Suriya və İraqdakı hadisələrin Türkiyəyə sıçrama ehtimalı var
“Ankaranın İraq siyasəti hər zaman problemli olub…”
Orxan Qafarlı: “Ankaranın İraq siyasəti hər zaman problemli olub…”
Son
günlərin əsas mövzusu İraqda baş verənlər və bu olayların ehtimali
nəticələri ilə bağlıdır. Radikal islamçıların artıq dövlət elan etməsi
və İraq ərazisində faktiki sərt qadağalar tətbiq etməsi bu ölkədə
yaşayan yüz minlərlə türkmənin həyatı üçün təhlükə yaradır.
İraqla
qonşu olan Türkiyə də bu ölkədə baş verənlərdən “öz payını” alıb – İŞİD
Türkiyənin 40 diplomatını, ümumilikdə isə 80 vətəndaşını girov götürüb.
Türkiyə hökumətinin həm girovluqdakı vətəndaşları, həm də türkmən əhali
ilə bağlı konkret addımlar atmaması Ankaraya qarşı ittihamlara səbəb
olub. Maraqlıdır ki, Türkiyə hakim AKP-nin sədr müavini, deputat Hüseyn
Çelik bildirib ki, İraq bölünəcəyi və yeni kürd dövləti yaranacağı
təqdirdə Ankara kürdləri dəstəkləyəcək.
Siyasi
şərhçi, Bilgesam Araşdırmalar Mərkəzinin eksperti Orxan Qafarlının
fikrincə, Türkiyənin İraq siyasəti hər zaman problemli olub: “İraqda
Səddam Hüseyn devrildikdən sonra Türkiyə İraq siyasətini sünni ərəb və
türkmənlər üzərindən reallaşdırırdı. Bu siyasət o qədər uğurlu olmadı.
Daha sonra Ankara kürd açılımı ilə birlikdə Şimali İraqda Bərzani
hökuməti ilə münasibətlərini düzəltməyə başladı. ABŞ-ın İraqı tərk
etməsindən sonra Türkiyə Şimali İraq kürd hakimiyyətinin qorunub
saxlanılmasının qarantı olan ölkəyə çevrildi”.
O.Qafarlı
deyir ki, Türkiyənin ərəb sünni və türkmən, eləcə də kürdlərə
hesablanmış siyasəti mərkəzi şiə hökumətini İranla daha da
yaxınlaşdırdı. Bu gün isə elə duruma gəlinib ki, İraqda məzhəbi və etnik
zəmində qütbləşmə dərinləşib deyən ekspertin fikrincə, baş verənlərin
Türkiyəyə sıçraması təhlükəsi var: “Əlbəttə, Türkiyə sünni qruplarla
yanaşı İraqdakı radikal sələfi qruplarla da aktiv şəkildə işləyirdi.
İraqda ağırlaşan iqtisadi və siyasi vəziyyətin fonunda bu qruplar daha
da fəallaşdılar və gənclər arasında tərəfdarlarının sayını artırdılar.
Türkiyənin İraq siyasətini anlamaq üçün Suriya məsələsinə də baxmaq
lazımdır. Ankaranın Suriya siyasətinin nəticə verməməsi “ən-Nusra” və
digər müxalif qruplarla ortaq siyasəti formalaşdıra bilməməsi son
nəticədə həm İraqda, həm də Suriyada İŞİD qruplaşmasının qısa zamanda
tərəfdarlarının sayını artırmasına səbəb oldu. Və bu gün artıq Suriya və
İraqda baş verənlərin Türkiyəyə də sıçrama təhlükəsi var”.
Ekspertin
fikrincə, Türkiyənin Suriya və İraqda uğursuzluğa düçar olması iki
amillə bağlıdır. Bunlardan birincisi qlobal siyasətdə baş verən
dəyişiklikdir, ikinci mühüm amil isə Türkiyənin proseslərə hazırlıqsız
olmasıdır: “ABŞ-ın artıq dünyada əvvəlki kimi hegemonluğu yoxdur. ABŞ
artıq Yaxın Şərqə nəzarəti itirməkdədir. Bunun qarşısını almaq üçün o,
bölgədə idarə edilən xaos üzərindən nəzarətini davam etdirməyə çalışır.
Türkiyə isə ABŞ-ın siyasətinə qoşulmayaraq, müstəqil xətt yürütmək
istəyir.
İkinci mühüm amil isə Türkiyənin
müstəqil siyasət yürütmək istəyinə rəğmən bunun üçün yetərli gücünün
olmamasıdır. Məsələn, Türkiyə Yaxın Şərqdə enerji ehtiyatları olmayan
yeganə gücdür və eyni zamanda neft-qaza ən çox ehtiyacı olan
ölkələrdəndir”.
O.Qafarlının fikrincə, Mosulda Türkiyə
konsulluğunun girov götürülməsi Türkiyənin əl-qolunu bağlamağa
hesablanmış addım olub. Bəs Türkiyə İraqın bölünməsinin
tərəfdarıdırmı?
O. Qafarlı: “Türkiyə hökuməti
bəyan edib ki, Ankara İraqın bütöv qalmasını istəyir. Eyni zamanda AKP
sədrinin müavini, deputat Hüseyn Çəlik bildirib ki, İraq bölünəcəksə, o
zaman Türkiyə Şimali İraq Kürd hakimiyyəti ilə yaxın münasibətlər
quracaq. Yaxın Şərq regionunda kürd dövlətinin yaranması bu prosesin
qısa samanda Türkiyənin özünə sıçraması ehtimalını gətirir. Əgər Türkiyə
kürd dövlətinə sahib çıxacaqsa, o zaman öz ölkəsində bənzər istəklərin
ortaya çıxdığı halda bunun qarşısını necə alacaqları ilə bağlı planları
olmalıdır. Onu da unutmaq lazım deyil ki, əgər İraq parçalanacaq və kürd
dövləti yaranacaqsa, o zaman kürdlərlə əlaqə quran Türkiyə ilə İraqın
sünni ərəb liderləri ilə münasibətləri pozulacaq. Çünki sünni ərəblər də
İraq dövlətinə sahib olmaq istəyir, ölkənin bölünməsinə qarşıdırlar.
Sünni ərəblərlə münasibətlər tam pozulacağı təqdirdə İŞİD formatında
qruplaşmaların yenidən önə çıxması təhlükəsi də artır. Ankara tərəfindən
kürd dövlətinin tanınması sünni ərəblərlə münasibətlərin pozulması və
Türkiyədə kürdlərin hərəkətlənməsini daha da sürətləndirəcək”.(muysavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=9048