“Gürcüstan Avropalaşdıqca Azərbaycan kölgədə qalacaq”
“Assosiasiya sazişindən sonra bu dövlətin həm siyasi, həm iqtisadi nüfuzu artacaq”

Qubad İbadoğlu: “Regionda hansı güclərin hökmran olması vacib məsələdir”
“Azərbaycanın ÜTT-yə üzvlüklə bağlı yekun qərarının verilməməsi məqsədli xarakter daşıyır”
Azərbaycanla-Rusiya arasında Qəbələdə planlaşdırılan biznes forum baş
tutdu. Bir müddət sonra isə Iran-Azərbaycan biznes forumu keçiriləcək.
Maraqlıdır ki, əgər əvvəllər bu cür tədbirlər daha çox Avropa ölkələri
ilə keçirilirdisə, indi istiqamət dəyişib. Bunun siyasi məqsəd daşıdığı
şübhə doğurmur. Amma o məqamı da vurğulamaq yerinə düşər ki, Rusiya
hazırda iqtisadi tərəfdaş kimi o qədər uğurlu deyil. Son aylar ölkəni
milyardlarla Avropa kapitalı tərk edib.
Belə olan halda Azərbaycanın
Rusiyaya investisiya yatırması nə dərəcədə əlverişli sayıla bilər? Eyni
zamanda onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanla Rusiya arasında
tətbiq edilməsi nəzərdə tutulan qarşılıqlı güzəştlər heç də bərabər
əsviyyəli deyil. Mövzu ilə bağlı bu və başqa sualları Iqtisadi
Təşəbbüslər Mərkəzinin rəhbəri Qubad Ibadoğluya ünvanladıq:
– Belə forumların keçirilməsi müsbət dəyərləndirilməlidir. Həqiqətən
də ölkəyə investisiya cəlb olunması üçün ikitərəfli, çoxtərəfli
müzakirələr təşkil olunmalıdır. Əvvəlki illərlə müqayisədə ölkəyə
yatırılan xarici investisiyaların həcmində müsbətə doğru dəyişiklik var.
Ölkəyə 3.6 milyard dollar həcmində xarici investisiyalar yönəldilib. Bu
investisiyaların artımı həm də ölkəyə yeni texnalogiyaların, qabaqcılı
potentlərin gətirilməsi üçün mühüm rol oynayır. Ona görə mən bu cür
texnologiyalara sahib ölkələrlə biznes forumların keçiriləmsini məqsədə
uyğun hesab edirəm. Çünki hesab etmirəm ki, Azərbaycan Rusiya və Iranla
biznes forumun nəticəsində ölkə iqtisadiyyatını modernləşdirə bilsin.
Düşünürəm ki, bu cür əməkdaşlıq daha çox Avropa ölkələri, ABŞ ilə həyata
keçirilməlidir. Amma istənilən halda əgər təşəbbüslər ölkə
iqtisadiyyatına investisiyaların yönəlməsinə gətirib çıxaracaqsa, bunu
alqışlamaq lazımdır. Amma mən Rusiya və Iranla bu cür əməkdaşlığın
müəyyən siyasi səbəblərini də görürəm. Düşünürəm ki, bu regionda gedən
proseslərlə bağlıdır. Həqiqətən də bu gün Rusiya xüssuilə Azərbaycan
kimi strateji əhəmiyyətə malik, neft və qaz resursları ilə zəngin bir
dövlətdə iqtisadi maraqlardan daha çox siyasi maraqları güdür.
“Rusiya özünə müsbət imic yaratmağa çalışır”
– Rusiya ilə biznes forumun nəticəsi olaraq bəlli oldu ki,
Rusiya Azərbaycan tərəfinə, sahibkarlara 7.6 milyardlıq layihə təklif
edir. Həmin layihəyə görə Azərbaycan sahibkarları Rusiya iqtisadiyyatına
7.6 milyard dollarlıq vəsait yatıracaqlar. Rusiya kimi sanksiyalarla
üz-üzə olan bir dövlətə bu cür yatırım etmək nə dərəcədə məntiqlidir?
–
Yatırımla bağlı qərarlar tövsiyylər, təkliflərlə həyata keçirilmir. Bu
konkret istəklə bağlı ola bilər. Bu istəyi istər Rusiya, istər
Azərbaycan, istərsə də Iran ifadə edə bilər. Yox əgər bu yatırımı özəl
biznes qoyacaqsa, o zaman onlar Rusiyadakı riskləri nəzərə almalıdır. Bu
baxımdan səslənən rəqəmlər, bəyanatlar daha çox siyasi maraqlara xidmət
edir. Rusiya sadəcə olaraq iqtisadiyyatının xarici investorlar üçün
cəlbedici olduğu rəyini formalaşdırmağa çalışır. Rusiya xarici
investisiyanın azalmadığını, iqtisadiyyata başqa yollarla investisiya
cəlb edildiyini nümayiş etdirir. Amma düşünmürəm ki, Azərbaycanın iş
adamları indiki halda iqtisadiyyatında geriləmələr yaşayan Rusiya kimi
dövlətə geniş yatırımlar etsinlər. Digər tərəfdən istəklər və arzular
konkret öhdəliklər deyil. Eyni zamanda bu yatırımın edilməsi müəyyən
vaxt aparır. Bir il müddətində Azərbaycandan Rusiyaya bu cür sərmayəni
də transfer etmək mümkün deyil. Bu müddət ərzində Rusiyada baş verənlər
də iş adamlarının gündəmində olacaq. Mən bu qədər vəsaitin Azərbaycanın
özəl sektoru tərəfindən Rusiya iqtisadiyyatına qoyulacağına inanmıram.
“İran Azərbaycan vasitəsilə Avropaya çıxmaq istəyir”
– Azərbaycanda Iranla bağlı ticarət inhisar altındadır. Belə
olan halda Iranla qurulan iqtisadi maraq doğurur. Çünki Iran
vətəndaşlarının Azərbaycana sərbəst gəliş-gedişinin olmasını arzulayır.
Belə olan halda hakimiyyət ticarətlə bağlı inhisarı necə aradan
qaldıracaq?
– Rusiyadakı iqtisadi proseslərə bənzər
hadisələrin bir qismi də Iranda gedir. Amma Iranla bağlı durum bir qədər
fərqlidir. Rusiyadan fərqli olaraq Iran vətəndaşı Azərbaycana vizasız
daxil ola bilmir. Amma mən inanmıram ki, Azərbaycan Iranla
sadələşdirilmiş viza rejiminə keçəcək. Lakin Azərbaycanla iqtisadi
əlaqələrdə Iranın marağı var. Rusiyada baş verənlər, Avropa ilə
münasibətlər Iranın ticarət əlaqələrinin genişlənməsinə imkan verir.
Burada isə körpü rolunu Azərbaycan oynaya bilər. Rusiya və Irandan
Azərbaycana iqtisadi əlaqələrlə bağlı təşəbbüslər daxil ola bilər. Amma
Azərbaycan hökuməti ona yönələn təklifləri dəyərləndirəcək.
– Bir müddət sonra Avropa bazarı Gürcüstanın vasitəsilə
Azərbaycanın sərhədlərinə gəlib çıxacaq. Rusiya və Iran malları isə
keyfiyyətinə görə Avropa ilə müqayisə oluna bilməz. Gözlənilən rəqabəti
necə proqnozlaşdırırsınız? Avropa bazarının Gürcüstana gəlməsi
Azərbaycana nə vəd edir?
– Gürcüstan bundan sonra Avropanın
azad ticarət tərəfdaşı olacaq. Bu istənilən halda Gürcüstanın Avropa
ölkələri ilə əməkdaşlığına, tariflərin tənzimlənməsinə təsir edəcək. Bu
son nəticədə Gürcüstan kimi ölkələrə marağın artmasına, investisiyanın
çoxalmasına səbəb olacaq. Eyni zamanda bu Gürcüstanla Avropa ölkələri
arasında ticarətin genişlənməsinə gətirib çıxaracaq. Gürcüstan
Azərbaycan üçün maraqlı bazardır. Gürcüstana kifayət qədər Azərbaycan
maliyəsi yatırılıb. Bu yatırım həm dövlət, həm də özəl xətt ilə olub.
Gürcüstandakı əlverişli biznes mühiti belə yatırımlar üçün müəyyən
şərtlər formalaşdırıb. Indiki halda Gürcüstan bazarının Avropa ilə
hormonizasiyası burada rəqabəti daha da şiddətləndirə bilər. Bu da
rəqabətdə Azərbaycan mənşəli investisiyaların hökmran mövqeyinin aşağı
düşməsinə səbəb olacaq. Azərbaycanın mövqeyinin zəifləməsi Azəorbaycanın
maraqlarını o qədər də təmin etmir. Amma istənilən halda Azərbaycan iş
adamları Gürcüstanda öz şirkətlərini çox asanlıqla qeydiyyatdan
keçirirlər. Onlar Gürcüstan vasitəsilə Avropa ilə daha sıx əməkdaşlıq
imkanına malik ola bilərlər. Bu da ümumi prosesdə Azərbaycanın
uduşlarına daxil olacaq. Gürcüstan assosiasiya sazişinə imza atdıqdan
sonra onun regionda həm siyasi, həm iqtisadi baxımdan nüfuzu artacaq.
Gürcüstan eyni zamanda Avropadan həm maddi, həm də siyasi dəstək
qazanacaq. Bu da Gürcüstandakı islahatların daha tez bir zamanda həyata
keçirilməsinə və daha yaxşı nəticələr verməsinə gətirib çıxaracaq.
Azərbaycan isə Avropa Birliyi ilə strateji tərəfdaşlıq və moderlənşdirmə
sazişi imzalayacaq. Amma assosiasiya sazişi ilə bu saziş tamamilə
fərqli mahiyyətlidir. Assosiasiya sazişi geniş detallı və müəyyən
öhdəliklər nəzərdə tutan sazişdir. Amma modernləşdirmə sazişi daha çox
xülasəyə oxşayır, həmin saziş çox kiçikdir. Yeri gəlmişkən Avropa
Birliyi modernləşdirmə sazişini Rusiya ilə 2013-cü ilə qədər müzakirə
etdi. Bu sazişi Rusiya imzalasa da bu iki tərəf arasındakı əlaqələrə
töhvə vermədi. Ona görə də modernləşdirmə sazişinin Azərbaycanla Avropa
Birliyi arasındakı əlaqələrə yenilik gətirəcəyinə inanmıram.
Azərbaycanın ÜTT-yə daxil olmaması, azad ticarət sazişinə imhza
atmaması, assosiasiya sazişinin müzakirəsini dayandırması ölkəmizin Avro
inteqrasiya prosesində narahatçılıqların olmasından xəbər verir.
Barrozunun təklif etdiyi saziş də bu narahatçılıqdan irəli gəlir. Avropa
Birliyi çalışır ki, Azərbaycan onlarla əməkdaşlıqda geriləməsin.
“Azərbaycan Avrointeqrasiyada yubanır”
– Azərbaycan keçən ilin noybrında Vilnüsdə viza
sadələşdirilməsi ilə bağlı sazişi imzaladı. Amma iyunun 27-də
Azərbaycanın irəliyə doğru addım atması üçün, yəni azad ticarət sazişinı
qoşulmaq üçün ÜTT-nin üzvü olmaq gərək idi. Belə ehtimalllar da var ki,
ÜTT-yə üzvlük məhz bilərəkdən yubadılır. Azərbaycan bu cür situasiyaya
nə qədər müqavimət göstərə biləcək?
– Burada həm bilərəkdən
problem yaradılır, həm də bu istiqamətdə müəyyən çətinliklər var. Biz
hələ bu təşkilatın standartlarına cavab vermirik. Qanunvericiliyin
hormonizasiyası başa çatdırılmayıb. Eyni zamanda Azərbaycan bu
istiqamətdə nə ikitərəfli, nə də çoxtərəfli əlaqələr qurmayıb. Ona görə
Azərbaycanın ÜTT-yə üzvlüklə bağlı yekun qərarının verilməməsi məqsədli
xarakter daşıya bilər.
– Barrozo Bakıda olarkən bəyan etdi ki, biz Azərbaycanın
təklif etdiyi strateci əməkdaşlıq sazişinə razılıq veririk. Amma bu o
demək deyil ki, assosiasiya sazişi iki tərəfin gündəliyindən
çıxarılacaq. Bir müddət sonra bu saziş də imzalanmalıdır…
-Azərbaycan
hələlik bu qeyri-müəyyən mövqeyində qalacaq. Hələlik Azərbaycanın yaxın
dövr üçün prosesi tənzimləməyə gücü var. Indiki halda regiondakı
vəziyyətin aydınlaşması və regionda hansı güclərin hökmran olması da
vacib məsələdir. Çünki Rusiya Cənubi Qafqaz regionuna öz marağını ifadə
edib. Rusiya həm Ermənistan, həm də Azərbaycanla ikitərəfli əlaqələri
qurur. Burada məqsəd Rusiyanın Cənubi Qafqazda əsas güc olmasını təklif
etməkdir. Lavrovun Gürcüstana getməyərək Azərbaycan və Ermənistana səfər
etməsi Kremlin regionda əhəmiyyət verdiyi ölkələri göstərir.
“Əksinə əhalinin istehlak xərcləri artıb”
– Yerli kənd təsərrüfatı məhsullarının qiymətlərində enmə
müşahidə olunmur. Qiymətlər keçən ilkindən baha olaraq qalır. Bunun
səbəbi nədir?
– Bu daha çox mövsümü amillərlə bağlıdır.
Çünki əvvəlcədən bilinirdi ki, çəyirdəkli meyvələrin qiyməti ucuz
olmayacaq. Çünki məhsuldarlıq göstəriciləri aşağı düşə bilər. Amma
ümumiyyətlə iqtisadi qiymət səviyyəsi də yüksəkdir. Kənd təsərrüfatı
məhsullarının daşınma xərcinin artmasına da diqqət yetirin. Çünki benzin
keçən ilin dekabrında yenidən bahalaşdı. Bu faktorlar qiymətlərin
yüksək səviyyədə qalmasına səbəb ola bilər. Amma yenə də qiymətlərin
süni şəkildə şişirdilməsini istisna etmək olmaz. Bazarlarda inhisarın
hökmran olmasını istisna etmək olmaz.
– Statistik məlumatlara görə ötən il ilə müqayisədə əhalinin
xərcləri gəlirlərindən az olub. Bu reallığı əks etdirən göstəricidirmi?
–
Burada nominal gəlirlər faktiki xərcləri müqayisə edirlər. Amma heç bu
müqayisədə də bir o qədər böyük fərqlər yoxdur. Lakin onu qeyd etmək
lazımdır ki, xüssuilə yanacağın qiymətinin artamsının fonunda ölkədə
istehlak xərcləri artıb. Ona görə əvvəlki illərdən fərqli olaraq əhali
qazandığı vəsaiti istehlaka yönəltməyə məcburdur. Burada işləyən
əhalinin gəlirləri nəzərə alınır. Amma ölkədə hər il iş yerlərinin
məhdudlaşdırılması prosesi müşahidə olunur. Hətta mütəxəsislər belə iş
yerlərini itirirlər. Ona görə düşünürəm ki, yaşayış xərclərinin artdığı
halda bu iş yerlərini itirənlərin sosial durumlarının pisləşməsinə səbəb
ola bilər.(azadlıq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=8937