Mətbuata dəstəyin pərdəarxası

KIVDF növbəti dəfə mətbuata “dəstək” verdi və 33 qəzetə 1 milyon 235
min manat pul ayrıldı. Bütün parametrlər üzrə dövlətdən yardım almağı
haqq edən “Azadlıq” qəzeti isə layihədən kənarda qaldı. Ötən yazımızda
da qeyd etmişdik ki, “Azadlıq” qəzeti hakimiyyətin düşmənləri
siyahısındadır və yalana, yaltaqlığa, ədalətsizliyə qarşı mübarizə
apardığı üçün hədəf seçilib. Elə buna görə də ictmai rəyə təsir imkanı
olmayan, hakimiyyətin tapşırıqlarına əməl edən, məcburi abunə hesabına
yaşayan qəzetlər KIVDF-nin sevimlisinə çevrilib. Ümumiyyətlə, 1 miyon
235 min manat kimlərə və hansı qəzetlərə verilib.
KIVDF-nin Əli Həsənova qayğısı
Maliyyə yardımı ayrılan qəzetlərin siyahısına nəzər salanda Əli
Həsənovu xatırlamamaq mümkün deyil . Sanki, KIVDF Əli Həsənova maddi
yardım göstərmək üçün təsis olunub.
Belə ki, Əli Həsənova məxsus “Kaspi” qəzeti 60000 manat, “Palitra”
qəzeti 60000 manat, “Kaspiy” qəzeti 40000 manat, “Mövqe” qəzeti 60000
manat, “Azad Azərbaycan” qəzeti 40000 manat, “Futbol+ Qol” qəzeti 40000
manat, “Olaylar” qəzeti 60000 manat (Baş redaktor Əli Həsənovun
qohumudur) maliyyə yardımı alıb. Ümumilikdə Əli Həsənovun nəzarətində
olan qəzetlərə 360000 manat maliyyə yardımı ayrılıb. Bu isə KIVDF-nin
mətbuata ayırdığı ümumi məbləğin 3 də 1 hissəsi deməkdir. Təbii ki, bu
qəzetlər hakimiyyətin maraqlarına uyğun fəaliyyət göstərir və heç bir
tənqidi məqam bu mətbuat orqanlarında yer ala bilməz. Görünür, Əli
Həsənov “alın təri”nin bir hissəsini KIVDF-də axıdır və qəzetləri
ağuşuna aldığı üçün qürur hissi keçirir.
“Yeni Azərbaycan” və “Səs” qəzeti həmişə məclisin başındadır
KIVDF-nin mətbuat sevgisi Əli Həsənovun qəzetləri ilə yekunlaşsaydı
dərdimiz olmazdı. Həmişəki kimi “Yeni Azərbaycan” və “Səs” qəzeti yüksək
səviyyəli fəaliyyətlərinə görə hərəsi 60000 manat maliyyə yardımı alıb.
Bildiyiniz kimi bu qəzetlərin hər ikisi YAP-ın orqanıdır və şər-böhtan
istehsalı ilə məşğul olurlar. Qeyd edək ki, bu qəzetlər məcburi abunə
hesabına maliyyələşir və dövlət sektorunda çalışanlar hər ay
oxumadıqları qəzetlərə görə pul ödəyirlər. Adı çəkilən qəzetlərin
elektron variantları da fəaliyyət göstərir və yerləşdirilmiş
materialların oxunma sayı da göstərir ki, hətta YAP-çılar bu qəzetləri
oxumur. Əks halda 620000 üzvü olan partiyanın qəzetini ən azı 620 nəfər
oxumalıydı. Bir sözlə KIVDF-nin maliyyəsinin 120000 manatı da YAP-a
hədiyyə edilib.
Jurnalistlərin tanımadığı qəzetlər
Bəzən elə təəssürat yaranır ki, KIVDF qəzetləri yox, qəzetə oxşamaq
istəyən qurumları maliyyələşdirməklə məşğuldur. Çünki, siyahıda elə
adlar var ki, uzun illər jurnalist təcrübəsi olanlar da bu qəzetlərin
varlığından xəbərsizdilər. Məsələn, “Olimpiya Dünyası”, “Hərbi and”,
“Təhsil problemləri”, “The Business Times” kimi qəzetlər ümumilikdə
47000 manat maliyyə yardımı alıb və bu qəzetlərin nə yazdığı, necə
yazdığı haqda böyük auditoriya xəbərsizdi. Demək olar ki, bu qəzetlərin
varlığını bizə KIVDF xatırladır. Ümumiyyətlə, KIVDF çox inadkar
qurumdur. Heç kimin tanımadığı, oxumadığı qəzetləri maliyyələşdirməkdə
israrlıdır və mətbuata yeni “nəfəs” verməyi qarşısına məqsəd qoyub.
Mətbuata əyləncəli dəstək
Bəzən KIVDF-nin maliyyələşdirdiyi qəzetlərə nəzər salanda,
“Azadlıq”ın bu siyahıda olmaması adamı sevindirir. Təsəvvür edin ki,
ölkə həqiqətlərindən yazan, dünyada baş verənləri analiz edən,
insanların problemlərinə işıq salan “Azadlıq” qəzeti maliyyədən məhrum
edilir, əvəzində isə “Oxu məni” qəzeti 20000 manat yardım alır. KIVDF o
qədər ciddi qurumdur ki, əyləncəli qəzetlər yardım ayırmağı da unutmur.
Görəsən, “Oxu məni” qəzeti qəzetçiliyə hansı töhfələri verib? Bəlkə,
müğənninin ərə getməsi, çılpaq gəzməsi, uydurulmuş sevgi hekayələri
mətbuat üçün çox önəmlidir?
Başqa vaxt hökumətin başında oturanlar televiziyalardakı şou
verilişlərini tənqid edirlər, bayağılığa qarşı olduqlarını bildirirlər.
Mətbuata yardıma gələndə isə, bu tipli qəzetlər önə çəkilir.
KIVDF – Hakimiyyətə xidmət edən fond
Real mənzərə onu göstərir ki, “Azərbaycan analoqsuz inkişaf edir”,
“Yoxsulluğun kökü kəsilib”, “Ölkədə işsizlik problemi həll olunub”,
“Təhsilimiz və səhiyyəmiz dünya standartlarına cavab verir” tipli
məlumatlarla zəngin olan qəzetlərin KIVDF-dən maliyyələşmə ehtimalı
böyükdür. Hətta, “Filan müğənni ikinci dəfə ərə getdi”, “Filan aktyor
təzə avtomobil aldı” kimi məlumatlar yayan qəzetlər də, KIVDF-nin
saqqızını oğurlaya bilər.
Bir sözlə hakimiyyəti tərifləməlisən, yaltaqlığı təbliğ etməlisən,
korrupsiya ilə mübarizənin uğurlarından, prezidentimizin qətiyyətindən
danışmalısan. Əks halda “Azadlıq” qəzeti kimi manata möhtac qalacaqsan.
Çünki, KIVDF abreviaturası- Kütləvi Informasiya Vasitələrinə Dəstək
Fondu mənasını versə də, həqiqətdə Kütləvi Şəkildə Hakimiyyəti
Tərifləyənlərə Dəstək Fondudur.
Əslində, hakimiyyət bir daha etiraf etdi ki, bu ölkədə azad sözün
yeganə qalası “Azadlıq” qəzetidir və hakimiyyət azad mətbuatın
düşmənidir.
Short URL: http://www.cumhuriyyet.net/?p=8995