adamlar var. Amma almayanlar və almaq istəməyənlər də
var.
Siyasi məhbuslarla bağlı sualın da cavabı inkar olmalı idi. İlham
Əliyev siyasətlə məşğul olmadığından siyasi məhbus anlayışı da onun üçün
qəbul edilməzdir. O, körpü tikir, yeraltı keçid layihələri verir,
texnopark quraşdırır, turizm kompleksi inşa edir, Heydər Əliyev
mərkəzlərinin çoxalmasının qayğısına qalır… və bütün bunların heç
biri siyasi fəaliyyət deyil. Bütün bunlara görə də İlham Əliyev
insanların nə üçün siyasətlə məşğul olduqlarını, siyasi azadlıqların nə
demək olduğunu bilmir və rəhbərlik etdiyi ölkədə siyasi məhbusların
olduğunu qətiyyətlə inkar edir.
O, hələ prezident olmamışdan əvvəl qətiyyətlə bildirmişdi ki,
Azərbaycan qəzetlərini oxumur. Prezident olandan sonra qayğıları daha da
artdığına görə, təbii ki, qəzet oxumamaqda davam edir. Prezident
olandan sonra da etiraf etdiyi kimi, televizora baxmır və pultla
oynayır. Üstünlük verdiyi bir televiziya proqramının olduğu da kimsəyə
bəlli deyil. Bu istiqamədə yalnız bir detal var. Bir dəfə nazirlərin və
komitə sədrlərinin hamısı üçün keçirdiyi müşavirədə elan etmişdi ki,
telekanallardakı mətbəx verilişləri yağlı yeməkləri reklam etdiyi üçün
onlara xəbərdarlıq etmək lazımdır. Bu seçimə görədir ki, İlham Əliyev
Azərbaycanda söz azadlığı ilə bağlı situasiyanın nədən ibarət olduğunun
da fərqində deyil. Söz azadlığı ilə bağlı söhbət açılan bütün məqamlarda
İlham Əliyevin yalnız bir arqumenti olur ki, Azərbaycanda internet
məhdudiyyəti yoxdur və əhalinin hansısa yekə bir faizinin internetə
çıxışı var. Hətta fəal internet istifadəçiləri arasından siyasi
dustaqların mövcudluğu da onu narahat eləmir. Belə hesab edir ki, bunlar
da narkoman olduqlarına görə internetdən bu şəkildə istifadə edirlər.
Azərbaycan prezidentini AŞ PA-da xırda suallarla narahat etdilər. Heç
kim ondan ümumavropa miqyaslı problemlərlə bağlı heç nə soruşmadı.
Hamının ünvanladığı suallar yalnız bir mahiyyəti aşkar edirdi ki, o
ölkənin insanlarını rahat burax və adamlara problem yaratma. İlham
Əliyev buna görə çox əsəbiləşdi. Bu hirs onu xırda masştablı siyasətçi
kimi qəbul etdiklərinə görə deyildi. Onu sadəcə olaraq, diktator
psixologiyası rahatsız edirdi. Orada Azərbaycandan gedən deputatlar,
hökumət məmurları, bir neçə nəfər də hüquq müdafiəçisi vardı. İlham
Əliyev buna görə sıxılırdı. Sıxılırdı ki, onu büt kimi qəbul edən, ondan
inanılmaz dərəcədə qorxan bu adamların hüzurunda saçını düz-əməlli
daramayan, qalstukunu əyri bağlayan,.. hansısa Avropalı deputatlar ondan
hesabat istəyirlər.
Onun nəzərə almadığı tək amil jurnalistlər və
kənar müşahidəçilər üçün lojada etiraz aksiyası keçirən mühacirət
nümayəndələri idi. Bilirdi ki, onlar azərbaycanlılardır və İlham Əliyev
azərbaycanlılardan nə qorxur, nə də onları vecinə alır. Amma
avropalılar, başqa məsələ. Ətrafındakı adamların avropalı deputatların
ondan qorxmadıqlarını bilməsini faciə kimi qarşılayırdı. Qorxu
cəhənnəmə, ondan korrupsiyaya və sair neqativlərə görə hesabat tələb
etmələri onu hədsiz dərəcədə qıcıqlandırırdı. Buna görə hirslənirdi.
Onu özündən çıxaran başqa bir məqam da vardı. Prezident “bizdə
korrupsiya yoxdur, onun görsənişlərinə qarşı da mübarizə aparırıq”, “söz
azadlığı var və heç bir məhdudiyyət yoxdur”, “siyasi dustaqlar yoxdur”,
“seçkilər saxtalaşdırılmır”… kimi yalanları söyləməyə daha bir dəfə
məcbur olduğuna görə də qızarıb-pörtür və qəzəblənirdi. Axı, ona bir büt
kimi ibadət edən əyan-əşrəf də bunun yalan olduğunu və əlahəzrətin bu
yalanları söyləməyə məcbur edildiyini görür və bilirdilər. Bu, diktator
üçün çox dəhşətli səhnədir və bu dəhşətli səhnənin effektini azltmaq
üçün o, ayrı-ayrı deputatlara “sən yalan deyirsən”, “sənin ölkəndə də
nələrin baş verdiyini bilirik” kimi prezidentanə olmayan reaksiyalar
verirdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=8899