Şeyxin şirkəti haramla halalı qarışdırır

29.06.2014 - 00:22

Allahşükür Paşazadənin çətiri
altında olan “Best Beef” firmasının kolbasaya donuz piyi qatması rəsmən
təsdiqlənib; Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsinin “halal” qadağası spekulyasiya ilə məşğul olan şirkətləri pis
vəziyyətdə qoyub

Bakıda kolbasa və sosislərin istehsalı ilə məşğul olan “Best Beef”
firmasının qanuna zidd əməlləri haqda məlumatlar yayılıb. Firmanın
adının çəkilməsini istəməyən sabiq işçisinin məlumatına görə, Malik və
Ehtiram adlı qardaşlara məxsus olan bu firmanın işində “halal”
qadağasından sonra ciddi problemlər yaranmağa başlayıb.
Azinform.az saytının araşdırmalarına görə, hazırda AZS 731-2012
standartları əsasında sertifikatlaşdırılmayan, lakin məhsulun üzərində
“halal” sözündən istifadə edən müəssisələr barədə qanunvericiliyin
tələblərinə uyğun olaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət Komitəsi ciddi sanksiyalara  başlayıb.  Komitə yanında Texniki
Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti “halal”
standartı ilə spekulyasiya edən  fimaları cəzalandırmaq niyyətindədir.
Bu səbəbdən də “Best Beef” vəziyyətdən çıxış yolu axtarmağa başlayıb.
Hazırda “Halal qida, ümumi tələblər” dövlət standartına uyğunluğu
təsdiq edən sertifikatı alan müəssisələrin məhsullarının üzərində
“halal” sözündən istifadə etmək hüququ üçün Komitə tərəfindən əmtəə
nişanı təsdiq edilib. Üzərində “AZS Milli Sertifikatlaşdırma Sistemi.
Halal” yazılmış nişanından yalnız sertifikat almış təsərrüfat
subyektləri istifadə edə bilirlər.
Hazırda “halal” sertifikatı “Hakan Foods” müəssisəsinin “Kral” və
“Yeni dad” nişanlı məhsullarına, “Səhliyalı” kiçik müəssisəsi “Min
bərəkət, halal nemət” nişanlı məhsuluna, “MT” MMC-nn “Hacı Turqay”
nişanlı məhsuluna və “Zəhmət Ruzi” MMC-nin “SAB” nişanlı məhsuluna
verilib. Bu sıraya “Best Beef” də qoşulmaqda iddialıdır. Ancaq bu iddia
müəssisənin texniki imkanları ilə uzlaşmır.
Bir müddət öncə Bakıda “Best Beef” kolbasalarını saxtalaşdıran və
“Halal” sosislərin tərkibinə donuz piyi vuran istehsalçı aşkarlanmışdı.
İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumatda bildirilirdi ki,
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət
Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, Əhmədli prospekti, 2245-ci
məhəllədə yerləşən fiziki şəxs Tahirov Malik Ağaşirin oğluna məxsus
istehsalat sahəsində aparılan yoxlama zamanı kolbasa və sosislərin
istehsalında bir sıra qanun pozuntuları aşkar edilmişdir. Belə ki,
normativ-texniki sənədlərin tələblərinə əsasən halal məhsulların
istehsalında istifadə olunan avadanlıqlar, vasitələr və istehsal xətləri
yalnız halal qida üçün istifadə oluna bilər. 
Lakin yoxlama zamanı müəssisədə “Ocaq” və “İveriya” adlı “Halal”
sosislərin tərkibində donuz piyi olan məhsulların istehsalında istifadə
edilmiş avadanlıqlarda istehsal olunduğu müəyyən edilmişdir. Bundan
başqa, istehsal olunan məhsulların markalanmasında digər təsərrüfat
subyektinə məxsus “Best Beef” əmtəə nişanından qanunsuz istifadə
edildiyi müəyyən olunmuşdur. 
Eyni zamanda, məhsulların istehsalında camış ətindən istifadə
edildiyi halda, etiketlərdə bu barədə məlumat verilmədiyi, məhsulun
tərkibi, saxlanma şəraiti, enerji və qida dəyəri barədə düzgün olmayan
məlumatlar verildiyi, habelə kolbasa və sosislərin
texnoloji təlimat olmadan istehsal olunduğu aşkar edilmişdir.  Ancaq
bundan sonra da “Best Beef”-in fəaliyyətinə qadağa qoyulmadı,
“gözəgörünməz əl” onu xilas etdi.
“Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, “Best Beef” firmasını
uzun müddət Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükr Paşazadə
himayə edib. Ancaq Standartlaşdırma, Metrologiya, Patent üzrə Dövlət
Komitəsinin sədri Ramiz Həsənov “Halal” standartına əl qoyduqdan sonra
vəziyyət dəyişib. R.Həsənov Şeyxin çətiri altında olan şirkətləri təqib
etməyə başladı. Son vaxtlara qədər “Halal” qarantiyasını Şeyxin idarəsi
verirdi. Ancaq R.Həsənov bu funksiyasını Şeyxdən aldı və onun
himayəsində olan şirkətləri bazardan çıxartmağa başladı. “Best Beef” də
bu firmalardan biri idi. Təbii ki, şeyx himayə etdiyi firmanın bazarda
qalmasına çalışır. Ancaq qarşı tərəf  məsələnin texniki baxımdan
həllində israrlıdır – yəni “halal” standartına tam əməl edilməsini tələb
edir.
Qafqaz Müsəlmanları İdarəsi və “Best Beef” firmasının mövqeyini dərc etməyə hazırıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=8955

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31