Səlim Müslümovdan iddialı bəyanat

01.07.2014 - 10:07

Bu nazirliyin qapısından 5 quruş rüşvət girməyəcək

Nemət Əliyev: “Səlim Müslümovun fikirləri qeyri-real görünür və hər gün vətəndaşlar şəxsi təcrübədə rüşvətin şahidi olurlar”

Cumhuriyyet.az modern.az-a saytına istinadən məlumat verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi
naziri Səlim Müslümov işçilərinə xəbərdarlıq edib və rüşvətə qarşı
amansız olacağını bildirib: “Söz vermişəm ki, bu nazirliyin qapısından
beş quruş da içəri rüşvət girməyəcək. Işçilərimə də bu barədə qəti
tapşırıq vermişəm. Bildirmişəm ki, kim vətəndaşlardan rüşvət alsa, işdən
çıxarılacaq. Bəzən əlilliyin təyin olunması ilə bağlı şikayətlər gəlir.
Ötən şənbə günü mən bu zalda Tibbi Sosial Ekspert Komissiyalarının
(TSEK) rəhbərləri ilə görüşdə təkrar onlara bu barədə xəbərdarlıq
etdim”.

Nazir bildirib ki, bərbərxanada olarkən ona bildiriblər ki, bir nəfər
əlilliyin təyin olunması ilə bağlı get-gələ salınır. Düzdür, məmur
birbaşa rüşvət istəməsə də dolayı yolla, vətəndaşı get-gələ salmaqla,
süründürməçilik yolu ilə rüşvət istəyib. 

S.Müslümov TSEK rəhbərlərinə nazirliyə dəvət olmadan gəlməyin də
qadağan edildiyini söyləyib: “Mən zaldan hamını çıxarıb onlarla təkbətək
söhbət etdim. Soruşdum ki, bəlkə kimsə bu nazirlikdən sizdən rüşvət
istəyir? Cavabları belə oldu ki, əvvəllər istəyirdilər, amma siz bura
nazir təyin olunduqdan sonra belə bir hal olmayıb”.

Demək olar ki, əhali arasında ən çox narazılıq məhz ƏƏSMN-lə
bağlıdır. Belə ki, ünvanlı sosial yardım alanlar, əlillik dərəcəsi almaq
istəyənlər süründürməçiliyin qurbanı olur və rüşvət verməyə məcbur
olurlar. Heç kimə sirr deyil ki, ünvanlı sosial yardımın 6 ayı
vətəndaşdan rüşvət kimi alınır. Yaxud əlillik dərəcəsini almaq üçün
müəyyən məbləğ tələb olunur. 

Hətta Səlim Müslümov nazir təyin olunan zaman etiraf etmişdi ki, bu
sahədə neqativ hallar, korrupsiya faktları var.  Deyilənə görə, yeni
nazir təyin olunduqdan sonra bu sahədə müəyyən islahatlar aparılıb.
Ancaq rüşvətin kökünün tamam kəsilməsi, tam şəffaflığın təmin olunmasını
demək çətindir.

Azərbaycandakı real vəziyyəti nəzərə alsaq, Səlim Müslümovun “Söz
vermişəm ki, bu nazirliyin qapısından beş quruş da içəri rüşvət
girməyəcək” vədi real görünmür və nazir çox iddialı danışıb.

Iqtisadçı ekspert Nemət Əliyev hesab edir ki, Səlim
Müslümovun fikirləri reallıqdan uzaqdır və tabeliyində olan adamlar da
bu sözləri gülüşlə qarşılayır: “Hansı dövlət qurumunun rəhbəri etiraf
edər ki, bizim nazirlikdə rüşvət, korrupsiya, qeyri-şəffaflıq var? Belə
bir nümunə yoxdur. Ancaq sadə vətəndaşdan, beynəlxalq təşkilatlara qədər
hər kəs bilir ki, Azərbaycanda bütün sahələr korrupsiyalaşıb və bunu
inkar etmək mümkün deyil. Çünki ölkə vətəndaşları hər gün ölkədə baş
verənləri sınaqdan çıxarır və şəxsi təcrübədə real vəziyyəti görə bilir.
Məsələn, əlillik dərəcəsi almaq istəyən vətəndaş tibbi komissiyadan
keçməlidir və komissiyanın nəticəsinə görə dərəcə almalıdır. Ancaq
Azərbaycan reallığında həmin vətəndaşın başına o qədər müsibətlər
gətirirlər ki, insan intihar həddinə çatır. Yaxud əlillik dərəcəsi
almağa haqqı olmayan adam, müəyyən rüşvət qarşılığında istədiyi dərəcəni
ala bilir. Ünvanlı sosial yardım alanların statistikası aparılsa məlum
olar ki, bu prosesdə külli miqdarda rüşvət alınıb. Ona görə də Səlim
Müslümovun fikirləri qeyri-realdı və baş verənlərlə ziddiyyət təşkil
edir. Sadəcə olaraq ictimaiyyətin gözünə kül üfürülür”.

Short URL: http://www.cumhuriyyet.net/?p=9046

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31